Strateji yol xəritələri... İqtisadiyyat

Strateji yol xəritələri...

Arzu Nağıyev: "Fərman mühüm əhəmiyyətə malikdir"

Asim Mollazadə: "Azərbaycan iqtisadiyyatının qısa müddətdə daha da sürətli inkişafını təmin edəcək"

Tahir Mirkişili: "Bu strategiya 2020-2025 və 2025-ci ildən sonrakı müddəti əhatə edir"

Kamran Nəbizadə: "Qeyri-neft sektorunun inkişafı prioritet xarakter daşıyır"

Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman imzaladı. Fərmanda iqtisadiyyatın bir çox sahələrinin müasir tələblərə və iqtisadi çağırışlara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur.
Ekspert Arzu Nağıyev deyib ki, "Azərbaycan Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" imzaladığı Fərman mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, fərmanla 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.
A.Nağıyev əlavə edib ki, əsas məqsəd əldə olunan nailiyyətləri saxlamaqla onları inkişaf etdirməkdən ibarətdir: "2016-2020-ci illəri əhatə edən və gələcəkdə 2025-ci ilədək hazırlanacaq planlar əsas hədəf kimi nəzərə alınıb.Bir sözlə artıq gələcəyimiz üçün dəqiq bir strateji plan mövcuddur. Əsas məqam məhz Azərbaycan vətəndaşının sosial-iqtisadi həyatının, rifahının daha da yüksək olmasıdır. Bütün bunları yerinə yetirmək üçün təbii ki, neft və qaz sektorunun inkişafı ilə yanaşı, kənd təsərrüfatının da inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta biznesin inkişafı, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşlılaşdırılması vacib məsələ kimi fərmanda öz əksini tapıb".
Millət vəkili Asim Mollazadə deyib ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun sürətlə inkişafına şərait yaradacaq. O qeyd edib ki, strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının qısa müddətdə daha da sürətli inkişafını təmin edəcək: "Strateji yol xəritələri sənayə, kənd təsərüffatı, yeni texnologiyaların istifadəsi və digər mühüm sahələrin sürətli şəkildə tərəqqisinə şərait yaradacaq. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkə iqtisadiyyatına yeni nəfəs verəcək, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili "artıq bir müddətdir ki, Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə iqtisadi islahatlar keçirilir. Çox sevindirici haldır ki, bu islahatları orta, uzun müddəti əhatə edəcək bir strategiya təsdiq olunub. "Azərbaycan Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman"ı Bu strategiya 2020-2025 və 2025-ci ildən sonrakı müddəti əhatə edir", - deyə bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda tamamilə yeni strategiya formalaşdırılır: "Ölkə prezidenti tərəfindən iqtisadi artımın alternativ mənbələri formalaşdırılıb. Bunlar bildiyiniz kimi, qeyri-neft sənayesi, kənd təsərrüfatı və valyuta gətirən xidmətlərdir. Əsas məqsəd Azərbaycanın uzun müddət dayanıqlı inkişafını təmin etmək büdcə gəlirlərini və kəsilərini eyni zamanda büdcə xərclərini maliyyələşdirmək üçün qeyri-neft sektorunun daha da inkişafı və bu sahənin ölkədə prioritet sahə təşkil etməsidir. Məhz bu baxımdan ölkə başçısı tərəfindən təsdiq edilən strategiyada 11 istiqamətin müəyyənləşməsi çox önəmli və mühüm hadisələrdən biridir. 11 istiqamət təkcə iqtisadiyyat deyil, eyni zamanda təhsil və sosial təminat sahələrini əhatə edir. Bu da o deməkdir ki, Azərbaycanın iqtisadi və sosial inkişafı kompleks halında bir sənəddə cəmləşdirilib".
T. Mirkişili qeyd edib ki, ölkə başçısı tərəfindən təsdiqlənən sənəd ölkəmizi gələcək risklərdən qoruyacaq: "Əsas məqsəd ölkəmizin uzun müddətli dayanıqlı inkişafını təmin etməkdir. Dayanıqlı inkişaf dedikdə ölkəni kənar risklərdən qorumaq, neft iqtisadiyyatında baş verən təlatümlərin Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq nəzərdə tutulur. Bu təsirlərdən tamamilə qorunmaq mümkün deyil. Çünki Azərbaycanda dünya iqtisadiyyatının bir hissəsidir. Lakin hökumətin çalışdığı və həyata keçirilən iqtisadi proqramların əsas məqsədi bu təsirlərin, təlatümlərin ölkə cəmiyyətinə və milli iqtisadiyyatımıza təsirini tamamilə azaltmaqdır. Burada iki istiqamət var. Birincisi qeyri-neft sektoru, emal sənayesininin inkişafı, ikincisi əhalinin sosial təminatını gücləndirməkdir. Hər iki istiqamət ölkə başçısının həyata keçirdiyi siyasətin əsas prioritet istiqamətidir".
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib ki, strateji yol xəritələri əsasən Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyənləşməsinə yönəlib. Onun sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatının gələcək illərdə inkişaf proqramıdır: "Qeyri-neft sektorunun inkişafı prioritet xarakter daşıyır. Hazırda 2017-ci ilin büdcəsi müzakirə olunur. Müzakirələrdə də vurğulanıb ki, qeyri-neft sektorunun inkişafında gəlirlərin artırılması nəzərdə tutulub. Hesab edirəm ki, bu çox mühüm məsələdir. Strateji yol xəritələri ilə bağlı imzalanan fərmana görə iqtisadiyyatın bütün sahələr üzrə inkişafı üçün addımlar atılmalıdır".
K.Nəbizadə bildirib ki, bu istiqamətdə atılan addımlar dünyada iqtisadi böhranının baş verdiyi vaxtlarda Azərbaycanın iqtisadi inkişafına təkan verəcək: "2016-cı ildə də bu sahədə işlər görülüb. Kənd təsərrüfatında, informasiya texnologiyaları və tikinti sahələrində də addımlar atılıb. Bu tədbirlərin nəticəsini yaxın zamanda görəcəyik".
Millət vəkili Məlahət İbrahimqızı diqqətə çatdırəıb ki, Prezident İlham Əliyev hakimiyyətə gələndən hər zaman müxtəlif sahələrin inkişafı üçün uzaq hədəflərə yönələn strateji proqramlar, sənədlər imzalayıb: "Dövlət başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman"ı da bu sənədlərin məntiqi davamıdır". O qeyd edib ki, Prezident İlham Əliyevin müxtəlif sahələrin inkişafı istiqamətində imzaladığı Dövlət Proqramları uğurlu nəticələri ilə Azərbaycanın sürətli inkişafını təmin edib: "Cənab Prezident çıxışı zamanı bildirib ki, ölkəmizdə həyata keçirilən hər siyasətin arxasında müəyyən hədəf və məqsədlər var. Məqsədlərimizə çatmaq üçün qarşımızda mərhələli, ardıcıl, davamlı siyasət və strategiya dayanır. Dövlət başçımızın bu günə qədər bütün sahələrdə uzaq hədəflərə yönələn böyük siyasi qərarları yalnız Azərbaycan xalqının rifahına və ölkəmizin inkişafına yönəlib. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, gənclər, səhiyyə, təhsil, enerji, idman, mədəniyyət və digər bir çox sahələrin sürətli inkişafı üçün Dövlət Proqramları qəbul olunub. Strateji yol xəritəsi Azərbaycanın inkişafına yönələn uğurlu addımların davamıdır. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının davamlı və sürətli inkişafını təmin edəcək. Cənab Prezidentin imzaladığı sənədlər bu gün dünyada gedən proseslər və qloballaşma fonunda baş verən hadisələrlə balansı təmin edir".