“Hər atəşkəs pozuldu iddiasının qarşılığında humanitar yardımların kəsilməsi doğru addım deyil” Gündəm

“Hər atəşkəs pozuldu iddiasının qarşılığında humanitar yardımların kəsilməsi doğru addım deyil”

“Yaxın Şərqdə sülhlər kövrəkdir. Qəzza bölgəsindəki sülh isə daha kövrəkdir. Çünki Qəzzada asimmetrik müharibə aparılırdı. Yəni bir tərəf HƏMAS, bir tərəf İsrail idi. Ona görə də belə asimmetrik müharibələrdə atəşkəsin pozulması halları, ümumiyyətlə, sülhün kövrəkliyi tez-tez rast gəlinən haldır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib.

K.Kazımovun sözlərinə görə, İsrail elan edib ki, HƏMAS atəşkəsi pozub, lakin HƏMAS-ın da iddiaları tam əksinədir: “Onlar da bildiriblər ki, İsrail atəşkəsi pozub, bəhanə edib. Hətta keçdiyimiz günlərdə onlar 5 fələstinli mülki şəxsin İsrail qüvvələri tərəfindən öldürüldüyünü elan etdilər. Belə olan təqdirdə tərəflərin qarşılıqlı ittihamları əsasdır”.

O vurğulayıb ki, hər atəşkəs pozuldu iddiasının qarşılığında humanitar yardımların kəsilməsi doğru addım deyil: “Bu gün Qəzzada dramatik vəziyyət var. Onminlərlə, yüzminlərlə insan ətrafdan gələcək humanitar yardımlara möhtacdır. Çünki çox ciddi qıtlıq var, əhali aclıq çəkir, yaralılar, xəstələr çoxdur. Qəzzada bütün infrastruktur darmadağın edilib. Onun üçün də hesab edirəm ki, hər bəhanə ilə humanitar yardımı kəsmək sülhə olan ümidləri bir az da azaldır. Ümid edirik ki, bundan sonra belə bəhanələr olmaz, tərəflər atəşkəs rejiminə riayət edərlər və bu, ən azından Qəzzada humanitar vəziyyətin düzəlməsinə qədər davam edər”.

Röya İsrafilova