Kredit bürolarının fəaliyyəti Azərbaycanın reytinqini yüksəldəcək İqtisadiyyat

Kredit bürolarının fəaliyyəti Azərbaycanın reytinqini yüksəldəcək

Kredit bürolarının fəaliyyəti Azərbaycanın beynəlxalq reytinqini yüksəldəcək. Bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə "Kredit büroları haqqında Azərbaycan Respublikası Qanunu"nu şərh edərkən bildirib. Kredit bürolarının beynəlxalq təcrübədə geniş yayıldığı və kredit əməliyyatlarının artmasına təsiri barədə danışan N.Hacızadə deyib: "İnkişaf etmiş ölkələrdə və bir sıra MDB ölkələrində tətbiq olunan kredit büroları birbaşa xarici investisiya axını üçün ciddi zəmin yaradır. İlk növbədə, kredit büroları sahibkarlıq subyektlərindən maliyyə hesabatları tələb edir ki, bu da sahibkarlarda korporativ idarəçilik və korporativ sosial məsuliyyətin tətbiqinə şərait yaradır, həmçinin kredit təşkilatı üçün kredit vermədə risklərin azalması ilə nəticələnir. Xüsusilə, beynəlxalq hesabatlarda xüsusi diqqət yetirilən sahə olan kredit büroları Yeni Zelandiya, Sinqapur, İsveçrə və Danimarka təcrübəsində geniş yayılıb. MDB ölkələrində də son illər fəaliyyətə başlayan kredit bürolarının əksəriyyətinin hüquqi bazası olmadığı halda belə, fəaliyyəti müşahidə olunmaqdadır".
Ekspert vurğulayıb ki, "Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu" və ilk özəl kredit bürosunun yaradılması sahibkarlıq mühitinin maliyyə resurslarına daha asan çıxışını ehtiva edir. Qarşıdakı dövrlərdə kredit bürolarının yaradılması ölkədə son iki ildə bank sektorunun sağlamlaşdırılması istiqamətində aparılan islahatlara, o cümlədən kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsinə töhfəsini verəcək.
N.Hacızadə bu istiqamətdə islahatların davam etdiyini və kredit bürolarının ölkənin beynəlxalq reytinqlərdə, xüsusilə "Doing Business" reytinqində mövqeyinin daha da yaxşılaşdırılmasına kömək edəcəyini bildirib. Qeyd edib ki, "Doing Business" hesabatının vacib indikatorlarından sayılan kreditə əlçatanlıq göstəricisi üzrə Azərbaycan əvvəlki illərin reytinqinə nisbətən irəliləyib. Buna baxmayaraq, hazırkı mövqenin daha da yaxşılaşdırılması istiqamətində iş aparılır. Belə ki, 2016-cı ilin dekabrında qəbul edilən "Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu" ilə "Doing Business"in kredit informasiya indeksinin balı 100 faiz həcmində qiymətləndirəcək. Bu indeksin tələblərinə əsasən, kredit büroları təkcə maliyyə institutlarının deyil, o cümlədən kommunal və pərakəndə satış şirkətlərinin də fəaliyyətini tənzimləyəcək. Əlavə olaraq qeyd etmək lazımdır ki, ölkəmizin kreditə əlçatanlıq indikatoru üzrə mövqeyinin yüksəldilməsi istiqamətində daşınar əmlakın yüklülüyü ilə bağlı qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub.
Qeyd edək ki, "Kredit büroları haqqında" qanunu ölkəmizdə kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir. Qanunun qəbulundan dərhal sonra Azərbaycanda ilk özəl kredit bürosu yaradılıb.