BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib İqtisadiyyat

BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib

"Çıraq" platforması keçən il 98 faizdən çox səmərəliliklə işləyib. Bu barədə BP şirkəti məlumat yayıb. "Azəri-Çıraq-Günəşli" (AÇG) platformalarının ən yaşlısı olan "Çıraq" platforması 2018-ci ildə 98 faizdən çox səmərəliliklə işləyib", - deyə məlumatda bildirilir. Qeyd edək ki, 1997-ci ildə "Çıraq"dan ilk quyunun qazılmasına başlanılıb. Həmin il noyabrın 12-də isə "Əsrin müqaviləsi" çərçivəsində "Çıraq" platformasından neft hasil edilib.
Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ümumi neft hasilatı 3,5 milyard barrelə çatıb. Ötən ilin yanvar-sentyabr aylarında isə AÇG yataqlar blokundan hasilat 161 milyon barrel, yəni 22 milyon ton təşkil edib. Hesabat dövründə blokdan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – "Çıraq" (47 min), "Mərkəzi Azəri" (156 min), "Qərbi Azəri" (126 min), "Şərqi Azəri" (97 min), "Dərinsulu Günəşli" (105 min) və "Qərbi Çıraq" (57 min) platformalarından birlikdə gündəlik orta hesabla 588 min barrel olub.
Sentyabr ayının sonuna AÇG-də ümumilikdə 112 neft hasilat quyusu, 53 qaz və su injektor quyusu istismarda olub. Keçən ilin üç rüb ərzində blokda 5 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb. Doqquz ayda AÇG layihəsinə təqribən 367 milyon dollar əməliyyat və 825 milyon dollar isə əsaslı məsrəflər xərclənib. AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, "AzAÇG" (SOCAR) - 25 faiz, "Chevron"- 9,57 faiz, "Inpex" - 9,31 faiz, "Equinor" - 7,27 faiz, "ExxonMobil" - 6,79 faiz, "TPAO" - 5,73 faiz, "Itochu" - 3,65 faiz və "ONGC Videsh Limited" (OVL) - 2,31 faiz.
Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.