Biznes-forum keçiriləcək İqtisadiyyat

Biznes-forum keçiriləcək

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Caspian European Club" fevralın 13-də Bakıda birgə biznes-forum keçirəcək. Biznes-foruma nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sədrlik edəcək. Bu barədə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib. Onun sözlərinə görə, görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunur. Bu təşəbbüs "Caspian European Club"un sahə klublarının iclasları çərçivəsində qaldırılan məsələ və təkliflərin müzakirəsi nəticəsində irəli sürülüb: "Biznes-forumda "Caspian European Club"un şirkət rəhbərlərinin nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsinə aid məsələlər üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. Əsas diqqət İKT sahəsində həyata keçirilən islahatların nəticələrinə, yaxın illərdə inkişaf perspektivlərinə yönəldiləcək. Forum çərçivəsində, həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq".
"Qeyd edim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və şəxsən nazir Ramin Quluzadə "biznes-hakimiyyət" dialoqunda fəal iştirak edir və şirkətlərin səsləndirdikləri bütün təklif, xahişlərə operativ münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək", - deyə T.Əliyev deyib.
Biznes-forumda "Caspian European Club"un saytında (www.caspianenergy.org ) qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər. Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəal iştirakı ilə yaradılıb.