Neft məhsullarının istehsalı azalır İqtisadiyyat

Neft məhsullarının istehsalı azalır

Bu il 41,2 milyon ton neft çıxarılacaq

Tərlan

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 1,5 milyard manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 9,6% azalıb. APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yeddi ayı ərzində ölkədə 683 min ton avtomobil benzini istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,2% azdır. Nəticədə bu ilin avqustun 1-nə 66,7 min ton məhsul ehtiyatı yaranıb.
Bu il ərzində ölkədə 1 333,5 min ton dizel yanacağı istehsal olunub ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 9,8% azdır. Nəticədə bu ilin avqustun 1-nə 93 min ton məhsul ehtiyatı yaranıb. Bu il Azərbaycanda ağ neftin istehsalında da 7,9% azalma var. Belə ki, bu ilin yanvar-iyul aylarında 387,3 min ton ağ neft istehsal olunub ki, bu ilin avqustun 1-nə 42,5 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 7 ayında ölkədə neft bitumunun istehsalında da azalma var. Bu il ərzində Azərbaycanda 149,6 min ton neft bitumu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% azdır. Nəticədə avqustun 1-i vəziyyətinə 13,3 min ton hazır məhsul ehtiyatı yaranıb. Sürtgü yağlarının istehsalı isə ötən illə müqayisədə eyni qalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında 26,9 min tn sürtgü yağları istehsal olunub ki, nəticədə avqustun 1-i vəziyyətinə 11,2 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yeddi ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, bu il ərzində 101,5 min neft adıçəkilən məhsuldan istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur. Nəticədə avqustun 1-i vəziyyətinə 7,7 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il Azərbaycanda 41,2 mln. ton neft, 28,8 mlrd. kubmetr qaz hasil ediləcək. ARDNŞ üzrə işlənmədə olan yataqlarda 8,4 mln. ton neft və 7 mlrd. kubmetr qaz hasil edilməsi planlaşdırılır. "Azəri-Çıraq-Günəşli yataqları üzrə 30,6 mln. ton neft, 12,4 mlrd. kubmetr qaz hasil edilməsi nəzərdə tutulub. "Şahdəniz" yatağından isə, 2,3 mln. ton kondensat, 9,4 mlrd. kubmetr qaz hasil edilməsi gözlənilir. ARDNŞ-in hasil edilməsini planlaşdırdığı neftin 6,7 mln. tonu emala, 1,65 mln. tonu isə xarici ölkələrə ixrac ediləcək. 2014-cü ildə ARDNŞ hasil etməyi planlaşdırdığı qazın 5,3 mlrd. kubmetrini "Azərenerji"yə verəcək, 1 mlrd. kubmetrini isə Gürcüstana ixrac edəcək.
"Şahdəniz" yatağından hasil edilməsi planlaşdırılan qazın 2,1 mlrd. kub m. Azərbaycana, 6,4 mlrd. kubmetri Türkiyəyə, 700 mln. kubmetri isə Gürcüstana veriləcək. Azəri-Çıraq-Günəşli yataqlarından hasil ediləcək qazın 2,4 mlrd. kubmetri Azərbaycana, 8,6 mlrd. kubmetri isə lay təzyiqlərinin saxlanılması məqsədi ilə laylara vurulacaq.
ARDNŞ bp şirkəti ilə birlikdə Xəzər dənizinin dayaz sulu hissələrində neft axtarışlarına başlayıb. Artıq bununla bağlı ARDNŞ ilə BP arasında müqavilə imzalanıb.
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından hazırda 76 hasilat quyusundan ayda 2,8 milyon tona qədər neft, 1,2 milyard kubmetrə qədər qaz hasil olunur. Bu yataqlar işlənməyə başlayandan 335 milyon ton neft və 96 milyard kubmetr qaz hasil olunub. Artıq 15 ildir ki, Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın mənfəət nefti bazarlara çıxarılıb.
2014-cü ilin iyun ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb. 2013-cü ildə AÇG yataqlarından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu yəni təxminən 69%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. 2014-cü il iyunun 1-dək dünya bazarlarına 347 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 247 milyon ton, Bakı-Supsa boru kəməri ilə 68 milyon ton, Bakı-Novorrosiysk kəməri ilə 11,3 milyon, dəmir yolu ilə 20,3 milyon ton neft ixrac edilib.
Əsrin müqaviləsi Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan "Şahdəniz" yatağının kəşfi və "Şahdəniz" qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyada böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıtdı. Yatağın işlənməyə başlanmasından 13,5 milyon ton kondensat, 52 milyard kubmetrə yaxın qaz hasil edilib. X.Yusifzadə qeyd edib ki, 2014-cü ilin iyunun 1-dək "Şahdəniz 1" layihəsi üzrə Cənubi Qafqaz boru kəməri ilə Gürcüstana 3,92 milyard kubmetr və Türkiyəyə 28 milyard kubmetr qaz verilib.
Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi və istismarı layihəsinə bu il təxminən 2 mlrd. ABŞ dolları həcmində sərmayənin yatırılması planlaşdırılır. Builki vəsait AÇG-də 19 quyunun qazılmasına sərf olunacaq. Qeyd edək ki, keçən il AÇG-yə çəkilən əsaslı xərclər 2,8 mlrd. dollar təşkil edib. Bunun əsas hissəsi "Qərbi Çıraq" platformasının tikintisinə xərclənib. Şirkət "Qərbi Çıraq" platformasından neft hasilatına başladığını ötən ay açıqlayıb və bildirib ki, bu il platformadan orta hesabla gün ərzində 60 min barel neft hasil olunacaq.
Hər halda neft hasilatında azalma davam edir. 2010-cu ildə təkcə "Əsrin müqaviləsi" üzrə 42 milyon ton neft çıxarılmışdı. İndi isə söhbət 32 milyon tondan gedir. Məqsəd bundan sonra istehsalı sabit saxlamaq və daha da azalmaya yol verməməkdir. Hasilat azaldığından ixrac da aşağı düşür. Azərbaycanın 1994-2009-cu illər ərzində xarici şirkətlərlə imzaladığı 31 beynəlxalq neft-qaz (PSA tipli) sazişlərinin icrasına yatırılacaq sərmayələrin ümumi həcmi 60 mlrd. ABŞ dollardır. Artıq bu investisiyanın 40 mlrd. dollara yaxını neft-qaz sektoruna yatırılıb. Hazırda Azərbaycanın quru və dəniz sektorunda 61 yatağın istismar olunur. Heft hasilatı 1997-ci ildən sonra 5,5 dəfə artırılaraq 2010-cu ildə 52 milyon tona, gündəlik neft istehsalı isə rekord səviyyəyə - 1 mln. barelə çatdırılıb. Ancaq 2011-ci ildən neft hasilatı azalır.
2012-ci ildə ARDNŞ-lə bp şirkəti arasında aparılan danışıqlarda neft istehsalının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdi. Bununla bağlı proqrama əsasən, 2014-cü ildə "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı 35 milyon ton proqnozlaşdırılırdı. Amma görünür, bu, belə olmayacaq və hasilat daha az - 33 milyon ton olacaq. Hər halda 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulur.