Sabirabadda ilk dəfə Çin texnologiyası ilə pambıq əkilir İqtisadiyyat

Sabirabadda ilk dəfə Çin texnologiyası ilə pambıq əkilir

Sabirabadda ilk dəfə Çin texnologiyası əsasında pambıq səpininə başlanılıb. Bu texnologiya ilə aparılan səpin zamanı xüsusi aqreqatdan istifadə edilir. Zəngənə kəndindən olan fermer Əfras Əsgərovun sözlərinə görə, havaların əlverişli keçməsi səpin aparmaq üçün şərait yaradıb. Elə bu məqsədlə fermerlər sahələrə çıxıblar. Xüsusi karantin rejimi dövründə onların kənd daxilində təsərrüfat işləri ilə məşğul olmaları üçün hərəkətləri sərbəstdir.
Fermerlər Çin texnologiyası ilə ikicərgəli səpindən istifadə etməklə çiyid əkirlər. Əfras Əsgərov deyir ki, bu üsulla əkin aparılan zaman sahəyə düşən toxum sayı çox olur. Bu isə həm gələcəkdə bitki kolunun çox olmasına, həm də daha çox məhsul əldə etməyə imkan verir. Səpin xüsusi aqreqatla aparılır. Fermer yeni texnologiya əsasında Sabirabadda 200, Kürdəmirdə isə 30 hektar sahədə pambıq əkməyi planlaşdırır. Həmçinin ərsəyə gətirilən aqreqatla lifli və lifsiz toxumlar əkmək mümkün olduğu üçün fermerlərin işləri də asanlaşır. Hazırda qoşa cərgə səpini ilə lifli toxumlar əkilir.
Bu texnologiya ilə səpin aparılması Zəngənə kəndindən olan digər fermerlərin də marağına səbəb olub. Fermer Əfqan Abışov da Çin texnologiyası ilə 30 hektar sahədə çiyid səpini planlaşdırır. Artıq sahədə səpin işləri gedir. Sahədə lazımi aqrotexniki qaydaların yerinə yetirildiyini bildirən fermer bol məhsul əldə edəcəyinə əmin olduğunu deyir. Onu da bildirək ki, Çin texnologiyasına uyğun aparılan qoşa cərgə çiyid səpini sabirabadlı fermerin təşəbbüsü ilə əlavələr edilməklə ərsəyə gələn aqreqatla aparılır.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır. Bakı və Sumqayıt şəhərlərində yaşayan, lakin rayonlarda təsərrüfatları olan, mövsümlə əlaqədar təsərrüfatlara getməli olan vətəndaşlar isə bunun üçün Aqrar Xidmətlər Agentliyi və ya Qida Təhlükəsizliyi Agentliyindən birgə arayış əldə etməlidir.