İncəsənətdə Süni intellekt: XXI əsr rəssamının yeni palitrası Mədəniyyət

İncəsənətdə Süni intellekt: XXI əsr rəssamının yeni palitrası

Son illər süni intellekt haqqında söhbətlər təkcə texnoloji sahədə deyil, həm də incəsənət aləmində getdikcə daha çox səslənir. Rəssam öz ideyasının bir hissəsini alqoritmə etibar edərsə nə baş verər? Süni intellekt incəsənətdə yeni bir istiqamətə çevrilə bilərmi?

Bununla bağlı AZƏRTAC-a Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Şəmsəddinskaya danışıb.

– Mehriban xanım, süni intellekt vaxtilə impressionizm və kubizm kimi incəsənətdə yeni bir istiqamətə çevrilə bilərmi?

– Süni intellekt artıq sadəcə bir alət deyil, bu, yeni bir seçim imkanını ifadə edir. Lakin impressionizm və kubizm rəssamın işığa və formaya şəxsi baxışından doğmuşdusa, süni intellekt rəssamın “ikinci yaddaşı” kimi görünən sahəni genişləndirir.

Mənim üçün bu, “–izm” deyil, rəssamın müəlliflik, ideya və məsuliyyət anlayışlarını yenidən müəyyən etdiyi bir mühitdir.

Mənim “Violet”, “Mood” və “Hiss” silsilələrimdə rəng həmişə daxili gərginlik və sükutun dili olub. Əgər mən bu dilə süni intellekti qoşsam, o zaman o, rəngin nəfəsini “daha çox dinləməyə”, Azərbaycanın ornament ənənələri ilə müasir plastik formalar arasında gözlənilməz əlaqələri tapmağa kömək edər. Lakin son jest — seçmək, pauza və imtina etmək tamaşaçının öhdəsində qalır.

Ona görə də süni intellekt yeni istiqamətlər yarada bilər, amma onların dəyərini alqoritm deyil, rəssamın texnologiyanı şəxsi təcrübəyə çevirə bilmək qabiliyyəti müəyyən edəcək.

– Texnologiya ilham verir, yoxsa intuisiya və risk hissinə mane olur?

– Texnologiya yalnız risk etməyi dayandırdığın nöqtəyədək ilham verir. Mənim yaradıcılıq təcrübəmdə sadə bir qayda var: əvvəlcə materialla bədən təması (fırça, piqment, faktura), sonra analitika və məhz ondan sonra rəqəmsal eksperimentlər. “Hiss” seriyası məhz belə yaranır və burada intuisiya rəngin pıçıltısı, risk isə “qüsursuz” xətti yaşamağa buraxmaq cəsarətidir.

Süni intellekt burada provokator rolunu oynaya bilər, belə ki, o, mənim özümün ağlıma gəlməyəcək onlarla kombinasiya təklif edir. Amma elə bu səxavət üzündən seçim kəskinliyini itirmək təhlükəsi yaranır.

Ona görə də, mən süni intellektə baxış məşqi kimi baxıram, yəni ritmlərin eskizlərini, rəng “iqlimlərini”, kompozisiya variantlarını generasiya edirəm və sonra bilərəkdən “həddən artıq hamar” həllərdən qaçıram.

İntuisiya yalnız artıq olan həllərdən qorxmadan imtina etdikdə möhkəmlənir.

Texnologiya güzgü kimidir: o, həm baxışın zəifliklərini, həm də gücünü artırır. Əgər rəssamın öz daxili mənəvi gücü varsa, süni intellekt onu qeyd edəcək, əgər yoxdursa, onu əvəz etməyəcək.

– Yaradıcılıq prosesində insan və süni intellektin qarşılıqlı əlaqəsi sizin üçün nə deməkdir?

– Bu, iki sürətin dialoqudur. Maşın statistik düşünür və mümkün olanı təklif edir; insan isə yaddaş, fiziki forma, bioqrafiya ilə yaşayır və mümkünsüzü seçir.

Mənim “Still Life by MShams” layihəmdə və digər ornamental tədqiqatlarda süni intellektə böyük bir emalatxanadakı köməkçi kimi baxıram, belə ki, o, vizual arxivləri toplamağa, kompozisiyaları modelləşdirməyə, xalça motivi ilə rəssamlıqda bir fırça zərbəsi arasındakı gizli simmetriyaları üzə çıxarmağa kömək edir.

Bir art-terapevt kimi mən süni intellektdə həm də terapevtik potensial görürəm. O, sınaq və səhvlərin sahəsini təhlükəsiz genişləndirir, “ağ vərəq qorxusunu” azaldır.

Amma bir rəssam kimi özümə səhv, sükut və pauza haqqını saxlayıram, bunlar maşının “yaşamadığı” hal və hisslərdir.

İnsan və maşın arasında qarşılıqlı əlaqə mənim üçün öz səsini daha dəqiq eşitmək üsuludur, onu əvəz etmək yox. Maşın istiqaməti göstərə bilər, amma o yolla getmək mənim işimdir.