3 ayda qeyri-neft sektoru üzrə 429 milyon dollarlıq məhsul ixrac edilib İqtisadiyyat

3 ayda qeyri-neft sektoru üzrə 429 milyon dollarlıq məhsul ixrac edilib

Cari ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayına əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon dollar və ya 3,3 faiz artıb.
İlin birinci rübündə Rusiyaya 134,4 milyon, Türkiyəyə 104,4 milyon, Gürcüstana 42,9 milyon, İsveçrəyə 40,8 milyon və Çinə 12,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 16,6 faiz, Türkiyəyə 5,2 faiz, İsveçrəyə 21,1 faiz və Çinə 18,4 faiz artıb. Yanvar-mart aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (43,9 milyon dollar) birinci, pambıq mahlıcı (42,8 milyon dollar) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 36,3 milyon dollar) üçüncü olub.
Birinci rübdə meyvə-tərəvəz ixracının dəyəri 113,3 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 46,4 milyon, pambıq lifi ixracı 43,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon, şəkər ixracı 2,9 milyon dollar təşkil edib.