Putin hakimiyyətində çaxnaşma İqtisadiyyat

Putin hakimiyyətində çaxnaşma

İqtisadi böhran Rusiyada qarşıdurma yaradır

Cavid

Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı iki əsas qrupa bölünüb və öz aralarında təsir uğrunda müharibə aparır. Belə bir problemlə üzləşməsinin fərqində olmayan Putin isə son illərdə diqqətini beynəlxalq siyasətə yönəldib. Bu barədə "Bloomberg" agentliyinə Rusiya hökumətində olan mənbələr məlumat verib.
Məlumatda qeyd olunur ki, baş nazir Dmitri Medvedevin rəhbərlik etdiyi birinci qrupu Rusiyanın beynəlxalq iqtisadi və maliyyə sistemlərindən artan təcridi narahat edir. Digər qrup isə əksinə, iqtisadiyyat üzərində dövlət nəzarətinin artmasını gözləyir. İkinci qrupa "Rosneft" rəhbəri İqor Seçin və digər dövlət şirkətlərinin rəhbərləri, həmçinin xüsusi xidmət orqanlarının veteranları və Rusiya hökumətinin güc blokunun nümayəndələri, o cümlədən Sergey İvanov daxildir.
"Putinyönlü klanların arasında davam edən qarşıdurma müharibə həddinə çatıb. Elitalar azalan ehtiyatlar uğrunda mübarizə aparır", - deyə Putinin ilk prezidentlik dövründə Kreml müşaviri olan Stanislav Belkovski bildirib.
Nəşr qeyd edir ki, siyasi elita nümayəndələri arasında ziddiyyət iqtisadiyyatın düşdüyü böhranın səviyyəsinə uyğun olaraq artır. Rubl və neft minimum həddə qədər ucuzlaşıb - oktyabrın 6-da Moskva birjasında dollar son 16 ildə ilk dəfə olaraq 40 rubla qədər bahalaşıb.
Aranı daha da qızışdıran "Sistema" maliyyə şirkətinin rəhbəri Vladimir Yevtuşenkonun həbsi və ona məxsus "Başneft"i milliləşdirmək niyyəti olub.
YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski Yevtuşenkonun həbsindən sonra bəyan etdi ki, ona qarşı işin açılmasının təşəbbüskarı "Başneft"i almaqda maraqlı olan Seçin olub.
Seçinin "Rosneft" şirkəti cari ilin ilk 8 ayı ərzində neft hasilatını əhəmiyyətli dərəcədə azaldıb, rəhbəriyilə birgə Qərbin sanksiya siyahısına düşüb və dövlətin maliyyə yardımına ehtiyacı var. Məlumata görə, Yevtuşenko Medvedevlə sıx əlaqədədir və güc bloku, o cümlədən Rusiya prezidenti administrasiyası rəhbəri Sergey İvanovla da münaqişədədir. Belkovski əmindir ki, "Yevtuşenko uğrunda dava"nı Medvedev uduzacaq və "Başneft" YUKOS-un taleyini yaşayacaq.
Amerika nəşri qeyd edir ki, bir qədər əvvəl Putinin ətrafının mövqeyi Ukrayna məsələsinə görə diametral şəkildə bölündü. İndi onlar Yevtuşenko işinin necə başa çatacağını və növbəti kimin olacağını gözləyirlər.
Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov öz növbəsində Rusiya prezidentinin ətrafında istənilən ciddi mübahisələrin olduğunu inkar edib.
Xatırladaq ki, Moskva valyuta birjasında alqı-satqı əməliyyatları başlanarkən Rusiya rublunun dollara nisbətən məzənnəsi (USD/RUB) 1998-ci il denominasiyası dövründən ilk dəfə olaraq 40 göstəricisini keçərək 40,04-ə çatıb (USD/RUB = 40,04).
Rusiya rublunun avroya nisbətən məzənnəsi isə 50,15-dək artıb (EUR/RUB = 50,15). Rusiya Mərkəzi Bankının məlumatına əsasən, 55 faiz dollar və 45 faiz avrodan ibarət qoşa valyuta səbəti 0,14 rubl bahalaşaraq 44,6 rubla çatıb.
Cümə günü Rusiya Mərkəzi Bankı rublun məzənnəsini sabitləşdirmək üçün əlavə valyuta ehtiyatı xərcləməli olub.
Xəbər verildiyinə görə, görülmüş tədbirlər sırasında, o cümlədən, qoşa valyuta səbəti üçün "valyuta dəhlizi" 44,50 rubladək genişləndirilib.
Qeyd edək ki, rublun qiymətinin düşməsinə Rusiyadakı siyasi vəziyyət təsir edir.
"Bizhhazırda rubl üçün mənfi olan hadisələrin mərkəzindəyik. Həm sanksiyalar, həm də administrativ-siyasi sferada qeyri-müəyyənlik, kapitalın hərəkətinə mümkün məhdudiyyətlər barədə şaiyələr - bunların hamısı rubla təsir edir"- deyə iqtisadçı Vladimir Osakovski bildirir.
Ancaq o hesab edir ki, neftin qiyməti uzun müddətə və böyük fərqlə aşağı enməzsə, rublun vəziyyəti hədsiz pisləşməyəcək.
Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev isə təşvişə düşməməyə çağırıb.
"İnfilyasiya nəzarət altında olacaq və böyük hesabla, kursun necə olmasının fərqi olmayacaq"- deyərək Moiseyev bədbin proqnozdan geri qaçıb.
Xatırladaq ki, Ukraynada böhran başlayandan bəri rubl dollar və avroya nisbətdə xeyli ucuzlaşmağa başlayıb. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra isə rublun enməsi daha da sürətlənib. Sentyabrın ortalarından başlayaraq Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Həmin sanksiyalar Rusiyanın enerji nəhəngləri Rosneft, Transneft və Qazprom neft, o cümlədən beş banka aid edilib. O zaman dolların kursu uzun illər ərzində ilk dəfə 38 rubl səviyyəsini keçmişdi.
"Ukrayna böhranı başlayanadək Qərb xüsusi xidmət orqanları elə hesab edirdilər ki, Rusiya prezidenti Putinin ətrafı monolitdi. Ancaq indi artıq onun əhatəsinda çat yaranıb...".
Bu sözləri isə BND (Almaniya Federal Kəşfiyyat Xidməti) rəhbəri Qerxard Şindler bəyan edib. BND Rusiyanın ali rəhbərliyində sərt kurs tərəfdarları və biznes-elita arasında dövlət başçısına təsir uğrunda mübarizənin əlamətlərini görür. Bu barədə məşhur alman nəşri "Spiegel Online" yazır. Alman kəşfiyatı belə hesab edir ki, tezliklə Avropa İttifaqının sanksiyalarında narahat olan Rusiya oliqarxlarının iqtisadi maraqları siyasi prioritetləri üstələyəcək. Və nəticədə biznes-elita prezidenti dayandırmağa cəhd edəcək.
Xatırladılır ki, bir müddət əvvəl Britaniyanın "The İndependent" nəşrinin yazdığına görə, ilin əvvəlindən Qərbin sanksiyaları nəticəsində 19 Rusiya milyarderinə 14 mlrd. dollardan çox ziyan dəyib.
Avropa Diplomatiya naziri vəzifəsinə namizəd Federika Moqerini isə bildirib ki, Rusiyaya qarşı sanksiyalarda ABŞ-ın heç bir təzyiqi olmayıb: "Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sansiyalarda Co Baydenin dediyi kimi ABŞ-ın rolu yoxdur".
O, ABŞ-ın vitse prezidentinin sözlərinin həqiqətə uyğun olmadığını söyləyib: "Ən önəmlisi odur ki, bu sadəcə Amerika ilə gerçəkləşən bir dialoq deyil. Eyni zamanda Rusiya ilə bağlı qərarda həmfikir dövlətlərlə gerçəkləşən bir dialoqdur. Söhbət Kanada, Yaponiya və başqa bu kimi ölkələrdən gedir. AB-nin bu qərarı sıradan və bəsit bir addım deyil. Bu Avropa ölkələrinin baş tutan qarşılıqlı görüşləri sayəsində reallaşıb".
Xatırladaq ki, ABŞ vitse-prezidenti Bayden keçən həftə Harvard Universitetindəki çıxışı zamanı Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyaların birbaşa ABŞ-la əlaqədar olduğunu bildirmişdi.
Avropa və Avrasiya məsələləri üzrə ABŞ-ın Dövlət katibi Viktoriya Nuland isə deyib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv edilə bilər.
Nuland bildirib ki, Minsk razılaşmasına Rusiyanın riayət edəcəyi halda sanksiyaların ləğvi məsələsinə baxıla bilər:
"Əgər Minsk razılaşması tamamilə yerinə yetiriləcəksə, bu halda ABŞ bəzi sanksiyaları ləğv etməyə hazır olacaq".
Ekspert Tərlan Həsənov isə bildirib ki, Rusiyada hakimiyyət arasında parçalanma güclənəcək: "Ona görə ki, Qərbin Kremlə tətbiq etdiyi sanksiyalar, o cümlədən rus rublun dəyərdən düşməsi ölkə iqtisadiyyatını iflic etməkdədir. Bu isə hökumətdə təmsil olan antiPutinçilərin etirazına səbəb ola biləcək şansdır. Elə bilirsiz ki, Rusiyanın ali təbəqələrində təmsil olan məmurların hamısı Putinin siyasətini dəstəkləyir? Onların arasında Qərbə xidmət edənlər də var ki, bu kimi məsələlərdən istifadə edib Putinə qarşı etiraza qalxa bilərlər. Mənə elə gəlir ki, Putin hakimiyyətində parçalanma şiddətlənəcək. Çünki ölkə iqtisadiyyatı dağılır, Putin hakimiyyəti əlində zorla saxlaya bilmək iqtidarında olmayacaq. Ölkənin iqtisadi cəhətdən çökdürülməsi elə Putinin hakimiyyətdən gedəcəyi ilə bağlıdır. Qərb bu plan üzərində baş sındırır. Putin hakimiyyətinin sonu onun ölkəsinin iqtisadi cəhətdən çökməsindən keçir".