Şamaxıda qadınlara kiçik biznesin qurulması təlimi keçirilib İqtisadiyyat

Şamaxıda qadınlara  kiçik biznesin qurulması təlimi keçirilib

"Qadınlar Arasında Həmrəylik" İctimai Birliyi və "Konstitusiya" Araşdırmalar Fondu "Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması" layihəsi çərçivəsində 28-29 sentybar 2014-cü il tarixdə Şamaxı rayonunda qadınlar üçün "Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı" mövzusunda təlim keçirilib.
Təlim iştiraçılarına layihə fəaliyyətləri barədə məlumat verən Əliməmməd Nuriyev bildirib ki, hazırda qadın sahibkarlığının inkişafı üçün böyük potensial var. Bütün çətinliklərə baxmayaraq xanımlar biznesdə özlərini sınamaqdan çəkinmirlər və bu sahədə öz sözlərini demək iqtidarında olduqlarını sübut edirlər. O, qeyd edib ki, kiçik sahibkarlıqla məşğul olmaq istəyən, buna potensialı olan xanımlar bir çox hallarda yaxşı ideyaları, hətta işlək biznesləri olmasına baxmayaraq, yetərli bilik və məlumatlara malik olmadıqlarından ilk addımalrı ata, biznesi genişləndirə bilmirlər. Layihədə məhz bu biliklərin verilməsi əsas məqsədlərdən biridir.
Təlimin birinci günü "Sahibkarlığın hüquqi əsasları" mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib.
Təlimin ikinci gününü "Sahibkarlıq – kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər" mövzusuna həsr edilib. İşirakçılara biznes, marketinq planın hazırlanması, biznes kredirlər barədə bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Yekunları ilə bağlı iştirakçılardan Bağırova Məlahət qeyd edib ki, təlim zamanı əsas diqqət yetirdiyi biznes plan hazırlanması olub. Bu barədə özü çox oxuyub. Amma heç vaxt özü müstəqil hazırlaya bilməyib. Bu təlimdən sonra isə artıq bunu bacaracğına əmindir.
Təlimçilərdən Z.İbrahimli qeyd edib ki, "suallar, fəallıq da göstərdi ki, xanımlar özlərində biznesə başlamaq potensialı və cəsarəti hiss edirlər. Bu isə əsas şərtdir".
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dətəyi ilə Kounterpart İnterneşnl təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində "Qadınlar Arasında Həmrəylik" İctimai Birliyi və "Konstitusiya" Araşdırmalar Fondu "Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması" layihəsi çərçivəsində baş tutub.
Layihə çərçivəsində həmçinin 27 oktyabrda Şamaxıda orta məktəblərin 10-11 siniflərdə təhsil alan xanım şagirdlərlə görüş keçirilib. Görüşdə xanım şagirdlərə təhslilin, xüsusən peşə təhsilinin vacibliyi barədə məlumat verilib. Azərbaycanda xanımların əldə etdikləri naliyyətlər, lider xanımların həyatından misallar, uğur hekayələri xanım şagirdlərin diqqətinə çatdırılıb. Layihə ekspertləri bu nümunələrlə xanım şagirdlərə karyera, uğur qazanılması üçün təhsilin xüsusi önəmini, vacibliyini anladıbalr. Təhsil almaq hüquqları, bununla bağlı valideynlərin məsuliyyəti və vəzifələri, xanım şagirdləri təhsildən yayındırmağa çalışanların məsuliyyəti barədə məlumat verilib. Həmçinin, erkən nikahların ziyanı, bununla bağlı məsuliyyət barədə bilgilər şagirdlərin diqqətinə çatdırılıb.
Həmin gün həmçinin, rayonda təhsil alan gənc qızlar, qadın təşkilatları, icmalarda fəaliyyət göstərən qadınlar, özəl sektor, dövlət orqanları yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin iştitakı ilə "Qadın sahibkarlığı və qadın məşğulluğu" mövzusunda ictimai dinləmə keçirilib.