Türkiyənin sənaye naziri Şahin Mustafayevlə görüşüb İqtisadiyyat

Türkiyənin sənaye naziri Şahin Mustafayevlə görüşüb

Tərlan

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2-5 dekabr tarixlərində Bakıda keçirilən "BakuTel-2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıqla görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulamışdır. Hazırda Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir ki, bu da Azərbaycandakı xarici şirkətlərin 36%-dən çoxunu təşkil edir. Ölkəmizdə həyata keçirilən layihələrin bir çoxunda Türkiyə şirkətləri podratçı qismində də iştirak edirlər. Bildirilmişdir ki, digər sahələrdə olduğu kimi, "Şahdəniz-2", TAP və TANAP layihələri çərçivəsində ölkələrimiz arasında uğurlu enerji əməkdaşlığı davam etdirilir. İqtisadiyyat və sənaye naziri qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, o cümlədən sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır. Görüşdə 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan edildiyi vurğulanmış, bu sahədə görülən işlər, eləcə də sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verilmiş, türkiyəli sahibkarların bu imkanlardan yararlana biləcəyi də diqqətə çatdırılmışdır.
Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıq Azərbaycana səfərindən, "BakuTel-2014" sərgi-konfransında iştirakından məmnunluğunu ifadə etmiş, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir. F.İşıq digər sahələrdə olduğu kimi, sənaye sahəsində də ölkələrimiz arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırmış, təcrübə mübadiləsinin aparılmasını, sənayenin müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd etmişdir. 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan edilməsini yüksək qiymətləndirən cənab İşıq Türkiyədə sənayenin inkişafı üçün görülən işlərdən bəhs etmişdir. Görüşdə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret istiqamətlər üzrə müzakirələr aparılıb.