İqtisadi islahatları dərinləşdirmək lazımdır İqtisadiyyat

İqtisadi islahatları dərinləşdirmək lazımdır

Son günlər dünya bazarında neftin qiyməti sürətlə aşağı düşür. Ekspertlərin fikrincə bu tendensiya neft ixracatçıları olan ölkəlkərin iqtisadiyyatına mənfi təsir edəcək. Bəs bu, Azərbaycan iqtisadiyyatında hansı problemlər yarana bilər?
İqtisadçı ekspert Vüqar Bayramov hökumət neftin dünya bazar qiymətinin aşağı düşməsinə həm iqtisadi, həm də psixoloji baxımdan hazırdır: "Büdcə xərcləmələrin mövcud səvviyəsi ilə 2014-cü ilin yekununda dövlət büdcəsində proqnozlaşdırılan defisit əvəzinə profsitin qeydə alınacağı istisna edilmir. Bunun həm iqtisadiyyatın qənaət rejiminə uyğunlaşdırılması, həm də büdcə defisiti ilə əlavə borclanmağa getməməyə hesablandığı güman edilir. Bu, eyni zamanda, 2015-ci ilin dövlət büdcəsində profsitdən faydalanmaq imkanı deməkdir".
Ekspert hesab edir ki, hökumət kimi vətəndaşlar da gələn il qəanət etməlidir.
Yeri gəlmişkən, "Fitch" beynəlxalq reytinq agentliyi hesab edir ki, Dövlət Neft Fondunda böyük həcmdə vəsaitlərinin olması neftin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatına dayanıqlılıq nümayiş etdirmək imkanı verəcək. Agentliyin analitiklərinə görə, neftin qiyməti aşağı düşsə də, Azərbaycan hökuməti mülayim siyasətini qoruyub saxlayacaq ki, bu da iqtisadi artıma səbəb olacaq. Lakin neftin qiyməti uzun müddət aşağı səviyyədə qalsa, bu, ölkə iqtisadiyyatının əsas drayverlərindən olan qeyri-neft sektorunun və bank sektorunun kreditləşməsinə yönələn büdcə xərclərinin kəskin azalması ilə nəticələnə bilər.
İqtisadçı ekspert Saleh Məmmədovun fikrincə, neftin qiymətinin düşməsi siyasi amillərlə əlaqədardır. Rusiyanın dünyanın iri güc birliklərinə qarşı durması və Rusiya-Ukrayna nüharibəsinin faktiki olaraq davam etməsi, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi neftin qiymətinin sürətlə düşməsinə gətirib çıxarıb: "Bundan sonra necə olacaq sualının cavabı da yenə də Rusiya-Ukrayna konfliktinin həllindən asılıdır: konflikt həll olunan kimi proses tənzimlənə bilər. Azərbaycan isə hər cür ssenariyə hazır olmalıdır və hesab edirəm ki, buna da hazırdı. Azərbaycan höküməti və Mərkəzi Bankı 2008-ci il böhranından çıxmaq üçün ən optimal yolu seçdi və böhrandan ən az zərərlə çıxa bildi. İndi təbii ki, bir qədər fərqli vəziyyət yaranıb, amma Azərbaycan ciddi təsirsiz keçinə bilər. Doğrudur, bu böhran neftin qiyməti ilə əlaqədardı və Azərbaycan neft-qaz ixracatından asılı ölkədir, ixracdan asılılıq göstəricisi faktiki olaraq kritik vəziyyətdədi. Amma ölkənin böyük məbləgdə valyuta ehtiyatları toplaması onu bu vəziyyətdən tam xilas edir. Hesablamalar göstərir ki, hətta neft və qazdan ölkə heç bir gəlir əldə etməsə belə hələ üç il iqtisadi və siyasi həyatı bu günkü səviyyədə təmin və əlavə olaraq daha sürətli iqtisadi inkişaf əldə etmək olar. Amma, təbii ki, iqtisadi islahatları dərinləşdirmək şərti ilə. Məsələ burasındadır ki, dünyada iqtisadi və siyasi proseslər, məhsuldar qüvvələr və elm-texnika çox sürətlə inkişaf edir, buna görə də iqtisadi münasibətlərin inkişafı da bu sürətə uyğunlaşdırılmalıdır, yəni iqtisadi islahatlar davamlı olmalıdı, hər il yenilənməli və dərinləşdirilməlidi. Real olaraq iqtisadi islahatlarda bu gün bir "durğunluq" var, amma onların startı və dərinləşdirilməsi üçün hər cür iqtisadi şərait yaranıb".

Əli