Hökumət sürətli bahalaşmanın qarşısını ala biləcəkmi? İqtisadiyyat

Hökumət sürətli bahalaşmanın qarşısını ala biləcəkmi?

Zahid Oruc: "Hökumət gecikmədən daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır"

Yusif Bağırzadə: "Əgər hakimiyyət bu istiqamətdə ciddi önləyici tədbirlərə əl atmasa..."

Qubad İbadoğlu: "Mərkəzi Bank uzun illərdir ki, mənasız işlərlə məşğul olduğunu etiraf etdi və manatın məzənnəsini süni üsullarla qoruduğunun fərqinə indi daha çox vardı"

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayıb. Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, manatın məzənnəsinin dəyişikliyindən sonra bəzi ticarət obyektlərində süni qiymət artımına rast gəlinir.
Qeyd edək ki, Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı atdığı addım ölkədə birmənalı qarşılanmayıb. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Mərkəzi Bankın 21 fevral qərarını dəstəklədiyini bildirib: "Son üç gündə tədqiq etdiyim ən azı 5 ölkənin həyatı,ötən əsrin 90-cı illərindən bu yana yaşadıqları müxtəlif valyuta böhranlarının səbəbləri və ondan çıxış yollarının dərindən təhlili Azərbaycanın Mərkəzi Bankının düzgün qərar qəbul etdiyini təsdiqləyir".
Millət vəkili hesab edir ki, əhalinin manatın devalvasiyasından narazı qaldığı, həttta bir sıra hallarda açıq ittihamları fonunda 21 fevralda atılan addımın doğruluğunu bəyan etmək o qədər də asan deyil: "Lakin dollar burjuaziyasının deyil, sadə insanların mənafeyindən yanaşdıqda və iqtisadiyyatın sərt qanunlarına baş vurduqda Milli Bankın öz hesablamalarında doğru olduğunu görmək mümkün olur.
Ekspertlərin dəyərləndirməsindəki mühüm bir məqam - "guya yalnız neftdən asılı iqtisadiyyatlar alternativ maliyyə rıçaqları tapmadıqlarından belə dəyərdən salma əməliyyatlarına gedirlər" fikri qətiyyən doğru deyil".
Buna misal olaraq isə millət vəkili qonşu Gürcüstan və Türkiyənin son 5 ayda valyutalarının müvafiq olaraq 17 və 14 faiz ucuzlaşdıqlarını göstərərib. Onun sözlərinə görə, dolların bütün dünya maliyyə vahidlərinə nisbətdə əhəmiyyətli dərəcədə möhkəmləndiyi bir faktdır.
"Digər tərfədən, 2015-ci ilin büdcə kəsirinin doldurulması naminə məzənnə siyasətinə əl atıldığını iddia etmək də tamam yanlışdır.Çünki dövlətin valyuta ehtiyatları sırasında manat xüsusi çəkiyə malik idi və onun dəyərdən salınmasından yaranan itkilər büdcənin cəmi 12-faizinin gəlirlərini qapatmaq üçün kurs dəyişikliyindən "əldə olunan qazanc"dan daha böyükdür.
Qonşu Rusiya iqtisadiyyatının məruz qaldığı sanksiyaların Azərbaycana təsirini də Milli Bankın son addımına təsir göstərən faktorların sırasında birinci yerə qoymaq düzgün olmazdı.Ölkələrimiz arasında iqtisadi şaxələnmənın cəmi 2 fazi olması fonunda rus rublunun ağır vəziyyəti və soydaşlarımızın Azərbaycana göndərdiyi maliyyə vəsaitlərinin kəskin azalması manatın ucuzlaşması üçün basilica səbəb ola bilməzdi.
Əslində hökuməti kəskin tənqid edənlərin hamısı manatın əvvəlki kursda saxlanmasının iqtisadi ziyanlarını açıq etiraf edir,yerli məhsul istehsalının və onun xarici ticarətdə qeyri-neft sektorunun stimullaşdırılmasına zərbə vurduğunu söyləməkdən çəkinmirdilər.Ona görə də hər zaman milli valyutamızın tədricən ucuzalşması siyasətinə gedilməsi təklif olunurdu və süni şəkildə bahalı valyuta kimi saxlanan manatın keçmiş və gələcək ziyanlarından danışırdılar. Deməli,məzənnə siyasətinin hazırki deyil, məhz əvvəlki kursu iqtisadi əsaslandırılmış sayıla bilməzdi".
Millət vəkilinin sözlərinə görə, indi hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra əhalinin kredit,əmanətlər və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır. Çünki heç bir nazirlik qiymət artımının qarşısını ala bilməyəcək. Ona görə maaş və pensiyalarının yeni inflyasiya indeksinə uyğunlaşdırılması üçün mənbələr tapılmalı və büdcəyə yenidən baxılmalıdır. Çünki son addımdan sonra yaşayış minimum və aylıq istehlak səbətinin əvvəlki vəziyyyətdə qalmayacağı şübnəsizdir və dövlət sosial ehtiyaclı insanları birmənalı müdafiə etməlidir.
AMİP sədri Yusif Bağırzadə isə hesab edir ki, manat devalvasiya olunmazdan öncə Nazirlər Kabineti önləyici tədbirlə planı hazırlayıb həyata keçriməli idi və ondan sonra belə bir addım atmalı idi.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin önləyici tədbirlər görmədən, əhali arasında maarifləndirmə işi aparmadan belə bir qərar vermək həqiqətən də cəmiyyətdə ciddi anlaşılmazlığa səbəb oldu: "Əksinə Mərkəzi bankın rəhbəri Elman Rüstəmov televiziyaya çıxaraq xalqı sakitləşdirməyə və belə bir ciddi addımın atılmayacağına, bunun ixracaatın stimullaşdırılmasına yönəldiyini bildirdi. Amma biz nəyin şahidi olduq. Manatın devalvasiyasının. Nəticədə sadə xalq kütləsi, xüsusən də pensiyası və maaş alan şəxs 33% aldığı əməkhaqqından və pensiyasından itirmiş olacaq. Bunun üçün ilk olaraq pensiya və əməkhaqqılarının indeksasiyası istiqamətində iş aparılmalı idi."
Y. Bağırzadə deyib ki, cəmiyyətdə maarifləndirmə işinin aparılmaması nəticəsində şəhərdə bir sıra marketlər fəaliyyətini dayandırıb, valyutadəyişmə məntəqələrində dollar satışında ciddi problemlər var: "Hesab edirik ki, Mərkəzi Bank bunu yuşmaq formada, tədricən həyata keçirməliyi. Əgər indi hakimiyyət bu istiqamətdə ciddi önləyici tədbirlərə əl atmasa vəziyyət pis nəticələrə gətirib çıxara bilər."
İqtisadçı ekspert Qubad İbadoğlu isə Mərkəzi Bank tərəfindən ölkəəhalisini şoka salan qərarı belə şərh edib: "Fevralın 17-də paylaşdığım statusda bildirmişdim ki, bir müddətdən sonra manatın məzənnəsinə artıq psixoloji deyil, gerçək təsirlər də işə düşəcək. Mərkəzi Bankın hazırkı qərarını həmin günə hazırlıq kimi dəyərləndirmək olar. Elə də oldu. İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə həmin günə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən etdi. Qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul etdiyini rəsmi olaraq bəyan edən Mərkəzi Bank hazırkı iqtsiadi təzyiqlər qarşısında nə qədər aciz olduğunu bir daha nümayiş etdirdi. Məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidi elan etdikdən 5 gün sonra "şok terapiya" metodunu seçərək inzaibati qaydada rəsmi olaraq manatın məzənnəsini dollara nisbətdə 33,5 faiz ucuzlaşdırdı. Baş verənləri təhlil edib, aşağıdakı nəticələri çıxarmamışdan əvvəl iki vacib suala cavab vermək istərdim, nədən MB manatın devalvasiyasına qərar verdi? Bank niyə bu qərar vermək üçün tələsdi? Birinci suala cavab olaraq bildirmək istərdim ki, iqtisadiyyatımıza kənar faktorların təzyiq dərəcəsini ölçmək və nəzərə almaq üçün bu ilin ilk aylarının yekunlarını təhlil etmək və nəticə çıxarmaq kifayət edir. Təhlillər göstərir ki, ilin başlanğıcında dövlət büdcəsinin mədaxil hissəsini təmin etmək xeyli çətin olub. Bu yükü əsasən qeyri-neft sektorunun üzərinə qoymaq istəyən fiskal orqanlar sahibkarları hələ 1-ci rüb başa çatmamış ciddi şəkildə dövlət orqanlarından narazı salıblar. Belə davam edəcəyi halda bu il büdcənin idarə olunmasında ciddi çətinliklərlə üzləşəcəyindən narahat olan hökümət gəlirlərin nominal olaraq icra olunması üçün monetar üsulla tənzimləməyə qərar vermiş və manatın devalvasiyası yolu ilə 2015-ci il üçün milli iqtisadiyyatın qarşılaşdığı 3 əsas problemin həllinə stimul vermişdir".
Ekspertə görə bu addımı atmaqda hökumətin məqsədi büdcə gəlirlərinin nominal olaraq artımına, müvəqqəti də olsa alıcılıq qabliyyətinin yüksəlməsinə və valyuta ehtiyatlarının sürətlə azalma tempinin qarşısının alınmasına nail olmaqdır: "Mərkəz Bankın bəyanatında göstərilən - milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək - çağrışlarına gəlincə, manatın devalvasiyası ilə də ona nail ola biləcəyi şübhə doğurur".
Bəs Mərkəzi Bank nədən bu qərarı verməyə tələsdi? Axı siyasi və iqtisadi sabitliyin əsas parametrlərindən biri hesab olunan milli valyutamızın sabitliyi üçün valyuta ehtiyatlarımızdann hələ bir neçə ay da istifadə oluna və manatın məzənnəsi sabit qala bilərdi?! Qubad İbadoğlunun fikrincə Rusiyada və Qazaxıstan kimi güclü iqtisadiyyata malik olan ölkələrdə baş verənlərdən də nəticə çıxaran Mərkəzi Bank uzun illərdir ki, mənasız işlərlə məşğul olduğunu etiraf etdi və manatın məzənnəsini süni üsullarla qoruduğunun fərqinə indi daha çox vardı. Əgər Mərkəzi Bank əvvəllər valyuta bazarında alış xarakterli müdaxilələr edərək valyuta ehtiyatlarını artırırdısa, son aylar əksinə satış xarakterli müdaxilələrə gedərək valyuta ehtiyatlarının kəskin azaldığını müşahidə edirdi. Yalnız ötən ilin dekabr və bu ilin yanvar aylarında bu məqsədlə 2,2 milyard manatdan çox vəsait xərcləyən Mərkəzi Bank baş verənlərin və gözlənilənlərin məsuliyyətini manatın devalvasiyası qərarını verməklə özündən bir az uzaqlaşdırdı. Bu qərarın fevralın 21-də verilməsinı əsaslandırarkən istinad olunan arqumentlərdən biri də hazırda onun sosial təsirlərinin bir neçə ay sonra ilə müqayisədə nisbətən zəif olacağı qənaəti idi. Həqiqətən də əmək bazarına xüsusilə də dövlət şirkətlərindən çıxarilan ixtisaslı işsizlərin və Rusiyadan geri dönən həmyerlilərimizin hesabına yeni və məhsuldar işçi qüvvənin daxil olması bu bazarda rəqabətin kəskinləşəcəyindən və işsizlərin sayının kütləvi artmasına görə sosial vəziyyətin getdikcə pisləşəcəyindən xəbər verir. Mərkəz Bank hesab etdi ki, əhali indi bu yükü götürməyə və devalvasiyanın xərclərini örtməyə indi bir neçə ay sonra ilə müqayisədə daha çox hazırdır".
Bu manatın birdən-birə bu qədər dəyərdən düşməsinin hansı fəsadları ola bilər?
Ekspertə görə, manatın ucuzlaşması fonunda dolların bahalaşması ilk növbədə idxal olunan əsas yeyinti məhsullarının (bitki və heyvan mənşəli piylər və yağların, süd məhsullarının, ətin, şəkərin), dərman və digər əzcacılıq mallarının, eləcə də tütün və tütün məmulatlarının, spirtli içkilərin, avtomobillərin, məişət texnikası, mebelin və onun hissələrinin, sonrakı mərhələdə isə çörəyin və digər un məmulatlarının qiymətində 1,5 - dən 2 dəfəyədək bahalaşma gözlənilir: "Bu isə bu il ərzində inflyasiyanın Mərkəz Bankın hədəflədiyindən 2-3 dəfə yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bunu hiss edən istehlakçılar özlərinə ehtiyat yatarmaq üçün mağazalardan daha çox ərzaq almağa çalışırlar. Bütün bu proseslərin nəticəsində yaşayış standartları aşağı düşəcək, sosial göstəricilər pisləşəcək. İkincisi, manatın uculaşması milli valyutaya və banklara olan inamı azaltdığından iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəldəcək, iri alış və satışların dollarla aparılmasını və nağd şəkildə ödənişini şərtləndirəcək. Bu isə gizli iqtisadiyyatın miqyaslarını genişləndirəcək və hökümətin qəbul etdiyi qərarların milli iqtisadiyyata təsirlərini zəiflədəcək. Bu hadisədən ən çox zərər çəkən manatla depoziti olan və dollarla kredit götürənlər oldu. Bunu nəzərə almaq hələ də gec deyil".