“Bazar subyektləri yeni məzənnə rejiminə adaptasiya olunmaqdadır” İqtisadiyyat

“Bazar subyektləri yeni məzənnə rejiminə adaptasiya olunmaqdadır”

Mərkəzi Bank: "Bivalyuta səbətinə keçid manatın bütün valyutalara qarşı çoxtərəfli məzənnəsinə məqsədyönlü təsir imkanları yaradır"

I rüb ərzində Azərbaycan Mərkəzi Bank (AMB) məzənnə siyasətini xarici valyutaya tələbin əhəmiyyətli artması şəraitində həyata keçirib. "APA-Economics"in xəbərinə görə, bu barədə AMB-nin yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd edilib. İcmalda bildirilir ki, 2014-cü ilin sonlarından etibarən qlobal əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi, eyni zamanda, ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya meyllərinin güclənməsinin psixoloji təsiri daxili valyuta bazarında xarici valyutalara, xüsusilə ABŞ dollarına tələbi yüksəldib. Xarici valyutaya tələbin yüksəlməsi daxili valyuta bazarının hər iki seqmenti - nağd və qeyri-nağd valyuta bazarları üzrə müşahidə olunub.
Hesabat dövründə valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. Ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi 2,3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,4 dəfə artıb. Valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq, AMB-nin İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə ABŞ dollarının manata qarşı məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. Bu qərarın qəbulu ərəfəsində manatın partnyor ölkələrin valyutalarına qarşı bahalaşması səviyyəsi özünün pik həddinə çatıb. Belə ki, 2014-cü ilin əvvəlindən 2015-ci ilin fevral ayının ortalarınadək manat ticarət tərəfdaşlarının valyutalarına nəzərən orta çəkili hesabla 30% bahalaşıb. Bu dövrdə ABŞ dollarına nəzərən Rus rublu 86%, Avro 20%, Qazax təngəsi 20%, Türkmən manatı 22%, Moldova leyi 17%, Belarus rublu 52%,
Ukrayna qrivnası 169%, Turk lirəsi 13%, İran realı 12%, Gürcü larisi 31% dəyərdən düşüb. Məzənnənin 33,55% korreksiyası manatın qeyd olunan valyutalara qarşı baş vermiş orta çəkili bahalaşmasını neytrallaşdıra bilib.
Valyuta bazarında yaranmış yeni şəraiti nəzərə alaraq Mərkəzi Bank, eyni zamanda, hesabat dövründə məzənnə siyasətinin əməliyyat çərçivəsində dəyişiklik edib. Belə ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb. Səbət mexanizminin mahiyyəti odur ki, dünya bazarında avro/dollar məzənnəsindəki dəyişiklik qismən dollar/manat və avro/manat məzənnələri arasında bölüşdürülür.
Eyni zamanda, valyuta bazarındakı vəziyyətdən, inflyasiya, maliyyə sabitliyi kimi vəzifələrdən asılı olaraq səbətin dəyəri də tənzimlənir. Başqa sözlə, dəyəri tənzimlənən səbət mexanizmi bir tərəfdən avro/dollar məzənnəsinin dəyişməsini, digər tərəfdən isə tədiyyə balansının vəziyyətini məzənnədə əks etdirməyə imkan verir. Dəyəri hədəflənən səbətin hədəflənən ikitərəfli məzənnədən üstünlüyü odur ki, bu mexanizm son nəticədə manatın bütün valyutalara qarşı çoxtərəfli məzənnəsinə məqsədyönlü təsir imkanları yaradır. Bu həm də, məzənnənin tədricən bazar amilləri əsasında formalaşmasını təmin etməklə Mərkəzi Bankın pul kütləsi və faiz dərəcələrinə təsirini daha da artırır. Səbətə avro və dolların daxil edilməsi ölkənin xarici iqtisadi əlaqələrinin, məhz, əsasən bu valyutalarda həyata keçirilməsi ilə əlaqədardır. Eyni zamanda digər xarici valyutaların məzənnələri
dolların və avronun məzənnəsinin təsiri altında formalaşdığından onlar "dollar qrupun"a aid olan valyutalar və "Avro qrupu"na aid olan valyutalar kimi qiymətləndirilə bilər.
Hazırda tətbiq edilən rejimdə də Mərkəzi Bank valyuta bazarının fəal iştirakçılarından biri kimi qalır.
Mərkəzi Bankın valyuta bazarında müdaxilələri müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnəsi arasında diapazon) həyata keçirilir. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar. Nəticə etibarilə I rübün sonuna manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşıb. Manatın nominal ikitərəfli məzənnələrinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə də təsir göstərib. Manatın real ikitərəfli məzənnəsi dollara qarşı 21,1%, avroya qarşı 10,7%, Türkiyə lirəsinə qarşı 13,2%, Rus rubluna qarşı 21,1% ucuzlaşıb, Belarusiya rubluna qarşı isə 2,5% bahalaşıb. Hesabat dövründə real effektiv məzənnə (qeyri-neft ticarət çəkili) 15,9% ucuzlaşıb. Bu, nominal effektiv məzənnənin 17,3% ucuzlaşması hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir.