Lerikin cəbhəçi lideri - Cabbar Zülfiyev Müsahibə

Lerikin cəbhəçi lideri - Cabbar Zülfiyev

Mayın 20-də Cabbar Zülfiyevin 70 illiyidir. Bu adamı çoxumuz, xüsusən də gənc nəsil tanımaya bilər, amma onun Azərbaycan Milli Azadlıq Hərəkatı zamanı ölkəmizin cənub bölgəsindəki fəaliyyəti, dönməzliyi, mərdliyi o bölgə və hərəkatda olan çoxunun yadındadır.
XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlayıb, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilən xalq hərəkatı ilə bağlıdır. Həmin dövrdə vətən sevgisi, torpağa, millətə bağlılıq Cabbar Zülfiyevi də Azadlıq Hərəkatına gətirdi. Lerikdə şəriksiz olaraq bu hərəkatın liderinə çevrildi. Təqiblərə, təzyiqlərə baxmayaraq C.Zülfiyev zamanın zənginliklərinə, dünyanın rəglərinə aldanmadı, onu heç nə ilə satın almaq mümkün olmadı. Əqidəsindən, tutduğu yoldan geri dönmədi. Çünki bilirdi ki, bu yol milləti Azərbaycanın bütövlüyünə, azadlığına aparır.
Qısa da olsaq tanıyaq Cabbar Zülfiyevi.
Cabbar Zülfiyev 1948-ci ildə Lerik rayonunun Mastali kəndində anadan olub. 1967-ci ildə Lənkəran Kənd Təsərrüfatı texnikumunun aqronomluq, 1977-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1965-ci ildən başlayıb. Lerik Rayon Partiya Komitəsində makinaçı və statist işləyib. 1970-ci ildən jurnalistika ilə məşğuldur. "Bolluq uğrunda" (indiki "Lerik") rayon qəzetində ədəbi işçi, məsul katib, redaktor müavini işləyib. 1992-1995-ci illərdə Lerik rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları şöbəsinin müdiri, rayon mülki Müdafiə Qərargahının rəisi olub. 1996-cı ildən yenidən mətbuat orqanlarında işləməyə qayıdıb. 2007-2017-ci illərdə rayon tarix – diyarşünaslıq muzeyində baş mühafiz olub. Hazırda pensiyaçıdır.
C.Zülfiyev tanınmış jurnalistdir. Onun yaddaqalan oşerk, felyeton və məqalələri "Lerik" ("Bolluq uğrunda") qəzeti ilə yanaşı, "Ulduz", "Kənd həyatı", "Azərbaycan qadını" jurnallarında, "Kommunist" (indiki "Xalq qəzeti"), "Azadlıq", "Çağ" qəzetlərində çap olunub.
C.Zülfiyev Lerikin ictimai-siyasi həyatında mühüm rolu olan şəxsiyyətlərdən biridir. 10 il Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Lerik ryon komitəsinin sədri, 15 il Livədirqə, Kirəvud, Noda kənd sovetlərinin deputatı, 1999-2004-cü illərdə Mastail bələdiyyəsinin sədr müavini və sədri seçilib. SSRİ Jurnalistlər İttifaqının üzvü olub. Hazırda isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Rəşadətli əməyə görə" medal və Azərbaycan Jurnalistlər Birliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Ailəlidir, bir oğul, dörd qızı, doqquz nəvəsi var.
BAXCP Lerik rayon təşkilatının sədri olan C.Zülfiyevlə elə partiyanın qərargahında söhbətləşdik, fəaliyyətinə qısa ekskurs etdik.
Bildirdi ki, bu gün Lerikdə fəaliyyət göstərən bütün partiya təşkilatlarl vaxtilə Xalq Cəbhəsinin şinelindən çıxıb: "1988-ci ildən Azadlıq Hərəkatına qoşuldum. O zaman rayon qəzetində redaktor müavini işləyirdim. Hərəkata qoşulmaq, insanları artxanca aparmaq o qədər də asan görünmürdü, xüsusən də o zaman. Biz bunu bacara bildik, ətrafımda olan insanların hamısının vətən sevgisi bizi bu hərəkatda ayaq üstə dayanmağımıza stimul verdi. Lerikdə o vaxtı 777 cəbhəçi vardı. Çox mübarizələr apardıq, həm daxildən, həm kənardan müxtəlif təzyiqlərə məruz qaldıq. Amma Lerik camaatı müstəqilliyimizin qorunmasında sözün əsl mənasında əzmkarlıq göstərdi".
C.Zülfiyevdən ona daha çox hansı məqsədlə və kimlər tərəfindən təzyiqlər edildiyini soruşduq. Bildirdi ki, elə rayon rəhbərliyi tərəfindən: "20 yanvar hadisələrindən sonra rayonda mitinq elan etmişdim. Hər yerdə təbliğat apardıq ki, mitinq olacaq. Axşam çağı məni polisə çağırdılar, getdim polis rəisi məni qəbul etdi. Dedi ki, mitinqi təxirə sal. Cavab verdim ki, artıq elan olunub, insanlara demişik, sabah mitinq olacaq. Uzun müddət mübahisəmiz oldu. Mən orada olanda rayon Partiya Komitəsinin birinci katibi polis rəisinə zəng edib soruşdu ki, bəs məni yola gətirə bilibmi. Polis rəisi də cavab verdi ki, yox, mitinq keçirməkdə israrlıdır. Telefon danışığını aydın eşidirdim. Katib polis rəisinə dedi ki, götür onu da gəlin yanıma. Biz getdik birinci katibin yanına. Gördüm ki, rayonun bütün məsul işçiləri, kolxoz və sovxoz sədrləri, müəssə və təşkilat rəhbərlərinin hamısı oradadır. Mənim ücün də qapının ağzında bir stul qoymuşdular, ittiham kürsüsü kimi. Burada da məndən mitinqin keçirməkdən vaz keçməyimi istədilər. Onlara da bildirdim ki, bu mümkünsüzdür. Bir neçə idarə rəisi söz alıb dedi ki, bizim işçilər gedib o mitinqi dağıdacaqlar, imkan verməyəcəklər ki, siz mitinq keçirəsiz. Cavab verdim ki, bu onların öz işləridir. Gördülər ki, geri addım atmayacam. Soruşdular ki, məqsədin nədir, nə tələb edirsən. Dedim ki, AXC-nin rayon təşkilatını qeydiyyata almalısız. Mübahisəmiz bundan yarandı. AXC-nin adını eşidən kimi qarışdılar bir-birinə. İctimai İaşə Birliyinin direktoru vardı, ayağa durub cəbhənin ünvanına təhqirli ifadələr işlətdi. Dedim, sən get, karamelin qiymətin aşağı sal, sonra bizi ittiham et. Söz buynu tutdu tez əyləşdi. Heç bir dəqiqə kecməmiş yenidən ayaqa durdu üzünü birinci katibə tutaraq dedi ki, gəlin AXC-ni qeydiyyata alaq".
Həmsöhbətimiz bildirdi ki, rayon əhalisi rüşvətxorluqdan, məmur özbaşnalığından cana yığılmışdılar. Elə AXC-ni təhqir edən İctimai İaşə Birliyinin direktoru da şirniyyat, konfetlərin qiymətini qaldırmaqla əhali arasında narazılıq yaradırdı: "İclasdan sonra bir necə idarə və təşkilat sədrləri mənə yaxınlaşıb dedi ki, düz etdin, get mitinqini kecirt, bizdən sənə zərər gəlməz. Mitinq günü təxribat törətmək istəyirdilər. Bir qrup adam hazırlamışdılar ki, mitinqi dağıtsınlar. Amma gördülər ki, mitinq çox yüksək səviyyədə təşkil olunub və əhali arasında birlik var. Mitinqin ortasında gördük ki, birinci katib ikinci katiblə əmr göndərib ki, bəs AXC-nin Lerik rayon təşkilatı qeydiyyata alınsın. Mitinqi sakitliklə başa vurduq. Bu bizim qələbəmiz idi ki, AXC-ni qeydiyyata aldırdıq".
C.Zülfiyev onu da vurğuladı ki, Lerikdə keçirilən bütün mitinqlər qansız başa çatıb. Əsasən də mövzu rüşvətxorluq, insan haqlarının tapdanmasına, məmurlar tərəfindən əhalinin incidilməsinə etiraz olub.
Cəbhəçi həmin illərdə tez-tez Bakıya çağırıldığını və AXC lideri Əbülfəz Elçibəylə görüşdüyünü, ondan məsləhət və tövsiyyələr aldığını da dedi. Hərəkat illərində heç bir yerdən maddi dəstək almayan C.Zülfiyev yalnız daxili imkanı hesabına fəaliyyət göstərib. Onun dediyinə görə, həftədə bir neçə dəfə Lerikdən Bakıya gəlib-getmək az pul tələb etmirdi: "Hətta elə vaxt olurdu ki, borca girirdim. Bir gün gördüm ki, borclarım çoxalıb. Qayınatam bizə, daha doğrusu, qızına bir inək hədiyyə etmişdi. Onun da bir neçə balası vardı. Onları Masallı bazarına aprıb satdıb borclarımı qaytardım".
C.Zülfiyev Azərbaycanı parçalamaq istəyən separatçı Əlikram Hümbətovla aralarında yaranan mübahisədən də söz açdı. Bildirdi ki, Əbülfəz Elçibəyin Zərdüşt Əlizadə ilə iclasda yaranan münaqişəsi zamanı orada olub. Sonra Əlikram Hümbətov Zərdüş Əlizadə ilə birləşib AXC-dən ayrıldılar. O zaman Əlikram Hümbətov AXC-nin Lənkəran şöbəsinin sədri idi: "Bu əvvəlcədən qurulan bir planın tərkib hissəsi idi. Mənə də təklif etdilər ki, bizimlə gedək, Sosial Demokrat Partiyasını yaradırıq. Amma mən onların təklifini qəbul etmədim".
O da deyildi ki, Ə.Hümbətov cəbhənin hakimiyyəti dövründə ətraf rayonların hamısının hakimiyyətini devirdi öz hakimiyyətini yaratdı: "Bir dəfə Əlikram Lerikə də gəldi iclas keçirdi. Orada durub ona dedim ki, bu addımın Azərbaycanı parçalamağa, ikinci Qarabağ yaratmaqa hesablanıb. Bu əməllərindən əl çək. Mənim ona qarşı mövqeyim, onların təklifini qəbul etməməyim "cəza"sız qalmadı. Əlikram Yaşar adlı bir hərbçini Lerikə komendant təyin etdi. Yaşarın da yanında 7 nəfər hərbçı vardı. Mən o zaman həm AXC rayon təşkilatının sədri idim, həm də cəbhənin sədri idim, həm də Lerik rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləyirdim. Bir gün işə gələndə Yaşarın iki avtomatçısı məni icra hakimiyyətinə buraxmadı. Kabinetimin qapısının açarlarını əlimdən belə aldılar. Elə bilirdilər ki, seyfimdə pul var. Gedib açdılar gördülər ki, qəbzlərdir. Bu qəbzlər də cəbhəyə göndərmək ücün əhalidən yığılan corabların əvəzində onlara verilən qəbzlər idi. Yığdığımız corabları icra hakimiyyəti Müdafiə Nazirliyinə təhvil vermişdi".
C.Zülfiyevdən BAXCP-də olmağının səbəbini də soruşduq. Bildirdi ki, AXCP parçalanma ərəfəsində olan zaman Qüdrət Həsənquliyevin tutduğu mövqeyi, partiyanın bütövlüyü üçün göstərdiyi səylər onu bu partiyaya gətirdi: "BAXCP-yə qürurlu, mərd, dövlətini, xalqını sevən, Azərbaycanın gələcəyini ağılla fikirləşən və dəyərli təkliflər verən, əməlilə sözü vəhdət təşkil edən Qüdrət Həsənquliyev rəhbərlik edir. Və mən də bu gün BAXCP-də omağımla qürur duyuram".
Cavid