

Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr mənsubu, qazi Xəyyam Fərzəliyevin APA-ya müsahibəsi
Bizə məşqlərdə deyirdilər ki, qisas alınmalıdır, torpaqlarımız işğaldadır
- Xəyyam bəy, müharibə başlayanda haradaydınız?
- Biz xüsusi təyinatlılar olaraq onsuz da bilirdik ki, Vətənin dar gününə hazır olmalıyıq. Əvvəldən bizi bu istiqamətdə yetişdirmişdilər. Ona görə özümüz də əlimizdən gələni etməyə hazır idik ki, Vətənin ən qaranlıq məqamını millətimizə unutduraq. Bu da bizim payımıza düşdü.
- Yəqin fiziki-psixoloji təlimlərdə torpaqlarımızın azad edilməyi gözlədiyini aşılayırdılar?
- Bizə məşqlərdə deyirdilər ki, qisas alınmalıdır, torpaqlarımız işğaldadır. Qisası biz özümüz də istəyirdik, sadəcə Ali Baş Komandanın əmrini gözləyirdik.
- Bu fikirlə də tərbiyə olunurdunuz.
- Əlbəttə. Mən Qarabağ bölgəsindənəm. O qisas hissi məndə uşaq vaxtından var idi.
- 27-si səhərə yaxın müharibə başlayanda siz artıq...
- Biz artıq lazımi mövqedə idik.
- Hansı mövqedə idiniz?
- Lazımi mövqedə.
Qubadlıya gecə vaxtı çatıb oranı azad etdik
- Bəs harayacan irəlilədiniz?
- Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı. Qubadlıya gecə vaxtı çatıb oranı azad etdik. Sonra tapşırığı yerinə yetirməyimiz Ali Baş Komandana məruzə olundu. Qubadlının azad olunması videosuna baxmısınızsa, orda sağ tərəfdəki bayrağın sol cinahında dayanan mənəm. Düzdür, biz ora qədər də şəhidlər, yaralılar vermişdik. Amma Ali Baş Komandanın qarşısında, millətimizin, xalqımızın qarşısında alnıaçıq olduq və o alnıaçıqlıq uğrunda bizim hər birimiz qeyd-şərtsiz şəhid olmağa hazır idik.
Biz Qubadlıya, elə başqa yerlərə də girəndə görürdük ermənilər yeməyi sobanın üstündə qoyub qaçıblar. Çaynikdə çay heç soyumayıb. Bir-birimizə deyirdik ki, demək 90-cı illərdə ermənilər bizim millətə eynən bu halı yaşadıb. Amma biz haqlı idik. Bu müharibədə bizim hər şeyə haqqımız olub, bircə şeydən başqa. Bu millətin, belə bir Ali Baş Komandanın, o körpələrin, o pensiyasını yardıma yollayan ağsaqqalların, ağbirçəklərin etimadlarını doğrultmamağa haqqımız yox idi. Onlara qarşı elə haqsızlıq edə bilməzdik.
- Qubadlı aynı neçəsi azad olundu?
- Oktyabrın 25-i. Qubadlıya biz girdik, şəhəri azad elədik və başqa qüvvələrə təhvil verdik. Təhvil verib növbəti əmr üçün çıxdıq.
- Bəs sentyabrın 27-dən o vaxta qədər hansı istiqamətlərdə döyüşdünüz?
- Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı.
- Füzuli şəhərinin azad edilməsində iştirak etmədiniz?
- Füzuli şəhərində yox, amma müəyyən mövqelərdə döyüşdük. Yəni, axıra kimi, Qubadlıya qədər biz döyüşmüşük.
Bizim tapşırığımız Qarabağı azad eləmək idi
- Mən bilirəm ki, sizin əməliyyatlardan bəziləri hərbi sirdir, təbii ki, açıqlamaq olmaz. Sadəcə heç olmasa onu deyin: Sizə birbaşa tapşırılmışdı ki, gedin Qubadlını azad edin?
- Onu demək hərbi sirdir, ona görə qalsın. Bizim tapşırığımız Qarabağı azad eləmək idi.
- Yaxşı, siz Qubadlı şəhərini azad edəndən sonra hansı istiqamətə hərəkət etdiniz?
- Qubadlı şəhərini azad edən gecə sevincdən səhərə qədər heç kim yatmadı. Ondan sonra Xocavənd istiqamətində döyüşlərə başladıq.
- Ermənilər “Ohanyan səddi” adlanan güclü istehkam qurmuşdular. İtki vermədən oradan keçmək mümkünsüz idi. Mən o səddi görmüşdüm. Oranı necə yardınız? Çünki ümumi danışanda adama elə gəlir ki, hər şey xəritə üzərində alınıbmış kimi baş verib, halbuki orada sədlər, maneələr var idi. Bax, onları necə yarıb keçmisiniz?
- Ətraflı danışmayacağam. Amma siz dediyiniz kimi, orada sədlər var. O minalı ərazini keçmək mümkün deyil. Orada şəhid, yaralı olmalıdır. Müharibə varsa, itki olacaq. Bu, qaçılmazdır. Ya mənim başıma, ya da qeyrisinin başına gələcək. Sadəcə mənim bəxtimə yazılıb ki, mən yaralanmalıyam, yarımcan olmalıyam, digərinin bəxtinə yazılıb ki, o Vətən uğrunda şəhid olmalıdır. Digərinin bəxtinə isə yazılıb ki, sağ-salamat qayıtmalıdır. Bu o demək deyil ki, biri şəhid, biri yaralı, digəri salamatdırsa, o, ürəkdən döyüşməyib? Xeyr, bizim o qədər güclü döyüşçülərimiz var ki, sağ-salamat qayıdıb. Heç nə olmayıb. Saymaqla bitəsi deyil... Amma fədakarlığı, döyüş qabiliyyəti hamıdan üstündür. Məsələn, Xocavənd istiqamətində Qızılqaya deyilən yüksəklik var. Hündürlüyü təxminən 600 metrdir. Yüksəkliyin bir tərəfi Füzuli, digər tərəfi Xocavənddir. Düşmənin o yüksəklikdə alayı var idi, düşmənin təxminən iki yüzə yaxın canlı qüvvəsi mövqe tutmuşdu.
- Siz isə aşağıdan hücum edib oranı almalıydınız?
- Biz Füzulidən Xocavənd istiqamətə hərəkət edəndə tapşırıq verilmişdi, Qızılqaya yüksəkliyi azad edilməli idi. Qızılqayanın hər iki tərəfində isə ondan nisbətən aşağı iki təpə vardı. Bizim dayandığımız yerdən Qızılqayaya qədər olan məsafəmiz, təxminən 1000 metr idi. Ortadan isə Şor kanal axırdı.
Biz yarım qruplarla Qızılqayanı azad etmək üçün irəlilədik. İrəlilədik, amma qaçaraq irəlilədik. Çünki yuxarıdan snayperlər, minaatanlar və digər silahlarla bizə atırdılar.
- Hücum gecə aparılırdı?
- Axşamçağı 4-5 radələri olardı. Gün artıq batırdı.
Bizim o hərəkətimizi mən “Rembo” kimi müharibə filmlərində bomba atılan zaman döyüşçülərin qaçmağına bənzədirəm
- Yəni sizi aydın şəkildə görə bilirdilər?
- Bəli, görürdülər. Sadəcə biz onların yerini bilmədiyimiz üçün və qaya çox yüksək olduğu üçün cavab atəşi aça bilmirdik. Amma onlar minaatanlarla bizə atırdılar. Uçuş məsafəsi də yol verir, sursat da böyürlərindədir. Belə şəraitdə bizi məhv eləmək onlar üçün asan idi. Lakin biz ziqzaqvarı qaçaraq kanalı keçdik, sonra düz Qızılqayanın ətəyinə qədər irəlilədik. Nə yaralı, nə də şəhid verdik. Bizim o hərəkətimizi mən “Rembo” kimi müharibə filmlərində bomba atılan zaman döyüşçülərin qaçmağına bənzədirəm. İnandırım sizi o cür bir mənzərə idi.
- Ermənilər bomba atırdılar, sadəcə Allah üzünüzə baxırdı.
- Bəli, bəli, orada möcüzədən başqa nə baş vermədi. Qızılqayaya qədər bir kilometrə yaxın boş ərazidir, biz oranı qaça-qaça keçdik, dayansaydıq hər birimizi vurardılar.
- Neçə nəfər idiniz?
- 25 nəfərə yaxın idik. Qızılqayaya çıxandan sonra bildik ki, orada ermənilərin yüzdən çox əsgəri var imiş.
- Dörd dəfə çox olublar.
- Dəhşət çox idilər. Mən ən azı 100 deyirəm. Üstəlik Qızılqayanın ətəyinə çatanda gördük sağdakı təpədən bizə atırlar. Bizdən də həmən təpəyə məsafə haradasa 800-900 metr olardı. Onlarsa güllələri səpələyirdilər. Qorxumuz bircə ondan idi ki, kor güllə tutmasın.
Ermənilərin vurma qabiliyyətləri ümumiyyətlə sıfır idi
- Dəqiq hədəfə vura bilmirdilər?
- Yox, ermənilərin vurma qabiliyyətləri ümumiyyətlə sıfır idi. Çünki biz boş ərazi ilə gəlirdik, onların hərəkətdə olan hədəfi vurma qabiliyyəti yox idi. Həqiqətən, onların döyüş qabiliyyəti gülünc idi. Bizdə də avtomat olduğu üçün onlara cavab atəşi aça bilmirdik, atsaq da güllə havaya uçacaqdı, sursatımız bitəcəkdi. Düzdür, üstüm-başım 15-lik, 45-lik daraqlarla dolu idi, hamı mənə yeriyən artilleriya deyirdi (gülür). Onların atdığı güllələr sağdan-soldan keçirdi. Yanımızdakı snayperimizə dedik ki, biz vura bilmirik, sən vur. Bizim Hərbi Dəniz Qüvvələrinin hər bir mütəxəssisi öz sahəsinin peşəkarıdır. O snayperin hər gülləsi bir erməni idi. Boşa güllə atmazdı, elə bil gülləni aparıb əli ilə vururdu. Snayper birini vurdu, ikisini vurdu, üçünü, dördünü vurdu. Dörd-beşini vurandan sonra ermənilər qorxub qaçmağa başladılar. Bu vaxt bizim digər qüvvə də həmən təpəyə hücuma keçdi, onlar təmiz panikaya düşdülər.
- Siz də təzədən Qızılqayaya hücum elədiniz?
- Əlbəttə, biz onsuz da addım-addım gedirik. Amma yuxarıdan bizə atəş gəlirdi. Bunlar sursatın üstündədirlər, dayanmırlar, gülləni, mərmini bizə tərəf səpirlər. Bizsə artıq iki-iki, üç-üç qayanın ətrafına səpələnib düşməni aldada-aldada çıxırıq. Bizim zirvəyə çatmağımıza 50-60 metr qalmış gördük ki, pulemyotçu bizə gün-saat vermir. İndicə kor güllə kimisə tutacaq. Bu vaxt ermənilər qumbara atdı, qumbara gəlib Asəf adlı döyüşçü yoldaşımızın yanında partladı. Gördük ki, qulağı, çiyni qan içindədir. Ona dedik ki, gəl bir nəfər qoşaq, səni aşağı aparsın. Dedi ki, yox, narahat olmayın, yaxşıyam, döyüşəcəyəm. Biz artıq zirvəyə çatanda ermənilərin pulemyotçusunu susdurmaq üçün Naxçıvandan olan döyüşçü yoldaşımız Zeynalov Elnur onun üstünə atıldı. Zeynalov pulemyotçunu susdurdu, amma bir neçə güllə onu tutdu deyə orada şəhid oldu.
- Döyüşçü atəş açan pulemyotçunun üstünə atıldı?
- Bəli. Atıldı ki, onu vursun. Vurdu da. Onu susdurdu. Amma erməninin səpdiyi güllə onu da tutdu. Bundan sonra ermənilər bizə avtomatdan atmağa başladılar.
- Siz artıq yüksəkliyə çatmışdınız?
- Biz çatmışdıq, amma çıxa bilmirdik, lap ətəyindəydik. Çünki atış mövqeyi dəhşət çox idi.
Biz də dedik ki, ölümdürsə, heç olmasa, biz ölək, onlar sağ qalsın
- Hər tərəfdən sizə atırdılar?
- Hər tərəfdən atırdılar, yüksəkliyin zirvəsində də nə var, nə yoxdur, bilmirdik. Biz Qarabağda olmamışıq, həmən ərazilərə ilk dəfə ayaq basırdıq. Əraziyə bələd olmadığımız üçün də bizə çətin gəlirdi. Orada döyüş yoldaşıma işarə elədim ki, get sola. Biz də qaldıq Qızılqayanın Füzuli tərəfində. Sizi inandırıram, iti sıldırımın ucunda dayanmışıq. Ermənilərlə 2-3 metr məsafədəyik. Bu dəqiqə məni aparsalar gedib ora çıxmaram, nəinki mən, heç kim. Amma orda elə vəziyyətdəyik ki, başqa yolumuz yoxdur. Biz də dedik ki, ölümdürsə, heç olmasa, biz ölək, onlar sağ qalsın. Bizim qarşımıza məqsəd qoyulub və o da nəyin bahasına olursa-olsun, icra olunmalıdır. Yoldaşlarla işarələşdik ki, növbəli atəş açaq, çünki hamımız bir yerdə atəş açsaq, eyni vaxtda darağı dəyişəndə düşmən bizi vura bilərdi. Razılaşdıq, yüksəkliyə çıxanda isə artıq onları o qədər çox gördük ki, bizim planımız baş tutmadı. Çünki bir nəfər onları susdura bilməyəcəkdi.
- Ermənilər sizi gördülər?
- Bəli, bəli, bizi görən kimi qaçmağa başladılar. Çünki bizi başqa istiqamətdən gözləyirdilər. Onlar fikirləşmirdilər ki, sıldırım istiqamətindən üstlərinə gələrik.
- Qumbara yoxunuz idi, qumbara atardınız?
- Qumbara da var idi, amma o vəziyyət onu tələb eləmirdi. Qalxıb qumbara atsaydıq, bizi vuracaqdılar. Yerimizdə uzanmışdıq, güllələr üstümüzdən keçirdi.
Yaralı da olsa, şəhid də olsa, biz irəliləməli idik
- Siz onda gizlində dayanmışdınız, başa düşmədim?
- Yox, gizlin söhbəti yox idi, onlar bizim gəldiyimizi bilirdilər. Onsuz yan mövqedən ermənilərə ötürülmüşdü ki, sizin üstünüzə gəlirlər. Buna görə də yaralı da olsa, şəhid də olsa, biz irəliləməli idik.
Səngərdəki ölmüş ermənilərin avtomatları ilə atəş açırdım ki, öz gülləmə qənaət edim
- Sizə o cür tapşırılmışdı ki, son adam qalana kimi vuruşun?
- Yox, bizə elə şey tapşırılmır, bu bizim psixologiyamıza yeridilib, nəyin bahasına olursa-olsun, tapşırıq icra olunmalıdır. O yüksəklik uğrunda mənim döyüşçü yoldaşlarım şəhid oldular. Buna görə vicdanım yol verməzdi ki, mən onları qoyum qaçım, tapşırığı yerinə yetirməyim. Necə olur, onlar canından keçə bilir, mən yox, mənim canım onların canından artıqdır? Yəni onu heç birimiz qəbul etməzdik. Nəinki mən, bütün döyüşçü yoldaşlarımız son damla qanımıza qədər orada vuruşacaqdı. Son damla qan demişkən, biz onları vurduq, ikimizin də darağı eyni anda boşaldı. Adətən biz avtomatdan tək-tək atəş açırıq, xüsusi təyinatlılar çox nadir hallarda avtomatla səpmə atəş açırlar. Biz də 15-20 gülləyə bir erməni vursaq daha başqalarından nə fərqimiz oldu! Biz orda o qədər güllə səpdik ki... Güllələrin hər biri hədəfə dəyirdi. Sadəcə onlar hədsiz çox idilər. İkimizin də darağı eyni vaxtda qurtaranda döyüşçü yoldaşım mövqenin arxasına keçdi, mənim qarşımda heç nə olmadığı üçün özümü səngərə atdım. Orda da bayaqdan vurduğumuz ermənilərin meyitləri var idi. Tez səngərdə darağı dəyişdim, ayağa dura-dura yerə də atdım ki, birdən ayağımın altında sağ qalan erməni olar. Və arxadakı uşaqları səslədim ki, çıxa bilərsiniz, arxadan gəlin, çıxın. Mən artıq öz avtomatımı saxlamışam, səngərdəki ölmüş ermənilərin avtomatları ilə atəş açırdım ki, öz gülləmə qənaət edim. Bu vaxt baxdım ki, arxada bizim Sumqayıtdan olan döyüşçü yoldaşımız Ələsgərli Zaur qalıb. O bir az çətin mövqedə qalmışdı deyə onu tələsdirdim. Təzədən darağı dəyişib atəş aparanda hiss elədim ki, nəsə yanımda “tıpp” elədi. Bir anlıq başımı sola çevirmək istəyəndə bir də gördüm, partlayış oldu. Hiss elədim ki, alov çıxdı, dəmir paralandı və qolum gözümün qabağından getdi, dalğa da məni atdı. Dəydiyim yadımdadır. Təxminən bir neçə saniyə sonra ayıldım ki, çiynimdən qan itirirəm. Əvvəl elə bildim qolumu itirmişəm, diqqətlə baxanda gördüm qolum çiynimdən arxaya qatlanıb.
- Sınmışdı?
- Sınmamışdı, xurd-xəşil olmuşdu (gülə-gülə çiynini göstərir), demək olar yox idi. Qolum çiyindən arxaya qatlanmışdı. Bazu sümüyə qədər qolum qırıq idi. Bazu sümüyü ortadan bölünmüşdü. Xülasə, kiteldən yapışıb qolumu özümə sarı çəkdim.
- Təbii ki, onun dəhşətli ağrısı da olardı.
- Əlbəttə ki, qan, ağrı... Dedim, yox, bu vəziyyətdə olmaz. Baxdım ki, yenə onlardan bizə atəş açılır. Avtomatı götürdüm. Səngərin üstünə qalxıb bir-iki güllə atdım, gördüm saxlaya bilmirəm. Qanaxma o qədər sürətlə gedirdi ki, gücüm qalmamışdı. 3 kiloluq silahı saxlaya bilmədim. Yıxıldım yerə.
- Bunlar hamısı nə qədər vaxta baş verdi?
- Qısa bir anda. Maksimum 3-4 saniyə ərzində baş verib.
- Siz danışırsınız, mənə elə gəlir, bir az uzun olub, sizə qısa gəlir.
- Yox, yox, yox. Sadəcə qan sürətlə axır, mən sürətlə zəifləyirəm. Bu vaxt Ələsgərli Zaur gəlib mənim yanıma çatdı. Dedim, Zaur, pisəm, mənə kömək elə. Zaur da qolumu dartdı, yanıma qoydu, kiteli cırıb yaraya baxdı, yüngülvarı sarıdı, dedi, qolun üstündədir, narahat olma, gəlirəm. Çünki ermənilər çox idilər, bizim uşaqlara kömək lazım idi.
Dedim ki, Zaur, məni qoyub getmə, mən özümü pis hiss edirəm
- Siz hələ də 25 nəfər qalmışdınız?
- Yox, Həşimov Fərrux, Rəcəbov Ruslan, Zeynalov Elnur, Səfərov Elnur orada şəhid oldu. Orada 5 nəfər şəhid verdik. Dedim ki, Zaur, məni qoyub getmə, mən özümü pis hiss edirəm. Mənə kömək elə, düşüm aşağı. Dedi, Xəyyam, 2 dəqiqə gözlə, söz verirəm, iki dəqiqəyə qayıdıram. Elə Zaur yuxarı çıxmışdı ki, onu vurdular, şəhid oldu. Mən də baxdım ki, burada qalmaqla uşaqlara yük oluram. Ölmək ehtimalım da daha çoxdur. Dedim, heç olmasa qalxım görüm, bəlkə özüm nəsə eləyə bilərəm. O boyda hündürlükdən düşə biləcəmmi? Ayağa qalxıb səngərdən çıxdım, təxminən 5-6 altı metr gedəndən sonra gördüm yeriyə bilmirəm. Yaralı qolumu özümə sıxdım və o boyda təpədən yumalanaraq aşağı düşdüm. Yolda daşa, kəsəyə dəyə-dəyə birtəhər gəlib aşağı çatdım. O qədər ora-bura dəymişdim ki, hər yerim qan içində idi. Artıq ayağa durmağa taqətim yox idi. Son nəfəsdə idim. Qarşımdakı insanın bir dənə gözünün işıltısını görürdüm.
- Sizi ordan hospitala aparmadılar?
- Bəli, məni orda maşına qoyub arxaya təxliyə elədilər (Bu vaxt fotoqrafımız gəlir, mən Xəyyamdan qolunu göstərməyi xahiş edirəm). Olar, niyə olmur. Mənim qarnım da yarıqdır, ora tor qoyublar. Day onu çəkməyin (gülür).
- Yox. Siz yəqin ki, indi də müalicə alırsınız?
- Bəli, əlbəttə. Daim nəzarətdə qalmalıyam.
- Bildiyim qədəri ilə partlayış zamanı qəlpə ağciyərinizi də dəlib.
- Elə yaralanan vaxtı döyüş yoldaşlarıma deyə bilmədim ki, məndə nə haldır. Nəfəsim gedib gəlmirdi. Dedilər ki, yəqin qoluna görə qanaxmadandır. Maşında həkim də soruşanda ki, səndə nə problem var, bir dənə qolundu? Dedim yox, qolum yox, sinəm partlayır, bunu dedim və özümdən getdim. Və artıq oyananda bildim ki, demək olar iki litr qan itirmişəm. Həkim dedi ki, bu qədər qanaxma ilə sağ qalmağın möcüzədir. Mən ayıldım ki, artıq qarnımı yarıb çıxarıblar, böyrümdən trubka taxıblar. Həkim danışırdı, trubkanı taxandan sonra ciyərindən fəvvarə kimi laxta qan vurmağa başlayıb. Demə ciyərlərimə qan dolubmuş.
- İndi necəsiniz?
- Hazırda burdan-bura (bədəninin qurşaqdan yuxarı hissəsini göstərir) qəlpələrin içindədir.
- Çıxarmaq olmur?
- Heç biri çıxarılmayıb, müdaxilə eləmək olmaz.
Mən ordaykən yüksəkliyi götürmüşdük
- Ağciyərdə də qəlpə qalır?
- İki ən böyük qəlpə elə ağciyərimdədir: 2.3 mm biridir, 1.9 mm də biri. Mənim ümumiyyətlə, ürək tərəfim, qarın nahiyəm daim uyuşma vəziyyətindədir.
- Deməli, siz yaralandınız, amma yoldaşlarınız yüksəkliyi götürdülər.
- Mən ordaykən yüksəkliyi götürmüşdük.
- Müharibədən sonra oralara getmisiniz?
- Bəli.
- Qızılqayaya gedib çıxdınız?
- Yox, hələ ora getməmişəm, kadrlarda görmüşəm.
- Çox vaxt müharibənin qəhrəmanlıq tərəflərini danışmağı xoşlayırıq, amma onun sarsıntılı, ağır tərəfləri də olur ki, bu barədə adətən susuruq. Müharibə iştirakçıları da yaşadıqları sarsıntılar barədə çox danışmağı sevmirlər.
- Düzdür.
- Müharibə vaxtı hansı sarsıntıları yaşamışınız? Bəlkə deyəsiniz?
- Müharibə dövründə mənim yanıma 2 dəfə partlayıcı qurğu düşüb, amma mənə heç nə olmayıb. Düzdür, başımda küy əmələ gəlib, müəyyən müddət heç nə eşidə bilməmişəm, havalı kimi olmuşam, amma yenə də sağ qalmışam. Bax, sarsıntı deyirsiniz, məni sarsıdan məsələlərdən biri o olub.
- Mən əsasən müharibədən sonrakı sarsıntıları nəzərdə tuturdum. Müharibədə iştirak etmiş şəxslər sonradan kabus görürlər, psixologiyaları yerində olmur.
- Elə şeylər əvvəllər olurdu. İndi olmur. Amma səs-küyə qarşı həssaslığım qalıb. Məsələn, mən evdə otururam, kimsə çöldə maqnitofona səs verir, ya ucadan danışırsa, durub evdən çıxıram. Bilirəm ki, ilk tədbiri görməsəm, sonra gedib dalaşacağam, axırda da peşmanlığını çəkəcəyəm. Onun üçün elə şey olanda durub evdən çıxıram. Əvvəl amma özümü cilovlaya bilmirdim, dərhal müdaxilə edirdim. Amma xalqımızın qayğıkeşliyi nəticəsində artıq səbrimi müəyyən qədər basmağı öyrənmişəm. Sadəcə uşaq səsi eşidəndə filan yaxınlaşıb deyirəm ki, olar, sakitləşəsiniz, onlar da deyirlər baş üstə. Ondan sonra da özüm utanıram.
- Bir də müharibədə itirdiyiniz döyüşçü yoldaşlarınız, onların rahatlıq verməyən xatirələri var...
- Əlbəttə... Bu dövrdə müharibənin ildönümü vaxtı daha çox xatırlayıram və pis oluram. Hər gün birinin, ya bir neçəsinin ölüm günüdür. Halbuki beş il əvvəl bu dövrdə həmən şəhidlər sağ idi. Biz onlarla deyib-gülürdük, zarafat edirdik.
- Bu ərəfələr bizim üçün sevincli günlərdir, çünki torpaqlarımızın qarış-qarış qayıtdığı günlərdir. Amma sizin isə hər gün döyüşçü yoldaşınızı itirdiyiniz günlərdir.
- Əlbəttə ki, yaralılarımız olurdu, şəhidlərimiz, itkilərimiz olurdu. Mən onu demək istəyirəm ki... mənim və mənim kimi döyüşçülərin çıxıb belə söhbətlər eləməsi lazımdır. Çünki millət bilməlidir ki, nəyi niyə eləyir. Özü də mən təklif edərdim ki, belə söhbətlər təkcə müharibənin ildönümü ərəfəsində yox, həmişə aparılsın ki, qoy gənc nəsillər də öz qəhrəmanlarını tanıyıb bu yoldan sapmasınlar. Çünki biz də doxsanıncı illərdə döyüşmüş, qəhrəmanlıq göstərmiş igidlərdən ibrət götürmüşük. On il, iyirmi il sonra biz olmayacağıq, bəs o zaman gənc nəsil kimlərdən ibrət götürəcək? Ona görə deyirəm ki, təkcə müharibənin ildönümü vaxtı deyil, hər vaxt belə adamlar diqqətdə saxlanılmalıdır.
- Düzdür, sizin və sizin kimi igidlərin göstərdikləri şücaətlər unudulmamalıdır. 44 gün boyu nağıl kimi günlər yaşadıq.
- Arada mən qohum uşaqlarına filan döyüş xatirələrini danışıram, elə bilirlər nağıl, fantaziya danışıram (gülür). Deyirlər gop eləyir. Sonra hansısa videonu, şəkli göstərəndə inanırlar. Amma bir tərəfdən də götürəndə xüsusi təyinatlıların həyatı həqiqətən də fantaziyaya bənzər həyatdır. Mən özüm də bu yaxında Qızılqayadan çəkilmiş videoya baxdım, özüm-özümə düşündüm ki, o yüksəkliyi alanlardan biri də mənəm? Necə çıxmışam ora? Doğrudan da nağıl kimi gəlir.
- Tərxis olandan sonra hansı işlə məşğulsunuz?
- Düzü indi işləyə bilmirəm. Qalmışam kənarda. Düzdür, dövlətin nəzarətindəyəm, Allah dövlətimizi var eləsin, Ali Baş Komandanımızın canını sağ eləsin.
- Bütün günü evdə olursunuz?
- Bəli. Daha işləmək gücüm yoxdur. Üç-dörd aydan bir müalicələrdəyəm.
- Evlisiniz?
- Bəli.