“Dünyada fanatizm və ekstremizmin ayaq açdığı bir zamanda...” Müsahibə

“Dünyada fanatizm və ekstremizmin ayaq açdığı bir zamanda...”

Misirin müvəqqəti işlər vəkili: "...Azərbaycan tolerantlıq modelinə çevrilib"
Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysam Cəlalın APA-ya müsahibəsi:

- Hazırda İsrail və Fələstin arasındakı danışıqlarda əsas vasitəçi kimi Misir çıxış etsə də, danışıqlar gərgin və ləng gedir, bölgədə sülhün bərpası inandırıcı görünmür. Problem nədədir?

- Misir fələstinlilərin beynəlxalq hüquqa əsaslanmaqla azad, müstəqil və suveren dövlət yaratmaq hüququnu dəstəkləyir. Fələstin məsələsi hər zaman Misirin milli təhlükəsizliyinin bir hissəsi olub və Misir Fələstin xalqını qorumaq üçün səylərini əsirgəməyib. İsrail-Fələstin münaqişəsinin nizamlanmasında Misirin rolu birmənalı və əvəzsizdir. Misir hər iki tərəf arasında körpü yaratmağa çalışır. Biz ümid edirik ki, yaxın zamanlarda bu qarşıdurmanı dayandıra biləcəyik. Misir müvəqqəti atəşkəsin əldə olunmasında müəyyən uğurlar əldə etdi, lakin bu, şübhələr və inamsızlıq üzündən pozuldu. Davamlı atəşkəs üçün daha çox səylərə ehtiyac var. Fələstin xalqının əzab çəkməsinə son qoymaq lazımdır.

- İraq və Suriyada gedən proseslərə rəsmi Qahirənin yanaşması necədir?

- Biz bu ölkələrdəki prosesləri narahatlıqla izləyirik. Zəngin tarixə və mədəniyyətə malik olan İraq və Suriyada qan axıdılmasını görməkdən təəssüflənirik. Buna görə də Misir hər bu ölkələrdəki böhranları siyasi yolla həll etməyə istiqamətlənmiş beynəlxalq və regional təşəbbüsləri dəstəkləyir. Biz həmçinin bu ölkələrdəki terrorçu qrupların zərərsizləşdirilməsi üçün beynəlxalq səyləri dəstəkləyirik. Terrorun sərhədləri yoxdur və bu, bir ölkə ilə məhdudlaşa bilməz.

- Misir inqilabdan sonra nə qazandı, nə itirdi? Hazırda ölkədəki yenidənqurma və islahatlar hansı səviyyədədir?

- Misir iki il ərzində iki inqilaba şahid oldu. Birinci inqilab 2011-ci ilin 25 yanvar tarixində baş verdi və nəticədə korrupsioner rejim devrildi. 2013-cü il iyunun 30-da isə "Müsəlman qardaşları"nın fanatik rejimi hakimiyyətdən kənarlaşdırıldı. Beləliklə, deyə bilərik ki, Misir son 3 ildə korrupsiya və fanatizmlə üz-üzə olub. 2013-cü il iyunun 30-dan sonra Misir öz tarixində yeni mərhələyə keçib, daha çox nailiyyətlər və perspektivlər üçün ümidlər yaranıb. Misir hələ də özünün keçid dövrünü yaşayır, lakin misirlilər gələcəyə ümidlə baxır və bütün sahələrdə daha çox islahatlar, daha çox inkişafa doğru irəliləyirlər.

- Yeni hakimiyyətin platformasında və strategiyasında onu öncəki hökumətlərdən fərqləndirən hansı cəhətlər var?

- Fərq çox sadədir. Bu, "Müsəlman qardaşları"nın fanatik ideologiyası ilə yeni hakimiyyətin vətənpərvər ruhu və obyektivliyi arasında olan fərqdir. Yeni seçilən prezident əksər misirlilər tərəfindən dəstəkləndi, hökumət isə ölkə həyatının bütün sahələrində davamlı və səmərəli islahatlar aparmağa başladı.

- Misirdəki inqilablardan sonra Misir-Azərbaycan münasibətlərinin durumunu necə qiymətləndirərdiniz?

- Misir və Azərbaycan arasındakı münasibətlər ortaq tarixə və mədəniyyətə, qarşılıqlı hörmətə və bütün sahələrdə pozitiv əməkdaşlığa köklənib. Yeni mərhələdə beynəlxalq təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq mövcuddur. Misir Azərbaycandakı davamlı inkişafı və müsbət nailiyyətləri məmnunluqla izləyir. Mən Azərbaycandakı müxtəlif dini icmalar arasında tolerantlıq və birgə mövcudluq üçün yaradılan şəraitə də toxunmaq istərdim. Dünyanın müxtəlif yerlərində fanatizm və ekstremizmin ayaq açdığı bir zamanda Azərbaycan izlənilməsi gərəkən tolerantlıq modelinə çevrilib. Misir Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü ilk tanıyan, 1992-ci ildə Bakıda öz səfirliyini açan ölkələr arasındadır. Misir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı BMT Təhlükəsizlik Şurasının və beynəlxalq təşkilatların qətnamələrini dəstəkləyir. Biz ümid edirik ki, münaqişənin sülh yolu ilə həll edilməsi naminə ATƏT-in Minsk qrupunun səyləri davam edəcək. Və inanırıq ki, münaqişənin həlli bölgədəki sabitliyə və inkişafa yol açacaq.

- Azərbaycanla Misirin mədəniyyət sahəsindəki əlaqələrini necə dəyərləndirirsiniz?

- Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni bağlılığın təbliğinə və inkişafına xidmət edir. Misirlə Azərbaycan arasındakı mədəni əlaqələr çox yüksək səviyyədədir və müxtəlif rəsmilərin etdiyi qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Məsələn, iyun ayında Bakıda Misir Mədəniyyət Günləri keçirilib, gələn il isə Qahirədə Azərbaycan Günləri keçiriləcək. Hazırda qarşılıqlı turist mübadiləsini inkişaf etdirmək sahəsində addımlar atılır. Bakı ilə Şarm-el-Şeyx və Hurqada kimi Qırmızı Dəniz kurort mərkəzləri arasında çarter uçuşlarını təşkil etmək planları üzərində işləyirik.