“Vətən sevgisinin müddəti isə ömürdən o tərəfə keçir” Ədəbiyyat

“Vətən sevgisinin müddəti isə ömürdən o tərəfə keçir”

II yazı

Bəxtiyar Vahabzadənin yaradıcılığının formalaşması keçmiş sovet dövrünə təsadüf edir. Bu dövrdə xalq həyatına, milli duyğulara, dövlətçilik ideologiyasına münasibət birmənalı olmamışdı. Velikorus şovinizminə aludəçiliyin baş aldığı bir dövrdə ana dili ilə bağlı yazılan mövzular hər bir sənətkar üçün millətçilik kimi yozulurdu. Bu dövrdə B.Vahabzadənin "Latın dili" şeiri ilə bağlı qaldırılan hay-küy bunun əyani nümunəsidir.
B.Vahabzadənin ana dilinə olan xüsusi vurğunluğu türk dünyası aydınlarının diqqətini cəlb etmişdi. Onun ana dilinin saflığına, xalqın milli-mənəvi dəyərəlrinə, ədəbiyyatının xəlqiliyinə, türk xalqları ədəbiyytanın ortaq dəyərlərinə verdiyi qiymətlər və əsərlərinin bu mövzulara həsr edilməsi mütərəqqi türk aydınlarını B.Vahabzadə yaradıcılığına yaxınlaşdırırdı.
Prof. Mehmet Kaplan B.Vahabzadə şeirini "Brilyant kimi bir şeir" adlandırmış, prof. Dursun Yıldırım onu "Azərbaycan türklərinin olduğu qədər müasir dünya türklərinin də böyük şeir ustası" hesab etmiş, prof. Ahmed Bican Ercilasunun "Vahabzadə bizə öyrətdi ki, hər millətin ana dili o dilin namusu və vicdanıdır" konsepsiyası, onun şeirini "insanın içində yanan bir atəş"ə bənzədən Ali Yavuz Akpınarın poetik düşüncələri, Yavuz Bülend Bakilərin "Türk ədəbiyyatı üçün Mehmet Akif, Yahya Kamal, Nəcib Fazıl kim isə Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar Vahabzadə odur. Bu baxımdan yeni Azərbaycan Cümhuriyyətinin yaradılmasında onun haykıran yaradıcılığının mühüm payı vardır" deməsi Vahabzadə yaradıcılığının Türkiyədəki ictimai və siyasi məziyyətlərini göz qabağını gətirməkdədir.
1995-ci ildə o zaman Türkiyənin IX Prezidenti olan Süleyman Dəmirəl Bakıya gələndə B.Vahabzadəni qəbul etmişdi, onunla söhbətində "Sizin ədəbi yaradıcılığınız bütün türk dünyasının mənəvi birliyi və yüksəlişi ilə də yaxından əlaqədardır. Odur ki, sizi sadəcə azərbaycanlı qardaşlarımızın deyil, çağdaş türk dünyasının böyük bir qələm ustadı olaraq salamlayıram" demişdi. Türkiyənin IX Prezidentinin B.Vahabzadənin 1967-ci ildə yazdığı "Kök" şeirini əzbər deməsi də təsadüfi deyildi:

Ağaclar
Kök üstə boy atır.
Ucalır.
Ağaclar
Kökündən güc alır.
Dünyada
Hər şeyin kökü var.
Kökü var
Torpağın, daşın da…
Adamsa kökünü
Gəzdirir başında.

Süleyman Dəmirəl kökümüzün bir olduğu və "Bir millət, iki dövlət" kimi aksiomlanmış Azəbaycan və Türkiyə münasibətlərində ortaq dəyərlərimizin müstəsna rolunu qeyd edərək, bu ortaq dəyərləri yaşadan şəxsiyyətlər içərisində B.Vahabzadənin də adını çəkərək böyüyən bu ortaq dəyərlərin hamımızın olduğunu, bütün türk xalqlarının eyni kökdən olduğu üçün eyni kökdən də boy atıb ucalmalarını, eyni ideala xidmət etmələrini deyirdi. Türk dünyasının böyük qələm ustası Ç.Aytmatov B.Vahabzadə yaradıcılığından qürur, iftixar və məhəbbətlə söz açaraq yazırdı: "Bizi əhatə edən aləmdə nə varsa, Vahabzadəni düşündürür: xeyir və şəri, gözəlliklə eybəcərliyi, böyüklərlə kiçikliyi, bir sözlə, insan ruhunun ali və xırda duyğularını poeziya səviyyəsinə qaldırmaq ehtirası Bəxtiyarın fitrətindədir".
B.Vahabzadənin böyük sənətkar, böyük vətəndaş, böyük insan deyə qiymətləndirdiyi Ç.Aytmatovu Vahabzadəyə bağlayan tellərdən biri də Ç.Aytmatovun da ana dilinə olan milli münasibətdir. Qırğızıstanda keçirilən elmi-praktik konfransda rus jurnalisti Romanyukun qırğız dilində məktəblərin lüzumsuzluğunu ifadə edən fikrini Ç.Aytmatovun acı istehza ilə "Əgər qırğızlar öz dillərini bilməsələr, görəsən qırğız dilini öyrənən ruslar bu dildə kimlə danışacaqlar?" - eyhamına B.Vahabzadənin münasibəti kəsərli idi. O "İftiraya cavab" məqaləsində yazırdı: "…Heç bir xalq, o cümlədən qırğızlar öz ana dilinən əl çəkməzlər. Söhbət "Manas" kimi epos yaradan bir xalqın dilindən gedir. Bu xalq öz uşaqlarını ana dilində oxumaq istəmir? Xalq da ana dilindən imtina edərmi? Bax, məsələnin dəhşətli tərəfi budur. Boynuna ədaləti müdafiə missiyası götürən müxbir bəs buna niyə narahat olmur? Yoxsa, bu, ona sərf eləmir?"
Ç.Aytmatov başqa bir yazısında "B.Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan. Xalqının canlı dil memarlığına öz töhfəni verəsən" - deyirdi.
B.Vahabzadənin milli və bəşəri amallara xidmət edən bədii və publisist yaradıcılığına diqqət edən Qazax türklərinin milli düşüncəli ədibi Oljas Süleymenov yazırdı: "Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb. O, xalq şairidir, laureatdır, ən böyük mükafatlara layiq görülüb. Lakin ən böyük mükafatı xalqın sevgisidir. Bəxtiyarın həm bədii yaradıcılığı, həm də ictimai fəaliyyəti hər cür hörmətə layiqdir".
O zamanlar Sovetlər Birliyində yaşayan mütərəqqi fikirli elm adamları, qələm ustaları da İranda yaşayan Azərbaycan şairləri də B.Vahabzadə yaradıcılığının önəmini qeyd edirdilər.
Görkəmli tarixçi alim Lev Qumilyovun B.Vahabzadənin "Fəryad" əsəri haqqındakı aşağıdakı fikri də öz səmimiyyəti ilə önəmlidir. O yazırdı: "Bəxtiyar Vahabzadə azad fikirli qəhrəmanlarını mütəfəkkir şair və şəhidlər, onların düşmənlərini isə doğma övladlarının belə üz döndərməyə hazır olduğu amansız, kütbeyin ehkamçılar kimi təsvir etməkdə haqlıdır. Onların davranışında xeyirxahlıq və mənəviyyat, qeyd-şərtsiz, qorxaqlıqdan və şəxsi mənafe güdmək cəhdindən daha güclüdür. Müəllif tarixi həqiqəti təhrif etməyib. Çünki qədim türklərə təmənnasızlıq, rəşadət və öz ideallarına sədaqət xas idi. Məhz bu keyfiyyətlər türklərə bəşəriyyət tarixində şərəfli yer tutmaqda kömək edib".
Rus şairi Yevgeni Yevtuşenko yazırdı ki, "Bəxtiyarı dinləyəndə, dili bilməsən də, onun şeirləri adama şirinsoy gəlir. Hətta sətri tərcüməni oxuyanda dilin gözəlliyi arxasında gizlənmiş dərin qəm və kədəri hiss edirsən. Elə bil ki, Azərbaycan narıdır: şirəsini içirsən, şirindir, qabıqlı yesən acıdır".
Başqa bir rus yazıçısı İqor İsayevin B.Vahabzadənin rus dilində nəşr olunan "Мы на одном коробле" ("Bir gəminin yolçusuyuq") kitabına yazdığı ön sözdən bir neçə cümlə: "Bəxtiyar dərin axtarışda olan və narahat düşüncələr şairidir. Sözü ilə əməli bir olan adamdır. Bir insan və şair kimi xarakterinin bu keyfiyyəti təkcə onun kiçik şeirlərində deyil, epik əsərlərində, adamları vicdana, igidlik və gözəlliyə çağıran poemalarında da meydana çıxır".
B.Vahabzadə şeirlərini rus dilinə tərcümə edən rus şairi Rimma Kazakovanın "Mən Bəxtiyar Vahabzadəyə müəllim deyirəm, çünki onun şeirlərini oxuyanda, yaxud tərcümə edəndə öyrəndim və öyrənirəm. Onun kimi əsl müəllimdən yalnız öz sənətini cilalamağı yox, ürəyin etiqad etdiyi ciddi, vicdan qanunlarını mənimsəyirsən" (bax: "Литературная газета", 1985, 21 avqust) ədəbi düşüncəsi, Ukrayna şairi Pavlo Movçanın "Bəxtiyar Vahabzadə insan varlığını, insan taleyini ənənəvi motivlərlə, ən yeni poeziyanın nailiyyətləri ilə birləşdirərək, geniş imkanlar yaradır… Şair hər şeirində təbiidir, çünki o səmimidir, ürəyiaçıqdır, ədəbaz deyil, sünilikdən uzaqdır" deməsi ("Литературная газета", 1984, 12 sentyabr) Vahabzadənin real sənətinə verilən əsil qiymətdir.
B.Vahabzadə haqqında yazılanlardan da göründüyü kimi, vətən, dil, milli-mənəvi dəyər onun əsərlərinin baş mövzusudur. B.Vahabzadə bir publisist məqaləsində Vətən haqqında yazırdı: "Sevgilini sevməyin müddəti ömür qədərdir. Yəni burada sevginin müddəti ömrə bərabərdir… Vətən sevgisinin müddəti isə ömürdən o tərəfə keçir. Sevgilini özümüz üçün seviriksə, Vətəni xalqımız üçün, bu xalqın gələcəyi üçün, üzünü belə görə bilməyəcəyimiz nəvələrimiz, nəticələrimiz və kötücələrimiz üçün sevirik".
Altmış illik yaradıcılığını Azərbaycançılıq, türkçülük, dövlətçilik məfkurəsinə və milli-mənəvi dəyərlərin qorunmasına həsr edən vətənpərvər şair sözün əsl mənasında xalq üçün yaşayıb. Deyə bildiklərinə cəsarəti çatıb, deyə bilmədikləri həqiqətlər isə "dilinin ucunda" qalıb. Böyük mütəfəkkir Əlibəy Hüseynzdənin dediyi kimi:

Dilimin ucundadır həqiqətin böyüyü,
Nə qoydular deməyə, nə kəsdilər dilimi…
B.Vahabzadə isə bədxahlardan ehtiyat edib deyə bilmədik¬lərini:
Çəkilmişəm qınıma
qorxuram mən,
Yalan desəm Tanrıdan,
Doğru desəm bəndədən – şəklində etiraf edirdi…

Maarifə Hacıyeva
professor