“Şah İsmayıl” dastanında qəhrəman prototipi Ədəbiyyat

“Şah İsmayıl” dastanında qəhrəman prototipi

3-cü yazı

"Şah İsmail Hikayesi Üzerine Mukayeseli Bir Araştırma" adlı doktorluq tezi işləyən Faruk Çolak obrazın prototipi haqqında ona ünvanladığımız suala belə cavab vermişdir: "Türkiye araştırıcılarına göre, bu obraz Sultan Səlimin çağdaşı olmuş I Şah İsmaildir. Lakin Türkiyede ve Azerbaycanda yaşayan bezi Elevi Bektaşiler bu obrazı I Şah İsmayılın prototipi olması fikri ilə razılaşmır, bunu Şeyx Heydərə təhqir saymışdır". Lakin yenə də qeyd edirik ki, hər hansı bir tarixi şəxsiyyət tarixi qəhrəmana çevrilərsə, onun tarixdə olan mövqeyi, tarixiliyi silinir və sırf dastan qəhrəmanı kimi xalq romanlarının qəhrəmanına çevrilir.
S.Paşayev də Şah İsmayıl obrazının prototipi haqqında fikirlərini ümumiləşdirərək yazır: "Bundan əvvəlki tədqiqatlarda "Şah İsmayıl və Gülzar" dastanında toponomik adlara görə, bəzən Şah İsmayılın Şah Xətai olmadığı iddia edilirdi. Biz İran səfərimizdə öyrəndik ki, indiki Ərdəbilin adı Qəndahar olub. Bura isə İsmayılın doğulduğu yurddur. Dastanda Gülzarın Türkmən paşanın qızı olduğu deyilir. Biz öyrəndik ki, Şiraz yaxınlığında türkmən boyları yaşayır və Gülzar da bu coğrafi məkanla bağlıdır. Eyni zamanda, dastanın bu yerlərdə cərəyan etməsi ilə bağlı xeyli real faktlar mövcuddur". Alim dastan yaratmanın mahiyyəti müstəvisində məsələyə yanaşaraq yazır: "Novruz", "Şah İsmayıl", "Nəcəfxan", "Alı xan-Pəri xanım", "Dilsuz-Xəzangül", "Məsum-Diləfruz" dastanları ... qədim epos və dastanlardan ən əsaslı nağıllardan, əsatir, əfsanə, rəvayətlərdən istifadə yolu ilə yaradılmış xəyali dastanlardır. Bunlar bir fərddən çox, bir neçə fərdin, hətta neçə-neçə ozan və aşıq kollektivinin yaradıcılıq məhsuludur. Bu dastanların müəyyən olunmuş yurdu da yoxdur, şəxsiyyəti bilinən müəllifi də. Doğrudur, real tarixi dastanlar da bir qayda olaraq, zaman-zaman dəyişir, təkmilləşir, zənginləşmə prosesi keçirir, yeni-yeni çalarlar qazanır". Bütün bunlar dastan yaratma ənənəsində zənginliyi və "Şah İsmayıl" dastanının qəhrəman prototipinə konseptual səviyyədə yanaşmanı zəruri edir.
Dastanın variantlarında, elecə də qara variantlarında olan bəzi motivlər (Kalay Lama, Qazax variantında dirilik suyu və s.) dastanın Şah İsmayıl dövründən əvvəl yarandığını göstərir. Öz hökmdarını hədsiz məhəbbətlə sevən xalq hekayəsi yaradıcıları qədim bir hekayəni götürərək, Şah İsmayılı həmin hekayənin qəhrəmanına çevirib. Beləliklə, aşağıdakı fikirlər "Şah İsmayıl" dastanının Şah İsmayıl Xətaiyə ithaf olması haqqında düşünməmizə əsas verir.
1. Həm surətin, həm də prototipin adı Şah İsmayıldır;
2. Dastanda olan toponomik adlar;
3. Şah İsmayıl Xətai Ərdəbil təkkəsinə sığınır, etnosun ideallarını reallaşdıracaq bir qəhraman kimi yetişdirilməsi üçün xüsusi təlim-tərbiyə alır. Dastanda da İsmayılın təlimi və tərbiyəsini qaranlıq mahzendə, kimsənin görmədiyi bir otaqda alır;
4. Şah İsmayılın təlimi, yetişdirilməsi 15 yaşında sona çatır və 15 yaşında Səfəvi dövlətini qurur. Dastanımız da Şah İsmayıl təhsilini 15 yaşında tamamlayır, "işıqlı dünyaya" çıxır;
5. Dastanımızın qəhrəmanı öz sevgilisindən əlavə Ərəb Zəngi və Rəmdar Pəri ilə evlənir. Bu isə məhəbbət dastanları üçün nadir hallardan sayılır. Türkiyə tarixçisi Yılmaz Öztuna "Türkiyə tarihi" əsərində Şah İsmayılın üç zövcəsi olduğunu qeyd etmişdi;
6. Şah İsmayılın xalq tərəfindən sevilməsi;
7. Tarixi faktlara söykənən dastanın Təbriz variantı.
Bütün bunlar son olaraq qəhrəman prototipində ciddi istiqamətlər kimi qənaət¬lərin ümumiləşməsinə və Şah İsmayıl Xətai kimi böyük şəxsiyyətin dastan qəhrəmanı olmasına daha çox əsas verir. Fikrimizcə, dastan boyu mübahisə doğuracaq epizodlar söyləyici düşüncəsində təsadüfün hadisəsi kimi təsir bağışlayır. Əsas olan "Şah İsmayıl"ın cövhərini təşkil edən qəhrəman obrazı və dastan yaratma ənənəsinin spesifikliyidir ki, bu da qənaətlərimizin təsdiqinə əsas verir.
Şah İsmayıl folklor məkanında obrazlaşmış, ictimai-kulturoloji hadisələrin gedişində yaddaşa ötürülmüş hadisə kimi səciyyələnir. Bunun isə tarixi reallığa, etnosun istək və arzularına daha çox yaxın olması kimi güclü səbəbləri var. Zəngin folklor mühitləri bütün müstəvilərdə etnosun varlığını, münasibətlərini ifadəyə və onu təlqinə hesablanıb. Şah İsmayıl obrazının da folklor hadisəsi olaraq yaşamının reallığa əsaslanan qaynaqları lazımı qədər çoxdur. Onu da əlavə edək ki, Azərbaycan folklorunda bədii təxəyyüldən keçən şah obrazları çoxdur. Şah obrazları həyatda nə qədər zalım olsalar da, daşıdığı ictimai funksiyaya görə, yəni xalqı idarəetmə işinin ədalətli olub-olmadığına görə, eyni zamanda xalqın arzuladığı şah meyarlarına uyğun gəlib-gəlməməsinə görə zalım və ya ədalətli ola bilərlər. Ədalətli və ya zalım olmaq sosial cəmiyyət üçün tələb səviyyəsində olanda şah ya yararlı, ədalətli, ya da ədalətsiz, yararsız mahiyyət daşıyır.
Xalq öz hökmdarını ona görə sevir ki, onun arzularına uyğun gəlir. Şah İsmayıl da belə xoşbəxt hökmdarlardan olub. Bunun bir səbəbi də Şah İsmayılın xalq içindən çıxması olub. Onun ata-babaları xalq içərisində hörməti olan müqəddəs şəxsiyyətlər olub, şeyx kimi xalqı öz arxalarınca apara bilmişdilər. XIV-XV əsrlərdə ictimai-siyasi mühit ciddi təlatümlərlə, ayrı-ayrı qrupların kəskin mübarizəsi, feodal müharibələri, teymurilərin, monqolların cahangirlik savaşları ilə səciyyələnir. Ağqoyunlu, Qaraqoyunlu, Şirvanşah xanədanında baş verən ziddiyyətlər böyük narahatlıqlara gətirib çıxarmışdı. Məlum olduğu kimi, Şah İsmayıla qədər həmin mərhələdə xalqın həyatında rol oynayacaq hökmdarlar az olub. Ölkə kiçik əyalətlərə, tayfalara bölünmüşdü. Şah İsmayılın əsas xidməti bu kiçik əyalətləri, tayfaları birləşdirib xalqı xarici basqınlardan, vergi və xəraclardan azad etməsidi. Həsən bəy Rumlu yazır ki, Şah İsmayıl hakimiyyətə gələndən sonra ilk tədbiri rəiyyətin vəziyyətini yüngülləşdirməkdən ibarət olub.
Şah İsmayılın geniş dünyagörüşü, hadisələrə fərqli münasibəti ilə xalqın arzuları üst-üstə düşdüyündən onun haqqında xoş təəssüratlar yaranıb, Şah İsmayıl obrazı xalq düşüncəsində özünə möhkəm yer tapıb. Bu obraz xalq yaddaşında çoxalıb, özünün mükəmməl folklor obrazlarını yaradıb. Onun folklor obrazlarında Şah İsmayıl rəvayət qəhrəmanı, nağıl qəhrəmanı, dastan qəhrəmanı səviyyələrində sabitləşib. Şah İsmayıl haqqında olan bu mətnlər bir-birinin formalaşmasında yaxından iştirak ediblər. Nəğmə, əhvalat, rəvayətdən nağıl və dastan qəhrəmanı olmaya qədər zəngin bir inkişaf yolu keçib. Bunların hamısının əsasında Səfəvilərin apardığı müqəddəs mücadilə, etnosun gələcək taleyinin müəyyənləşməsi kimi ideyalar dayanırdı. XIII əsrdən başlayan bu mücadilə (nəsil anlamında) Şah İsmayıl Xətainin şəxsində reallaşması ilə folklor təfəkkürünü daha da hərəkətə gətirdi. Bu nəsillə bağlı olanların böyük əksəriyyətinin Şah İsmayıl adına bağlanması prosesi getdi. Xalq öz qəhrəmanı haqqında nəğmə, rəvayət, əfsanə, dastan, nağıl və s. ibarət zəngin bir ədəbiyyat fondu yaratdı və istək, arzularını bununla bir istiqamətdə gələcəyə ötürdü.
Şah İsmayıl haqqında rəvayətlər öz məzmununa və ideyasına görə ilkin yaranan mətnlər sırasındadır. Şah İsmayılla bağlı ilkin rəvayətlərin yaranma tarixi qaranlıq olsa da, bunların xalq yaddaşında uzun əsrlərdən bəri yaşaması hökmdara olan sevgidən asılı olub. Belə rəvayətlərdə əsas mövzu İsmayılın qeyri-adi gücü, məhəbbəti, onun şəxsiyyətinin ilahiləşdirilməsi və s. ola bilir. İsmayıllıdan toplanmış "Şah İsmayıl" haqqında rəvayətdə də onun igidliyindən və məhəbbətindən bəhs edilir. Rəvayətin qısa məzmunu belədir ki, Şah İsmayıl sevdiyi qıza məhəbbətini sübut etmək üçün meşədə ceyranın ayağını oxla qulağına yapışdırır. Bundan sonra qız onun sevgisinə cavab vermək üçün 3 il vaxt istəyir. Bu müddət ərzində qız atasına bir inək aldırır, gündə 3 dəfə bu inəyin balasını üçillik olana qədər ikinci mərtəbəyə çıxardıb düşürür. Bundan sonra Şah İsmayıla xəbər göndərir. Şah İsmayıl gələndə inəyin balasını ikinci mərtəbəyə üç dəfə çıxardır, düşürür. Deyir: "Oğlan, mənim igidliyimi gördünmü? Şah İsmayıl deyir ki, onu vərdiş elətdirmisən. Qız ona deyir ki, sən də belə vərdiş eləmisən. Mən igidəm, belə bir heyvanı çıxardıb düşürtmüşəm" (söyləyəni Məmmədov İdris Mahmud oğlu. İsmayıllı rayonu Hacıhətəmli kəndi, 1902-ci il təvəllüdlü, 1985).
Bu rəvayətin formalaşmasında folklor motivlərindən istifadə olunub. Bəhram Gurla bağlı rəvayətlərdəki motivlər sonradan yaranmış rəvayətə köçürülüb, təkcə obrazların adları dəyişdirilib. Bu rəvayətin yaranmasının səbəbi isə yuxarıda deyildiyi kimi Şah İsmayıla olan məhəbbət olub. Göründüyü kimi, Şah İsmayılın qəhrəmanlığı qeyri-adiləşdirilib. Rəvayətin məzmununda da o dövrlər üçün qızların nişanlı seçərkən onların igidliyə üstünlük verməsi faktı hiss olunur. Şah İsmayıl da bu parametrə uyğun gəldiyindən "nişanlı" kimi rəvayət qəhrəmanı seçilib.
"Qoyunölümü keçidi" adlanan rəvayətdə Şah İsmayılın Şirvana yürüşü zamanı meydana çıxan br çətinlikdən bəhs olunur. Kür-Araz qovşağının Qoyunölümü adlı yerində payız daşqınları yolları kəsir. Keçid axtarışı ilə qoy-götür uzanır. Şah İsmayıl müəyyən bir yer seçib atını gözlənilmədən suya vurur. Böyük hökmdar çayın ortasına çatmamış, qızılbaşlar da atlarını suya vuraraq asanlıqla, tələfatsız sudan keçirlər. "Şah dağı"nda nəql olunur ki, Şah İsmayıl ölümündən bir həftə əvvəl Şəki mahalına gəlmiş, Şah dağına ova çıxmaq istəyib. Yerli əhali onu bu işdən çəkindirərək bildirir ki, keçmiş çağlardan burda heç kəs, hətta şahlar da ov ovlamır. Deyilənlərə qulaq asmayan şah ova gedir. Ov şənliyi qurtarar-qurtarmaz Şah İsmayıl xəstələnir, bir neçə gündən sonra ölür. Başqa bir məşhur rəvayətdə isə "görünür Şah İsmayıl qılıncı qardaşından qızırqalanıb, vermək istəməyib" deyən Osmanlı sultanına "qılınc haman qılınc, qol haman qol deyil" cavabını verir. Qeyd edək ki, məşhur Çaldıran döyüşündə qoşun sayı Qızılbaşlardan çox olan Osmanlı qoşunu üzərinə gecə hücum etmək barədə təklifə, Şah İsmayıl "mən karvanbasan quldur deyiləm ki, gecə hücum edim" cavabını verir. Bütün bu igidliklər, qorxmazlıqlar, yaxşılıqlar onu xalqının gözündə dəfələrlə yüksəkliklərə qaldırıb, onun haqqında rəvayətlər, nağıllar, dastanlar yaratmağa zəmin verib. Şah İsmayıl obrazına az da olsa nağıllarda da rast gəlinir. Belə nağıllar xalq yaddaşında uzun müddət yaşamayıb. Bunun səbəbi isə belə nağılların qeydiyyata alınmasından sonra qəhrəman adlarının dəyişdirilməsi olub, bu nağılların arxaik mətnini ancaq süjetinə görə bərpa etmək mümkün ola bilər.

Kəmalə İsmayılova
araşdırmaçı