Qulam Yəhyanın xatirələri Ədəbiyyat

Qulam Yəhyanın xatirələri

10-cu yazı
Zəncandan ardı-arası kəsilmədən məlumat gəlirdi ki, Zülfüqari dəstələri Zəncanı tutmağa hazırlaşırlar. Bu vəziyyəti yerində yoxlayıb, dəqiq məlumat bilmək üçün yanvar ayının 15- dən 18-nə qədər sərhəng Azəri Zəncana göndərildi. Oradan qayıdıb, gələndən sonra verdiyi kətbi məlumatdan aydın olurdu ki, Zülfüqarinin Zəncana həmlə edəcəyi xəbəri yalan şayiədən başqa bir şey deyildi. O məlumatında göstərirdi ki, Zəncanda sakitlikdir və heç bir narahatedici hadisə və buna oxşar bir şey yoxdur. Azərinin belə sakitedici məlumatina baxmayaraq mən fədai başçılarına tapşırdım ki, daim düşmənin qəfildən hücumuna hazır olsunlar. Eyni zamanda vəziyyət haqqında tez-tez məlumat versinlər. Onlar da bizim tapşırığımıza əməl edib, tez-tez oradakı hadisələr, ümumiyyətlə, vəziyyət haqqında ardıcıl məlumat verirdilər.
Bizə verilən dəqiq məlumatdan aydın oldu ki, Zülfüqari kəndlərdən özləri üçün atlılar toplayır. Mən bu haqda Pişəvəri ilə danışdım. O, mənim Zəncana getməyimi məsləhət gördü. Mən 1946-ci ilin fevral ayının əvvəllərində Zəncana getdim. Oradakı yoldaşların çoxu ilə, xüsusilə, fırqə aktivilə Miyanada olduğum müddətdən tanış idim. Vəziyyətlə tanış olduqda məlum oldu ki, Zülfüqarinin atlıları Zəncanın yaxınlığında olan kəndlərə qədər gəlib, özlərini orada möhkəmləndirmişdi. Onun bu yerlərdə xatircəm ağalıq etməsinə səbəb olan başlıca səbəb qışın o ili çox sərt keçməsi, onların olduğu yerlərə yolların olmaması, eyni zamanda Xəmsə mahalına yaxşı bələd olmasından əlavə, yerli əhalinin (kəndlilərin) ondan qorxmas ı idi. Zülfüqari kəndlilərlə çox qəddarcasına rəftar edir, hər cürə pis əməldən çəkinmir və hətta kəndlini öldürmək kimi tədbirlərdən də istifadə edirdi.
Xəmsə mahalını Zülfüqarilərdən azad etmək məqsədilə fədailərin özlərini difa etməkdən həmlə-hücüm etmələrinə göstəriş verdim. Fədailər mənim tapşırıqlarımı yerinə yetirərkən, müəyyən qələbə əldə etmiş oldular. Ümumiyyətlə, fədailər kəndlərdə olarkən müəyyən kiçik də olsa xoşagəlməz hərəkətlərə əl atmış, müəyyən günahlara mürtəkib olmaları barədə mənim məlumatım var idi. Bundan başqa fədailər yerli əhalinin evində qalır, özü onların hesabına qismən yeyirsə, atını kəndlinin hesabına saxlayırdı. Ona görə də mən kəndlilərin ağsaqqallarını yanıma çağırıb, onlarla səmimi söhbət etdikdən sonra onlardam soruşdum ki, kənddə kimin boş evi varsa, bizə kirayəyə versin. Eyni zamanda onlardan xahiş etdim ki, məscidi qaydaya salıb, bizə versinlər, biz fədailərimizi kirayə götürdüyümüz otaqlarda və məsciddə saxlayaq ki, kəndlilərə əziyyətlərə dəyməsin. Kəndlilər mənim dediklərimə az inansalar da hər halda dediklərimə əməl etdilər.
Mən fədai başçılarını çağırıb, məsləhətimizi onlara bildirdikdə onların bəziləri dediklərimizlə razılaşmayıb, müxtəlif bəhanələr gətirməyə başladılar. Mən onlardan soruşdum ki, siz gəlib kəndlilərin evlərində qaldığınız kimi başqaları da gəlib sizin evlərinizdə qalsalar, xoşunuza gələrmi? Əlbəttə yox! Ona görə də fovri evlərdən çıxıb, müəyyən edilmiş yerlərə gedin. Əks təqdirdə kim getmək istəməsə, silahını təhvil verib, gəldiyi yerə qayıtsın. Qərarın qəti olmasını görüb hamı evlərdən çıxıb, müəyyən olmuş yerlərə getməli oldular. Bir neçə nəfər də əmri icra etmək istəmədiyinə görə silahı alınıb, geri qaytarıldı.
Bir neçə gündən sonra yenə də ağsaqqalları yığıb, onlarla söhbət etdim. Onlardan xahiş etdim ki, fədailərimizin atlarına arpa-saman verən kəndliləri müəyyən edib, pullarını da hesablayın. Ağsaqqallar əvvəl dedilər ki, onlar da bizi qorumaq üçün buraya gəliblər, canlarından keçiblər, biz də atlarını saxlamışıq, milli hökumət də bizim öz doğma hökumətimizdir. Ona görə də biz arpa-saman pulunu almaq istəmirik. Mən israr etdim, onda ağsaqqallar hesabladılar, hamısı beş min tümənə qədər oldu, mən göstəriş verdim siyahı üzrə hamının pulunu pərdaxt etdilər.
Bizim kəndlilərlə xoş rəftarımızın və başqa tədbirlərimizin təsiri bizim gözlədiyimizdən qat-qat çox oldu. Kəndlilər həqiqətən bizim onların tərəfdarı olduğumuzu əməldə gördülər. Biz qüvvələrimizi bir yerə toplayıb, nizam-intizamı möhkəmlətməklə Zülfüqarinin qarət etdiyi kəndlərə hücum etməyə başladıq. Çox keçmədən həmin kəndləri işğaldan azad etdik. Ətraf kəndləri Zülfüqari atlılarından azad etdikdən sonra onun əsas ştabı sayılan Xat kəndinə hücum etdik. Biz həmin kəndə hücum etməyə əsaslı hazırlaşıb, yaxşı plan tərtib etməyimizə baxmayaraq, bərk soyuq və bərk külək olduğuna görə biz kəndə səhərə yaxın girmək əvəzinə gün çıxandan sonra kəndin kənarına çatdıq, daha doğrusu, müəyyən edilmiş vaxtdan iki saat gec çatdığımız üçün kəndə girə bilmədik. 14 nəfər yoldaşımıza güllə dəydi və yenidən köhnə yerimizə qayıtmalı olduq.
Biz məğlub olma səbəblərini araşdırarkən məlum oldu ki, hələ olduğumuz yerdən çıxmazdan əvvəl bərk külək başlamışdı. Ona görə də elə şəraitdə çıxmaq lazım deyildi. Düşmən üzərinə hücum edərkən bütün şərait, o cümlədən yer, zaman və hava şəraiti hökmən nəzərə alınmalıdır. Pis havada düşmən üzərinə hücum etdiyimiz üçün biz həmin kəndə vaxtından bir qədər sonra çatdıq. Düşmən isti təndirin qırağında oturub, bizə güllə atmaq imkanına malik olduğu halda, biz covğunda ağ qarın üstə qara paltarda idik.
Xülasə həmin gün məğlub olma səbəblərimizi daha doğrusu səhvlərimizi yoldaşlarla birlikdə müzakirə edib, gələcək işlərimiz üçün əməli nəticə çıxardıq. Qüvvəmizi nəzərdən keçirib, belə qərara gəldik ki, fədailərin sayını bir qədər artıraq. Mən Miyana və Sarab təşkilatlarına müraciət edərək, hərəsindən 50 nəfər fədai istədim. Çox keçmədən hər iki yerdən 600 nəfərə qədər fədai Zəncana varid oldular. Göstəriş verdim fədailəri yerbəyer etdilər. Yeni gəlmiş fədai başçıları ilə söhbət etdim. Daha doğrusu, onlarla bir də yaxından tanış olub, məsləhətləşdim. Qərara alındı ki, onların müəyyən hissəsi günü sabah cəbhəyə yola düşsünlər. Belə də oldu. Yeni gəlmiş fədailər, keçmişdən orada olan fədailərin möhkəm ruh yüksəkliyi və şadlıqlarına səbəb oldu. Bu hər şeydən əvvəl ona görə idi ki, fədailər hiss etdilər ki, onların arxasında bütün Azərbaycan zəhmətkeşləri dayanıb, nə zaman müraciət etsələr onların köməklərinə istədiklərindən, başqa sözlə, tələb olunduğundan qat-qat atrıq xalqının qəhrəman oğul və qızları gələcəklər.
Bu dövrün yaddan çıxmayan hadisələrindən biri də bizim Zəncandakı "məğlubiyyətimizi" eşidən qadınlarımızın yüzdən yuxarı klubundan məktublar almağımızdır. Onlar da düşmənə qarşı vuruşda öz qardaş, ata, oğul və ərləri ilə bir cəbhədə vuruşmağa hazır olduqlarını bildirdilər. Miyana və Sarabın sadə Azərbaycan qadınlarından alınmış bu məktubları ürək döyüntüsüz, dərin iftixar hissləri keçirmədən oxumaq mümkün olmurdu. Həqiqətən onda mən hiss etdim ki, atalar çox yaxşı deyiblər "Aslanın erkəyi, dişisi olmaz". Həmişə və hər yerdə aslan elə aslan olaraq qalır.
Mən göstəriş verdim ki, həmin məktublardan bir neçəsini fədai yığıncaqlarında, eləcə də bəzi hövzə iclaslarında oxusunlar. Bütün bu hadisələrdən hər halda düşmən xəbərsiz deyil. O da mövqeyini möhkəmləndirir, özünə əlavə qüvvə toplayır, Tehrandan silah alır, özü də bizdə olmayan silahlar alırdılar. Bizim də onların bu əməllərindən xəbərimiz olurdu. Xülasə budur ki, biz düşmənin "hərbi sirlərini" onun bizim sirlərimizi bilməsindən daha çox şey bilirdik. Ümumiyyətlə, xalqın öz nehzətinə əlaqəsini sözlə ifadə etmək çox çətindir. Bəlkə bu hissləri və əlaqələri olduğu kimi bəyan edə biləcək söz yoxdur.
Mən Xat kəndinə hücum edib, geri çəkilməyə məcbur olduğumuz əhvalatı olduğu kimi Təbrizə məlumat verdim. Məlumatın cavabında deyilirdi ki, "Nə bir addım irəli, nə bir addım geri"- bu cavabdan məlum olurdu ki, yerimizdən tərpənməyək. Hərbi dildə desək, hücüm etməyə icazə verilmədiyi kimi, geri çəkilmək də olmaz. Lakin fədai hərəkatı nizam-intizam görmüş, hərbi texnikaya bələd, müharibənin "elmini" bilən, ona riayət etməyi bacaran qoşundan tamamilə fərqlidir. Fədai hərəkat ının da özünə məxsus qayda - qanunları var. Fədai uzun müddət müdafiədə qala bilməz. O hərəkət etməli, müəyyən müvəffəqiyyət əldə etməli, daim onun ruhlandırılması üçün tədbirlər araşdırılmalıdır.
Doğrudur, bizim fədailərin və fədai başçılarının içərisində sərbazlıq etmişləri də tapılırdı. Lakin yenə də fədai - fədai olaraq qalır. Bəzən bizim fədai hərəkatını Qərbi Avropa və ya Afrika, Asiya, Latın Amerikası ölkələrindəki partizanların hərəkatı ilə müqayisə edənlər də tapılır. Mən onu cəsarətlə deyə bilərəm ki, hər ölkənin hər zamanın özünə məxsus tələbləri olur ki, bunu qeyri-nizami hərbi qüvvə (fədai, partizan və s.) hökmən nəzərə almalıdır. Burada ümumi, daha doğrusu hamı üçün eyni olan cəhətlər ya olmur, ya da lap az olur. Bu işdə özünəməxsusluq daha geniş yer tutur. Bu işin düzgün təşkili və ona düzgün rəhbərlik etmək hər halda böyük bilik, bacarıq, ustalıq, bəlkə də xüsusi talant tələb edir. Bu haqda ayrıca özü də əsaslı surətdə danışmaq, bəhs etmək lazımdır. Biz vəziyyət haqqında Təbrizə məlumat verirdik və göstərirdik ki, Zülfüqari filan kəndi işqal etdi, filan cinayəti törətdi, filan yerə hərəkət etmək istəyir və s. Bizə yenə də keçmişdəki cavablar təkrar olunurdu: "Nə bir addım irəli və nə bir addım geri".
Mən Təbrizə məlumat verdim ki, düşmən bizi mühasirəyə almağa hazırlaşır, yenə də həmin "Nə bir addım irəli və nə bir addım geri" cavabını aldıq. Bu cavablara əməl etməyin nəticəsi bizim məhv olmağımızla nəticələnəcəyini yəqin etdikdən sonra hazırlaşıb, düşmənə gözləmədiyi yerdən hücum etdik və düşməni müəyyən itgi verməyə və xeyli geri oturmağa məcbur etdik. Bu qələbəmiz fədailərimizin böyük ruh yüksəliyinə səbəb olduğu kimi düşmənin də daxilində çaxnaşma əmələ gəlməsinə səbəb oldu. Bizim bu dəfə ki, məlumatımıza da yenə əvvəlki cavab gəldi. Bundan sonra "cavablara" əhəmiyyət vermədən bildiklərimizə əməl etməyə başladıq. Dalbadal düşmənə aman vermədən hücumları davam etdirdik. Əsas fəndimiz düşmənin gözləmədiyi yerdən həmlə etmək, az qüvvə ilə çox yerdən hücum etmək, imkan dairəsində az itgi vermək, mümkün qədər itgi verməmək, hücumu ardıcıl etmək, düşmənin "özünə gəlməsinə" imkan verməmək və s. Nəticədə Zülfüqari dəstələri Azərbaycandan çıxarıldı, onlardan 450 nəfər əsir alındı və əsirlərin içərisində nizami ordu əfsərləri də var idi.