“Şah İsmayıl” dastanının variantları Ədəbiyyat

“Şah İsmayıl” dastanının variantları

3-cü yazı
Təbriz variantı Şah İsmayılın atası Şeyx Heydərin ictimai fəaliyyətinin təsviri ilə başlayır. Səfəvi şahlığı uğrunda mübarizə mətndə dastanlaşmış şəkildə əks tapır. Şah İsmayılın dünyaya gəlməsində mifoloji motivlər üstünlük təşkil edir. Bunun semantikasında epik qəhrəmanın gələcək taleyinin ilkin işartıları müşahidə olunur. Belə ki, mətndə aydın şəkildə görünür ki, Şeyx Heydər iki oğlu var. Lakin o, öləndən sonra yerinə varis olacaq bir oğul arzulayır.
Dastanın girişi qədim dastanların strukturunu özündə əks etdirir. Dərvişin sultan Şeyx Heydərə möcüzəli alma verməsi, almanı arvadı ilə yeməsi, qabıqlarını Qeysəraqa yedirməsi və s. mifoloji ünsürlər kimi dastana əlavə olunub. "Şah İsmayıl"ın Təbriz variantı arxaik tematikasına görə də fərqlənir. Qədim türk dastanlarında olan adqoyma məsələsi, yəni qəhrəmanın ərgənlik yaşına qədər adsız yaşaması bu variantda da öz əksini tapıb. Bunun səbəbi isə dastanda göstərildiyi kimi, qəhrəmanın dünyaya gəlməsinə səbəb olan dərvişlə bağlıdır.
Təbriz variantında Şah İsmayılın təhsili və təlimi üçün Xacə Danyalın təklifi ilə günəş işığı düşməyən yeraltı saray tikilir. Şah İsmayılın 7 yaşından 10 yaşına qədər 15 ilin həm təlimini, həm də hərb sənətini öyrənir. Bu variantı digərlərindən fərqləndirən bir xüsusiyyət də yeməyin içindən çıxan sümüyün Xacə Danyalın tapşırığı ilə qoyulmasıdır. Bu da Şah İsmayılın ətraf mühitlə tanışlığı məqsədini daşıyır. Məhz şahzadəyə ad qoyulması bu hadisədən sonraya təsadüf edir.
Adqoyma mərasimindən sonra Şah İsmayılın ova çıxması, ceyran qovması, ceyranın çadırlardan birinə girməsi, sonra çadırdan gözəl bir qızın çıxması və Şah İsmayılın bu gözəllikdən bihuş olub atdan yıxılması təsvir olunur. Təbriz variantını söyləyən aşıq qızın da Şah İsmayılı yuxuda görməsini (buta) və qarının da hal əhli olmasını göstərir.
Təbriz variantında Şah İsmayılın aşiq olduğu Gülzar Ağqoyunlu Dəbir bəyin qızıdır. "Şah İsmayıl" dastanının Təbriz variantındakı bura qədər baş verən hadisələr o biri variantlarla oxşarlıq təşkil edir. Gülzarın anasının bu işə mane olması həmin variantı başqa variantlardan fərqləndirir. Şamaxı variantında Nemət bəy çadırın sökülüb köç etməsinə əmr vermişdisə, burada Gülzarın anası köç əmrini vermişdi və Ağqoyunlu bəyi Dəbir bəy çadırların yerinin boş olduğunu görmüşdü.
Təbriz variantının strukturunda başqa variantlardakı qız bəyənmə motivi də var. Sarayın Gülşən bağçasında qız tamaşasından sonra Şah İsmayıl Gülzarı tapmaq üçün yola düşür. Həmin səfər motivi də variantlarda işlənilib. Təbriz variantında belə təsvirlər olduqca genişdir. Məsələn, Şah İsmayılın dəmir qalaya əmudla zərbə endirib qalanın qapısını sındırması, bülbülün cəh-cəhini eşidib Gülzarı xatırlaması, bülbülə şeir deməsi fərqləndirici xüsusiyyətdir. Şah İsmayılın yolu üstündə sarayda Pərini görməsi və onun beş qardaşına (ikisi şəhid olub) kömək etməsi, qardaşların bacısı Pərinin Şah İsmayıla ərə getməsini istəmələri geniş şəkildə təsvir olunur. Bəzi variantlarda Rəmdar Pəri adı ilə tanınan qız bu variantda Pəridir.
Təbriz variantı öz repertuarına görə də seçilir. Repertuarda Cənubi Azərbaycanın dil xüsusiyyətləri və təsvir üsulları aşığın ifasında görünməkdədir. Bu dil xüsusiyyətlərini və təsvir üsullarını "Şah İsmayıl və Ərəb Zəngi" hissəsində də görürük. Bu hissədə başqa variantlarda görmədiyimiz əlavə təsvirlər vardır. Şah İsmayılın qarovulçularla rastlaşması, pəncərədən içəri keçməsi, plov yeməsi, Ərəb Zəngi ilə rastlaşması, döyüşməsinin üsulları və s. əlavə təsvirlərdir. Bu variantda qədimlərdə qızların ər seçərkən onlarla güləşməsi kimi adət-ənənə qorunur. Burada Ərəb Zənginin yol kəsməsi, kişi paltarı geyinməsi onu yenə bilməyənlərə görədirsə, Şamaxı və başqa variantlarda Ərəb Zənginin yol kəsməsi başqa səbəblərə görə təsvir olunur.
Tarixi Şah İsmayılın pələnglə vuruşması səhnəsi Ərəb Zəngi ilə bağlı hissədə verilib. "Şah İsmayıl"ın Təbriz variantında maraqlı bir detal var. O da Şah İsmayılın sevgilisi Gülzar xanımın, onun fikrincə, Şirvana aparıla bilməsidir. Şirvan adının dastana düşməsinin səbəbi Şeyx Cüneydin, Şeyx Heydərin şiəliyi yaymaq üçün Şirvana gəlməsi ilə bağlı ola bilər. Çünki Şirvan qızılbaşların düşməni idi və Gülzarın da Şirvana qaçırılması bununla bağlı etimalı gücləndirir. Buna görə də demək mümkündür ki, Təbriz variantında tarixi hadisələrin poetik təsvirlərinin təsiri olduqca böyükdür. Şah İsmayılla Ərəb Zənginin Şirvana səfərinin bir mənası da Şirvan qoşunu ilə döyüşdə məğlub olan səfəvi qoşununa kömək etmək məqsədinin dastançı tərəfindən ideallaşdırılmasıdır. Tarixi faktlardan görünür ki, Şeyx Heydər hələ İsmayıl lap kiçik olanda ölüb. Aşıq poetik mənanı qüvvətləndirmək üçün Şeyx Heydərin Ərəb Zəngiyə və Şah İsmayıla xeyir-dua verərək ölməsini dastanda təsvir edir.
Dastandakı hadisələrlə tarixi hadisələr arasında bəzən uyğunsuzluğun olduğunu da görürük. Balaca İsmayılın, qardaşının və anasının zindanda olması faktı dastanda onun artıq qəhrəman olduğu dövrdə baş verir və dastançı bu həbsə alınmaya Ərəb Zəngini də əlavə edir. Əlbəttə, epos tarixi hadisələri olduğu kimi əks etdirməməlidir. Belə poetik ümumiləşdirmələr, tarixi hadisələrin eposvarı təsviri Təbriz variantında yetərincə var. Dastançı Şah İsmayılın Rüstəmə, Əlvənd Mirzəyə qarşı döyüşlərində Ərəb Zənginin qüvvəsindən istifadə edir. Bununla da o, Gülzarın axtarılıb tapılması ilə tarixi hadisələr arasında əlaqə yaratmaq istəyir. Dastanda söylənən tarixi hadisələrdə Şah İsmayılın aşiq obrazını görmürük. Şah İsmayıl şah elan olunana qədər tarixi qəhrəman statusunda görünür. Sanki dastançı onun tarixi qəhrəman obrazına xitam verib aşiq obrazını Təbrizə varid olmasından sonra yaradır. Dastan poetikasında şah seçiləndən sonra Şah İsmayılın Gülzarın ardınca getməsi qeyri-ciddi görünə bilər. Dastançının məqsədi Şah İsmayılı qüdrətli şah kimi Gülzarın izinə yola salması olmuşdur. Dastanlarda da gözəl qızlar çox zaman uzaq məkan kimi Hindistanda yaşayırlar.
Təbriz variantında bundan sonrakı hadisələr başqa variantlardakı əhvalatlarla üst-üstə düşür. Burada da Şah İsmayıl Ərəb Zənginin və qarının köməyi ilə Gülzarı qaçırır. Bu qaçırılma səhnəsi o qədər əlvandır ki, hətta təsvir olunan hadisələr, məsələn, onların izinə düşən hind qoşunu Gülzarın əvəzinə onlara kömək edən qarını geri aparırlar.
Təbriz variantında Ərəb Zəngi Taclı xanımın obrazıdırsa, Gülzar da özlüyündə Bəhruzə xanımı xatırladır. Dastandakı Pəri obrazı isə daha çox tarixi obraz kimi, II Şah İsmayılın zindandan azad edilməsində və taxta çıxarılmasında rolu olan bacısı Pərixan xanımdır. Dastanın bütün variantlarında bu qız Pəri, Rəmdar Pəri adı ilə çıxış edir. Şah İsmayılın bütün tarixi döyüşləri Təbriz variantında öz əksini tapıb. "Dərd ilə vuruşma" yerində də Şah İsmayıl Gülzarı və Ərəb Zəngini vətənə gətirəndə yolda Murad Mirzənin hücum etmək istədiyini öyrənir. Dastana bu hissənin əlavə olunması Şah İsmayılın şücaətini göstərmək üçündür. Şah İsmayılın həyatı ilə bağlı bəzi tarixi romanlarda onun qələbədən sonra atasının ruhu qarşısında daxilən danışması təsvir edilir. Təbriz variantında belə bir səhnə var. Şah İsmayılın atasına müraciət etməsi qoşma vasitəsilə deyilir:

Məni kor eləyib salma quyuya,
Buyur günahım nədir, şah baba.
İxtiyar sənindir, öldürsən məni,
Buyur günahım nədi, şah baba.

Təbriz variantında Murad Mirzəyə qalib gələndən sonra atası Şeyx Heydərə bu cür yalvarması başqa variantlardakı Şah İsmayılın Ədil şaha (yaxud Aslan paşaya) yalvarmasına oxşayır. Dastanın bütün variantlarında Şah İsmayılın gözlərinin çıxarıl¬ması və quyuya salınması tipoloji hadisədir. Ancaq Təbriz variantındakı Şah İsmayılın gözlərinin çıxarılması və quyuya salınması qəhrəmanın yuxusunda icra olunur. Azərbaycan variantındakı quyudan xilas olunandan sonra Şah İsmayılın göyərçin lələyi ilə gözlərinin sağalması hadisəsi Təbriz variantında yoxdur. Qeyd edək ki, Təbriz variantı hadisələrin təsviri cəhətdən də başqa variantlardan seçilir. Tarixi Şah İsmayılın Bağdada hücumu Təbriz variantında yuxu prosesindən sonra baş verir. Həmin hücumların dastana gətirilməsi dastançının Şah İsmayılı daha da dərindən tanıtdırmaq meylindən irəli gəlir. Ərəb Zənginin də Şah İsmayılın səfərlərində iştirak etməsi onun hərbi gücünü göstərmək istəyindən başqa bir şey deyildir. Təbriz variantı tarixi dastan səciyyəsini daşıdığından burada Azərbaycan variantlarındakı hadisələrə rast gəlinmir. Birinci hissəsə qismən Azərbaycan variantlarındakı hadisələrlə uyğunlaşır. İkinci hissə isə Şah İsmayılla bağlı tarixi hadisələri əks etdirir və demək olar ki, müstəqil versiya olaraq yaradılmışdır. Bu hissədə Şah İsmayılın Azərbaycan tarixində oynadığı rol daha aydın nəzərə çarpdırılır, Ərəb Zəngi milli qəhrəman səviyyəsinə qaldırılır. Təbriz variantında Ərəb Zəngi bu cür xatırlanır: "Əziz qardaşlar! Sizə aydındır ki, Ərəb Zəngi vətən uğrunda və millət şərəfi yolunda necə candan və qətrə-qətrə qanından əsirgəməyib və indi də hənuz mən və siz ilə ta son nəfəsinə kimi bu yolda igid bir qadın kimi durub". Sitatdan da göründüyü kimi, Şah İsmayılın və Ərəb Zənginin qəhrəmanlıqları şiə idelogiyasına tabe edilib. Dastanda Ərəb Zəngi mifoloji obrazlıqdan daha çox xalq qəhrəmanı statusundadır və tarixi qəhrəman səciyysini daşıyır. Gülzar obrazı da tarixi qəhrəman səviyyəsində təsvir olunur və o, Taclı xanım obrazının bədii təcəssümünü dastanda əks etdirir. Meydana yığışan xalq Gülzar xanımı da millətin məlakəsi kimi tanıyır. Tarixi obraz kimi Taclı xanım türklərlə vuruşda iştirak etmişdir, dastanda da buna işarə olunur. Meydana toplaşan xalq qərara gəlir ki, Gülzar da at çapmağı, qılınc vurmağı öyrənsin və Şah İsmayılın sadiq yoldaşı kimi gələcək döyüşlərdə iştirak etsin.
Şah İsmayılın Azərbaycan variantlarındakı hər üç qızın yolunda çəkdiyi əzab və əziyyətlər, döyüş səhnələri Təbriz variantında təkrarlanır. Rəmdar Pəri ilə bağlı olan hissələr də Təbriz variantında xüsusi yer tutur. Bütün variantlarda Şah İsmayıl Gülzara yetişəndən sonra Rəmdar Pərinin arxasınca gedir. Təbriz variantında Şah İsmayıl pərinin arxasınca getməsindən əvvəl dastançı onun gücünü göstərmək üçün onu ayı ilə qarşı-qarşıya gətirir. Bu təsvirlərdən sonra dinləyici Şah İsmayılın gücünə arxalanır.
İkinci hissədə təsvir olunan döyüş səhnələri Şah İsmayılın tarixi hücumları ilə üst-üstə düşür. Fərq təkcə ondan ibarətdir ki, dastandakı döyüş səhnələri bədii təxəyyülün köməyi ilə daha da parlaq şəkildə təsvir olunub. Bu döyüşlərdə Ərəb Zənginin iştirak etməsi də artıq bədii təxəyyülün məhsulu kimi diqqəti cəlb edir.

Kəmalə İsmayılova
araşdırmaçı