Həmid Alimcan - müasir özbək ədəbiyyatının yaradıcılarından biri Ədəbiyyat

Həmid Alimcan - müasir özbək ədəbiyyatının yaradıcılarından biri

Müasir özbək ədəbiyyatının yaradıcılarından olan Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olub. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşüb. Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirib, 1928-ci ildə buranı uğurla bitirib. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil alıb. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olub. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəxsiyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynayıb.
H.Alimcan ilk şeirini tələbəlik illərində yazıb. Şairin bu dövrdə yazdığı şeirlər kitab halında 1929-cu ildə çapdan çıxıb. O, 1930-cu ildə Pedaqoji Akademiyanı bitirib, ilk əvvəllər qəzet və jurnallarda çalışıb. Bir qədər sonra isə elmi-tədqiqat institutunda işləyib, ədəbiyyatın nəzəri məsələlərinə dair tədqiqatlar aparıb. Nəvai və Muqumi kimi sənətkarların yaradıcılığını tədqiq edən sanballı əsərlər yazıb.
H.Alimcanın bədii yaradıcılığında milli hisslərin güclü olması, istər-istəməz onun bir sənətkar olaraq müəyyən məhdudiyyətlərlə üzləşməsinə gətirib çıxarıb. Belə ki, 30-cu illərin ortalarından başlayaraq o, millətçi və burjua ideologiyasının təbliğatçısı kimi təqib olunub və 1937-ci ilin noyabrın 2-də Özbəkistan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.
H.Alimcan qısa müddətdən sonra yenidən birliyə üzv qəbul olunub, özünün elmi və bədii yaradıcılığını davam etdirib. O, 1939-cu ildə Özbəkistan Yazıçılar Birliyinə sədr təyin olunub.
Hələ sağlığında onun əməyinə yüksək qiymət verilib. 1939-cu ildə o, Şöhrət ordeni ilə təltif edilib, 1943-cü ildə isə Özbəkistan Elm
lər Akademiyasının müxbir üzvü seçilib. Həmid Alimcan 1944-cü ildə vəfat edib. O, qısa, lakin şərəfli bir ömür yaşayıb. Hazırda Özbəkistanın bir çox küçə, meydan, universitet, orta məktəb, metro və s. yerləri onun adını daşıyır. 1979-1984-cü ildə ədibin seçilmiş əsərlərinin 10 cildliyi çapdan çıxıb.
H.Alimcan müasir özbək ədəbiyyatının görkəmli şair və dramaturqudur. Özbək ədəbiyyatşünaslığında onun sənəti orijinal yaradıcılığın nümunəsi kimi yüksək qiymətləndirilir. O, yaradıcılığa şeirlə başlayıb. H.Alimcan yaradıcılığının ilk illərində yeni yaranmış cəmiyyətdə baş vermiş ictimai-siyasi dəyişiklikləri özündə əks etdirən şeirlər yazıb. “Qızıl dəniz”, “Şərq”, “Komsomol gəldi”, “Özbəkistan”, “Traktor hazırdır” və s. şeirlər bunlara misal olabilər. 30-cu illərin ikinci yarısından etibarən onun poeziyasının mövzu dairəsi dəyişməyə başlayıb. Bu cür şeirlərində şairin vətənə, xalqa bağlılığı və sevgi, məhəbbət duyğuları geniş yer tutur. “Ölkə”, “Ərik çiçəklənəndə”, “Vətən”, “Bəxt” və digər əsərlərində belə məsələlərin mahiranə və maraqlı ifadəsi diqqəti cəlb edir. “Ərik çiçəklənəndə” şeri bir növ şairin həm səmimi, həm də ciddi həyati münasibətlərini əks etdirmək baxımından xarakterikdir. Şeirdə həyatın dinamikası, təbiət mənzərəsi fonunda insan hisslərinin adilikləri içərisində böyük amal və düşüncələrinin özünə yer tapması bütün misralarda müşahidə obyektinə çevrilir:

Budaqlara elə bil göylər ağlıq ələdi,
Pəncərənin önündə bir ərik çiçəklədi...
Budaqlara düzüldü düymə-düymə qönçələr,
Naxış-naxış açıldı, çiçək-çiçək ağardı.
Bu güllərin ətrini canıyanmış küləklər,
Burdan ötüb gedəndə özü ilə apardı.
Hər bahar təkrar olur gördüyüm bu mənzərə,
Hər bahar güllər açır, ürəyimiz nur içir.
Mən ömrümü-günümü vermirəm hədər yerə,
Ancaq baxıb görürəm yellər aldadıb keçir.

Həmid Alimcanın Vətən müharibəsi dövrü yaradıcılığı kəmiyyət və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoydu. Onun müharibə illərində yazmış olduğu əsərlərində müharibəyə, düşmənə nifrət, haqq işinin qələbəsinə inam, igidlik, qəhrəmanlıq, vətənsevərlik, xalqlar dostluğu və s. məsələlər xüsusi tərzdə təbliğ olunurdu. “Məktub”, “Sevgi”, “İgid”, “Moskva”, “Sənin ad günün”, “Əlinə silah al”, “Şinel” və onlarla digər şeirləri ilə H.Alimcan düşmənə qarşı amansız olmağın, vətən naminə candan keçməyin, vətənin gələcəyinə inam bəsləməyin təsirli ifadələrlə təbliğinə müvəffəq olub. “Şinel” şeiri şairin müharibə təəssüratlarını əks etdirir. Şeirdə şinel təkcə adi geyim, forma mənasında işlədilmir. Onu geyən igid əsgər vətən yolunda məsuliyyətini dərk edir. Şeirdə biz bu adamın daxili aləmi, onun vətən sevgisinin intəhasızlığı, düşmənə nifrəti ilə yaxından tanış oluruq. Cəsur gəncin nə məqsədlə əyninə şinel geyindiyi belə açıqlanır:

Səni mənim əynimə
Böyük bir qəm geydirdi.
Atam, anam, qardaşım,
Bacım, nənəm geydirdi.
Geyinib yola düşdüm
Qanlı döyüşlərə mən.
Oba-oba yüyürdük,
Keçdik neçə dərədən.

Şeirdə ən maraqlı cəhətlərdən biri də budur ki, şair təkcə indiki nəslin vətənin müdafiəsinə qalxmasından danışmır, həm də gələcək nəsillərin də lazım olduqda vətən naminə mübarizə edəcəklərinə inam bəsləyir:

Vətənimin üstünü
Əgər bir də alsa qəm,
Əsgər şinelim, səni
Oğluma geyindirrəm.

“Əlinə silah al” şeirində isə H.Alimcan zəhmətin, mübarizənin insan həyatında oynadığı rolun böyüklüyündən danışır. Şairə görə insana həyatda heç nə hazır şəkildə verilmir. Ucalmaq üçün, zirvəyə çatmaq üçün, azadlıq və tərəqqi əldə etmək üçün yalnız mübarizə və əzmkarlıq lazımdır:

İstəsən dünyada qalmasın gözün,
İstəsən bağında bol olsun üzüm,
İstəsən kamala yetişsin qızın
Qəlbində yurd salsın bir məqsəd, amal,
Əlinə silah al!
Gərək azadlığa könül verəsən,
Bu geniş dünyada bir gün görəsən.
İstəsən insantək ömür sürəsən,
Olmaq istəməsən düşmənə hambal,
Əlinə silah al!

Şeirdə didaktika, nəsihətamizlik geniş planda özünü göstərə bilir. “Əlinə silah al” şeirində həyat eşqi, yaşamaq eşqi, vətən sevgisi, təəssübkeşlik duyğuları olduqca güclüdür.
“Rokzananın göz yaşları” və “Döyüşçü Dursun” balladalarında müharibə illərinin reallıqları əks etdirilib. “Rokzananın göz yaşları” əsərində H.Alimcan Ukrayna vətəndaşlarının Özbəkistana köçü-rülməsi, köçürülən ərazidə Rokzananın körpə balasının ölümü və özbək xalqının çətin anda Rokzanaya dayaq durması təsvir olunub. “Döyüşçü Dursun” balladası igid, mərd, qorxmaz Dursunun düşmənə nifrətini, ölümdən qorxmamasını, vətən naminə canını oda atmasını əks etdirmək baxımından səciyyəvidir. Əsərdə həmçinin vətənpərvər ana obrazı yaradılmış, oğlunun vətən naminə özünü fəda etməsindən qürur duyan ananın simasında böyük bir şəxsiyyət, tərbiyəçi canlandırılıb.
H.Alimcanın yaradıcılığında epik əsərlərinin əhəmiyyəti olduqca böyükdür. “Şahmərdan”, “İki qızın hekayəsi”, “Zeynəb və Aman”, “Aygül və Bəxtiyar” və s. poemalarında epik janrın imkanlarından is¬tifadə etməklə o, özbək həyatının özünəməxsusluqları şəraitində bütün reallıqlarını canlandıra bilib.
H.Alimcanrn poema yaradıcılığının zirvəsi “Zeynəb və Aman” (1938) əsəridir. Əsərin mövzusu olmuş hadisələrdən götürülmüşdür. Poemanın baş qəhrəmanı Zeynəbin prototipi Buxaranın Gicduvan nahiyəsinin vətəndaşı Zeynəb Amanovadır. Poemanı yazmamışdan öncə, H.Alimcan 1936-cı ildə onun haqqında “Zeynəb” adlı oçerkini qələmə alıb.
Poemada Zeynəbin həyatı, onun Amanla sevgi macəraları təsvir olunur. Poema üç hissədən ibarətdir. Birinci hissədə Zeynəbin yeni cəmiyyət quruculuğundakı fəaliyyəti, onun köhnə adətlərə qarşı mübarizəsi, sevgisi, azad ailə və azad sevgi barədə düşüncələri əks etdirilir. İkinci hissədə müəllif əvvələ gediş etməklə Zeynəbin həyatının uşaqlıq dövrünü, onun çəkdiyi əziyyətləri təsvir edir. Üçüncü hissədə isə poemanın digər əsas qəhrəmanı Amanın həyatından, cəmiyyət uğrunda mübarizəsindən söhbət açılır. Poemanın digər obrazlarından olan Sabir və Anar xala da yeni cəmiyyət qaydalarına rəğbəti olan, mühəfizəkarlıqdan uzaq olan adamların tipik nümayəndələridir.
“Aygül və Bəxtiyar” (1937) poeması xalqın güc və iradəsinin ye- nilməzliyini əks etdirmək baxımından xarakterikdir. Poemanın baş qəhrəmanı Aygül öz xalqına və ölkəsinə azadlıq bəxş edən igid bir qız timsalında təcəssüm etdirilir. Belə ki zülmə qarşı mübarizə edən qullar, o cümlədən Aygülün atası da öldürülür. Aygül zalım xan tərəfindən zindana atılır. O, Tərlan adlı bir qulun köməyi ilə zindandan qaçırılır və düşmənin əlinə keçməsin deyə, sandığa salınıb çaya atılır. Üç aydan sonra onu çayın sahilində tapırlar. Aygül yenidən başqa bir zülmkar şahın əlində əsir olur. Lakin son anda Aygül böyük güc və qüvvət toplayır, Cambil ölkəsinin zalım şahını öldürür və xalqı azadlığa çıxarır. Ölkəyə mərd və igid Tərlan başçı təyin olunur. Əsərdə həmçinin Aygüllə çoban Bəxtiyar arasında olan səmimi münasibətlər, bir-birinə rəğbət və məhəbbətlərindən də söhbət açılır. Ümumiyyətlə, poemada Aygül obrazı xalq idealı və arzularının bədii timsalıdır.
H.Alimcanın dramaturji xidmətləri də təqdirəlayiqdir. Ədib ömrünün son illərində bu sahədə xidmət göstərib, “Muqanna” (1943) və “Cinayət” (1944) adlı iki dram əsəri yaradıb.
“Muqanna” tarixi dramdır. Əsərdə Orta Asiya xalqlarının VIII əsrdə Muqannanın başçılığı ilə ərəb istilaçılarına qarşı qəhrəmanlıq mübarizəsindən danışılır. Dramaturq keçmiş hadisələrə münasibət əsasında hazırda vətənə məhəbbət, işğalçılara nifrət hissi aşılanıb, azadlıq və müstəqillik ideallarından söhbət açıb. Pyesin baş qəhrəmanı Həşim Həkim oğlu Muqannadır. O, yadelli işğalçılara qarşı ayağa qalxan xalqın mübarizəsinə rəhbərlik edir. Döyüşlərdə igidlik göstərir, qəhrəman kimi tanınır. Sonuncu döyüşdə düşmənə əsir düşməsinlər deyə, Muqanna və onun ətrafında olan bütün igidlər özlərini öldürürlər. Müəllif bu vasitə ilə demək istəyir ki, vətən və xalq yolunda mübarizədə hər bir igid ölümdən belə çəkinməməlidir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor