Səfəvilər dövründə anadilli ədəbiyyat Ədəbiyyat

Səfəvilər dövründə anadilli ədəbiyyat

Alimlərimiz tərəfindən maraqlı tədqiqatlar aparılıb

İki əsr yarıma qədər davam edən Səfəvilər dövrü Azərbaycanda mədəniyyətin, incəsənətin, elmin, xüsusilə də anadilli ədəbiyyatın çiçəklənməsi ilə əlamətdar olub. Sam Mirzənin "Töhfeyi-Sami", İbrahim Mirzənin "Fərhəngi-İbrahimi", Əhdi Bağdadinin "Gülşənüş-şüəra", Sadiq bəy Əfşarın "Məcməül-xəvas", Məhəmməd Tahir Nəsrabadinin "Təzkireyi-Nəsrabadi" təzkirələrində həmin dövrün Azərbaycan şairləri haqqında maraqlı məlumatlar var. I Şah İsmayılın (1501-1524) sarayında Şüruri, Şahi, Matəmi, Tüfeyli, Kişvəri kimi şairlərin fəaliyyət göstərdiyi, buradakı ədəbi məclislərin "Məliküş-şüəra" Həbibi tərəfindən idarə edildiyi tədqiqatçılar tərəfindən göstərilib.
Əlyazmalar İnstitutunun mərhum əməkdaşı, filologiya elmləri doktoru Əzizağa Məmmədov elmi fəaliyyətini əsasən Şah İsmayıl Xətaiynin ədəbi irsinin tədqiqinə həsr edib. 1949-cu ildə "Şah İsmayıl Xətayinin yaradıcılığı" adlı namizədlik, 1970-ci ildə isə "Şah İsmayıl Xətayi əsərlərinin tekstoloji tədqiqi və elmi-tənqidi mətni" adlı doktorluq dissertasiyası yazaraq müdafiə edib. Ə.Məmmədovun dünyanın müxtəlif kitabxanalarında saxlanan nüsxələr əsasında tərtib etdiyi, 56 çap vərəqi həcmində Xətayi divanının elmi-tənqidi mətni şairin əsərlərinin nəşrində ən mötəbər mənbə hesab olunur. Mətn bütövlükdə 1966 və 1973-cü illərdə iki cilddə çapdan çıxıb. Alim həmin tənqidi mətn əsasında 1975-1976-cı illərdə "Azərnəşr"də Xətayi əsərlərinin ikicildliyini nəşr etdirib. 1988-ci ildə "Yazıçı" nəşriyyatında Ə.Məmmədovun böyük sərkərdə və şairə həsr etdiyi "Şah İsmayıl Xətayi" monoqrafiyası işıq üzü görüb.
Ə.Məmmədovun əməyi sayəsində Şah İsmayılın müasiri və onun sarayında məliküş-şüəra rütbəsini daşımış görkəmli Azərbaycan şairi Həbibinin əsərləri ilk dəfə çap edilib. 1980-ci ildə işıq üzü görən həmin kitaba Həbibinin o vaxtadək bəlli olan 42 şeirinə daha 5 şeir əlavə edilib. Alim bu yeni şeirləri əlyazma şeir topluları - cünglərdən, Salman Mümtazın və Əliabbas Müznibin şəxsi arxivindən götürüb.
XV-XVI əsrlərin görkəmli şairi Kişvəri ömrünün son illərini Şah İsmayıl Xətayinin sarayında keçirib. Akademik Həmid Araslı 1946-cı ildə Kişvərinin AMEA Əlyazmalar İnstitutunda saxlanan divanı haqqında ilk dəfə məlumat verib. 1976-cı ildə professor Cahangir Qəhrəmanov "Əlyazmalar xəzinəsində" məcmuəsinin IV cildində Kişvəri divanının Bakı nüsxəsinin elmi təsvirini verib. 77 vərəqdən ibarət olan bu yarımçıq və nöqsanlı əlyazma divanında Kişvərinin 253 qəzəli, 9 müxəmməs və 26 rübaisi olduğunu bildirən alim divanın imla və qrafik-orfoqrafik xüsusiyyətlərinə dair ətraflı məlumat verib. Kişvəri divanı ilk dəfə 1984-cü ildə Cahangir Qəhrəmanovun tərtibatı və ön sözü ilə çap edilib. Ön sözdə Kişvəri divanının Bakı nüsxəsindən başqa aşkar edilən iki əlyazma nüsxəsi barədə də məlumat verilir. Onlardan biri Səmərqənd Elmi-Tədqiqat İnstitutunun kitabxanasında, o biri isə Daşkənddə-Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanır. Səmərqənd nüsxəsinin Bakı nüsxəsindən köçürüldüyü məlum olub. Almaniyada yaşayan həmvətənimiz Məmmədəli Hüseyni Tehranın Məclise-Şuraye-İslamiye-İran kitabxanasından Kişvəri divanının avtoqraf nüsxəsini aşkar edərək 2010-cu ildə "Nurlan" nəşriyyatında çap etdirib. Fars və Azərbaycan dillərində yazılan dıvanın vərəqlərinin çox hissəsi tökülüb, əsərdən yalnız 91,5 vərəq (183 səhifə) qalıb. Bunun da 26,5 vərəqi (53 səhifə) şairin ana dilində yazdığı qəzəlləri və bir neçə müəmmanı əhatə edir. Əlyazmanın Bakı, Daşkənd və Səmərqənd nüsxələri ilə müqayisədə Tehran nüsxəsinin ən önəmli və diqqətəlayiq məziyyəti ondan ibarətdir ki, bu divan şairin öz əli ilə yazılıb. Kitabın ön sözünü M.Hüseyni yazıb, mətni müasir əlifbaya transfoneliterasiya edən və redaktor isə filologiya üzrə elmlər doktoru Paşa Kərimov olub. P.Kərimov son zamanlarda Kişvərinin anadilli divanın daha iri həcmli nüsxəsini Bursanın Əlyazmalar və əski çap əsərləri kitabxanasından aşkar edib. Məqalədə deyilir ki, yeni nüsxə şairin həyat və yaradıcılığı haqqında daha çox söz deməyə imkan verir. Müəllif məqaləsinə bu divandan götürdüyü, Kişvərinin Xətayinin mədhinə həsr etdiyi 40 beytlik tərkibbəndini əlavə edib. Şeirdə bir sıra ölkələri, "Şərqi və Qərbi" fəth etmiş "Xurşidi-mülk Şah İsmaili-Heydəri", onun ədaləti mədh edilir. Burada Xətayi "Mehdiyi-zəmanə" adlandırılır.
Filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov 1616-cı ildə vəfat etmiş Rəhməti Təbrizi divanının filoloji tədqiqinə həsr etdiyi monoqrafiya yazıb. Bundan başqa onun "Rəhməti Təbrizi və onun divanı" adlı kitabında Rəhməti Təbrizi divanındakı farsca şeirlər tərcümə edilib, Azərbaycan dilindəki şeirlərin isə transfoneliterasiyası verilib. Filologiya üzrə elmlər doktoru Paşa Kərimovun elmi yaradıcılığının əsas hissəsi Səfəvilər dövrü anadilli Azərbaycan ədəbiyyatının tədqiqinə və nəşrinə həsr edilib.
Onun M.Hüseyni ilə birlikdə tərtib edib, ön sözlə çap etdirdiyi "XVII əsr Azərbaycan lirikası" antologiyasında həmin dövrün Sadiq bəy Əfşar, Müsahib Gəncəvi, Məczub, Vəhid Qəzvini, Tərzi Əfşar, Mövci Əhəri, Mirzə Saleh Təbrizi, Məlik bəy Avcı, Vaiz Qəzvini, Mürtəzaqulu Sultan Şamlu, Təsir Təbrizi kimi şairlərinin anadilli şeirləri ilk dəfə olaraq təqdim edilib. P.Kərimov Səfəvilər dövründə yaşamış şairlərimizdən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu Zəfər, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və Yusif bəy Ustaclunun türk divanlarını ilk dəfə olaraq geniş ön sözlə tam həcmdə çap etdirib. Bundan başqa onun tərtibatı ilə Sadiq bəy Əfşarın cığatay türkcəsində yazdığı məktubları ön sözlə 2012-ci ildə "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. Qeyd etmək istərdik ki, klassiklərimizin bu divanları onların əsərlərinin dünyanın müxtəlif kitabxanalarında, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan əlyazma nüsxələri əsasında çap edilib. P.Kərimov Qövsi Təbrizi divanının elmi-tənqidi mətnini 918 beytlik Bakı, 4200 beytlik Tiflis, 3382 beytlik London və 2767 beytlik İstanbul nüsxəsi əsasında tərtib edərək 2006-cı ildə "Nurlan" nəşriyyatında çap etdirib. Sonradan o, əsərin Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasında saxlanan 3910, Təbriz Milli Kitabxanasında saxlanan 4700 beytdən ibarət nüsxələrini əldə edib, bunlardan da istifadə etməklə Qövsinin divanını müasir əlifba ilə nəşr etdirib.
Səfəvi hökmdarı I Şah İsmayıl (1501-1524) və Şah Təhmasibin (1524-1576) dövründə yaşayıb-yaratmış, bir müddət şahzadə Sam Mirzə (1517-1576) ilə dostluq münasibətlərində olmuş, Təhmasibin əmri ilə 1571-1573-cü illərdə baş vermiş Təbriz üsyanının yatırılmasında iştirak etmiş, qısa müddətə Təbriz valisi olmuş Yusif bəy Ustaclunun anadilli divanı barədə son dövrlərə qədər məlumat yox idi. P.Kərimov Y.Ustaclunun anadilli divanının Londonun Britaniya Muzeyində saxlanan, 755 beyt və 1 misra həcmində, 94 qəzəl, 2 məsnəvi, 2 təxmis, 3 rübai, 1 beyt və 1 misradan ibarət nüsxəsini müasir əlifbaya transfoneliterasiya edərək 2012-ci ildə "Elm və təhsil" nəşriyyatında geniş ön sözlə çap etdirib. P.Kərimovun Səfəvilər dövrü ədəbiyyatımızın araşdırmasına həsr etdiyi iri həcmli monoqrafiya "XVII əsr anadilli Azərbaycan lirikası" adlanır. Müəllif burada indiyədək tədqiqata cəlb edilməmiş mənbələrin köməyi ilə XVII əsr anadilli poeziyamızın inkişaf özünəməxsusluqları barədə bir sıra diqqətəlayiq elmi fikirlər irəli sürüb. Kitabın "Azərbaycan ədəbiyyatında XVII əsr anadilli lirikasının yeri, coğrafiyası, tədqiqi və nəşri tarixi" adlı birinci fəslində müəllif dövrünün ictimai-siyasi vəziyyətini, Azərbaycan türkcəsinin sarayda və ədəbiyyatda mövqeyini, XVII əsr anadilli Azərbaycan lirikasının coğrafiyasını, tədqiq və nəşr tarixini nəzərdən keçirib. "XVII əsr anadilli Azərbaycan lirikasının mövzu dairəsi" adlı ikinci fəsildə dövrün lirikasının səciyyəvi xüsusiyyətləri, dünyəvi və təsəvvüfi eşq, didaktika, təbiət mövzusu, lirikada ictimai, vətənpərvərlik mötivləri, ideoloji mübarizənin, tarixi hadisələrin əksi, söz sənəti haqqında fikirlər, Qızılbaş poeziyasının XVII əsrdə davamçıları və s. araşdırılır.
"XVII əsr anadilli Azərbaycan lirikasında ənənə və yenilikçilik" adlı üçüncü fəsildə dövrün ədəbiyyatında ənənə və yenilikçiliyə münasibət, şifahi xalq ədəbiyyatının təsiri ilə yaranan anadilli lirik poeziya, şeirdə Nəvai, Füzuli ənənələri, Azərbaycan lirikası ilə Türkiyə poeziyası arasında əlaqələr və oxşar cəhətlər, dövrün poeziyasında "hind üslubu" tədqiq edilir. IV fəsildə XVII əsr anadilli Azərbaycan lirikasının janr və forma xüsusiyyətləri, bədii ifadə vasitələri, qafiyə və vəzn məsələləri, dil və üslub xüsusiyyətləri, bədii metodu mətndən keçirilir. Monoqrafiyasında tədqiqatçı xüsusi olaraq vurğulayır ki, XVII əsr Azərbaycan lirikası ədəbiyyat tariximizdə yeni bir mərhələnin başlanğıcı kimi önəmli yer tutur. Dövrün anadilli poeziyası bəzi araşdırıcıların qeyd etdikləri kimi, Füzuli sehrinə düşərək durğunluq keçirməyib, humanizm, xalq həyatına, və dilinə yaxınlaşma, şifahi xalq ədəbiyyatından bəhrələnmə, həyat gerçəkliyinin daha təfərrüatlı təsviri, realizm meyllərinin artması yolu ilə gedib. Əsrin əsas şairləri Füzulinin güclü təsiri altında olsalar da, onların yaradıcılığında yaşadıqları dövrün tələblərinə cavab vermək, şeirin mövzu dairəsini genişləndirmək, yeni ifadə formalarını tapmaq istəyinin çox güclü olduğu görünür. Şifahi xalq ədəbiyyatı təsirinin güclənməkdə davam etməsi, Abbas Tufarqanlı, Sarı Aşıq, Əzizi kimi aşıqlarla bərabər Əmani, Zəfər kimi klassik üslubda yazan şairlərin folklor janrlarında əsərlər yazması, danışıq dilinə meylin artması dövrün türkdilli Azərbaycan lirikasının ən səciyyəvi cəhətlərindəndir. P.Kərimov eləcə də "XVII anadilli Azərbaycan poeziyası" adlı icmal və portret-oçerklərdən ibarət kitab nəşr etdirib. Bura XVII əsrin Sadiq bəy Əfşar, Mürtəzaqulu xan Şamlu Zəfər, Vəhid Qəzvini, Tərzi Əfşar, Vali, Məczub Təbrizi, Qövsi Təbrizi, Təsir Təbrizi, Şükri kimi şairlərinin həyat və yaradıcılığına dair portret-oçerklər daxil edilib.

Tahirə Əliyeva, araşdırmaçı