Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri  -   8-ci yazı Ədəbiyyat

Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri  -   8-ci yazı

Əlbəttə, mövzu baxımından hər hansı janr təsnifatı əsərlərin məzmununun dərkini məhdudlaşdıra, onun bədiiliyinin zəif qəbuluna, estetik mahiyyətinə müəyyən kölgə sala bilər. Lakin janr əlamətlərinin dərindən təhlili əsərdə yer almış digər komponentlərin də yerini göstərməyə kömək edə bilər. Novella, hekayə-simvol, sosial-psixoloji, sosial-məişət hekayəsi və s. M.Auezovun erkən nəsrinin janr tərkibini təşkil edir. Mıuxtar Auezov yaradıcılığının nüfuzlu tədqiqatçısı Y.Lizunova yazır: "20-ci illər Auezov nəsri janr baxımdan rəngarəngdir: onlar arasında povest, hekayə, novella, kiçikhəcmli bədii nümunələr vardır. Bununla yanaşı, burada müəllifin janr çərçivələrini genişləndirmə meyilləri görünməklə, materialı daha dərindən təqdim edə bilmə, qəhrəmanın əvvəlki tarixinə səyahət, personajların davranışlarının sosial motivirovkasını onların psixoloji xarakteristikası ilə əlaqələndirmək özünü göstərməkdədir". Y.Xizunova M.Auezovun nəsri ilə bağlı xeyli maraqlı müşahidələr aparıb təhlillər ortaya qoysa da, erkən nəsri ilə bağlı bir sıra məsələləri nəzər-diqqətdən kənarda saxlayıb. Bu, ilk növbədə, M.Auezovun erkən nəsrində yetərincə geniş yer almış sosial-psixoloji təhlil, mənəvi-estetik dəyər, xalq həyatının xeyli qatlarını ortaya qoyan epik təhkiyənin aparılmasında peyzajın rolu və s. cəhətlərlə bağlı ola bilər. M.Auezovun 20-ci illər nəsri elə şəkildədir ki, onlar hekayə ilə povest (məsələn, "Yasa bürünmüş gözəl", "Boz Qəddar"), povestlə roman (məsələn, "Qəddar illər") arasındadır. Belə janr özünəməxsusluğu 20-ci illər MAuezov nəsrinin prinsipial dövrü olmaqla bərabər, janrın mürəkkəbləşməsinə və zənginləşməsinə aparan istiqamət kimi də maraqlıdır. Bu da qeyd edilməlidir ki, M.Auezovun əsərlərinə nəzər saldıqda müəllifin epik istedadına, təhkiyə materialına təsir edib onun janr hədlərini genişləndirildiyini görürük. Bu genişlənmə M.Auezovun bir sıra hekayələrinin povestə (bu sırada "Yasa bürünmüş gözəl", "Boz Qəddar" ilk növbədə qeyd edilməlidir), povestlərin isə roman jjanrına ("Qəddar illər") aid edilməsini şərtləndirir. Biz yuxarıda "Müdafiəsizin günü" hekayəsində əfsanəvi batır Kuşik- pay-batır və əfsanəvi bədbəxt batır nəslini təcəssüm etdirən qoca qarının fəlsəfi obrazından danışmışdıq. Burada isə onu əlavə edək ki, MAuezov bu obrazın köməyi ilə elə bir epik genişlik və ənginlik təsvir etmir ki, çöllükdə olan aul həyatı oxucunun gözü qarşısında bütün tamlığı və genişliyi ilə əks olunur. Bir sıra tədqiqatçılar belə keyfiyyətlərinə görə bu əsəri də povest janrına aid edirlər. Bu, yazıçının poetikasının digər çoxsaylı kom-ponentlərində də özünü büruzə verir. Məsələn, bir sıra müəlliflər kimi biz də M.Auezovun "Qəddar illər"ini nəzərdən keçirib, təhlil edərək onu povest janrına yox, roman janrına aid etmişik. Belə janr sürüşkənliyi və təyini M.Auezov nəsrinin özəl xüsusiyyəti kimi xeyli zaman kəsiyində tədqiqatçıları məşğul edəcək.
M.Auezovun 20-ci illər nəsrini təhlil edən qazax tədqiqatçısı Marat Adibayev onun kiçik nəsrinin kompozisiya - mövzu baxımından və əlamətlərinə görə ona daha yaxın və bağlı, bir-birini zənginləşdirən beş janr qrupuna bölür:
a) sosial-psixoloji hekayə: "Kimdir təqsirkar", "Müdafiəsizin günü", "Yetim", "Barımta", "Qisas alma";
b) məişət-əxlaq hekayəsi: "Alim vətəndaş", "Evlənmə", "Keç¬mişin kölgəsində", "Həvəs", "Şıltaq gəlin"; 
c) hekayə-esse: "Təpənin zirvəsində", "Qış gecəsi", "Səhranın qış gecəsi" ("Səhra mənzərələri" silsiləsi);
d) novellalar: "Sıbanlar sərdabəsində", "Təkcənin ətəklərində" ("Səhra hekayələri" silsiləsi) və "Yasa bürünmüş gözəl";
e) hekayə-simvol: "Boz Qəddar".
Qeyd edək ki, burada ədibin yaradıcılığında realizmin dərinləşməsi, yazıçının poetikasının mürəkkəbləşməsi yeni janrın yaranması ilə birbaşa əlaqədədir. Bunu da nəzərə almaq lazımdır ki, M.Auezov yaradıcılığında elə olur ki, məişət hekayələri sosial əsərlər səviyyəsinə yüksəlib, etik-əxlaqi problemlər qaldırmaqla köhnə səhra aulunun halını, xasiyyətini və məişətini epik mənzərələrin köməyi ilə açır. Bəzən isə elə olur ki, bu və ya digər hekayə mürəkkəb problemlər kompleksi yaradır ki, o problemlərdən hər hansı biri isə daha çox diqqət mərkəzinə çəkilir. Bütün bunlar da, öz növbəsində, M.Auezovun yaradıcı üslubunu ortaya qoyan poetik vasitələr sisteminin əlamətlərini göstərir.
M.Auezovun hekayələrinin forma və məzmunundan asılı olmayaraq onun 20-ci illərdə yazdığı kiçikçaplı nümunələrin epik xarakter daşıdığını da nəzərdən qaçırmaq olmaz. Çünki, povest və romanlarında olduğu kimi, sənətkarın hekayələri də xalq həyatının geniş və tutumlu lövhələrini özündə əks etdirir. Bunun da başlıca səbəbi M.Auezovun qazax folklorundan gələn xalq məişətinin şəkillərini və formalarını daha tutarlı epik genişlikdə təqdim etməsidir. Auezov təsvirin əsasına nəyi qoymasından asılı olmayaraq (aul həyatı, əcdadlarının real gerçəklikdə olduğu kimi, çətin həyat şəraiti, obrazları və s.), müəllif hekayələrinin qəhrəmanlarını oxucunun özü kimi çətin və ekstremal şəraitdə əks etdirməyi qarşıya məqsəd qoyur. Oxucunun gözü qarşısından kino lenti kimi keçən onun vərdiş etdiyi şərait təsvir olunanları dərk etmək üçün münbit zəmin yaradır. Bəzən hekayələrdəki hər hansı işarə, cəmiyyətdə gedən dərin proseslərlə bağlı siqnallar əxlaq, məsələn, nikaha, davranış normalarına və s. münasibətin dəyişilməsini ortaya qoyur. Bu tipli başlanğıc oxucunu sanki, əsərdə olduğu kimi, real həyatda da baş verə biləcək dəyişikliklərə hazırlayır. Bu zaman təhkiyəçinin özü əsərdə heç də seyrçi kimi çıxış etmir, o baş verən hadisələrə dəyər verməklə sanki, ənənəvi olaraq akın və jjıraular eposu ifa etdikləri zamanda (lakin müəllifdən fərqli olaraq, akın və jıraular ifa zamanı öz rəğbət və nifrətini açıq şəkildə bəyan edirdilər) olduğu kimi, dinləyici və oxucu düşüncəsinə təsir etmək istəyir.
M.Auezovun erkən hekayələrində təhkiyənin epik manerası ikili qavrayış effekti yaradır: bir tərəfdən burada həyatın geniş axını öz əksini tapır (ailənin, tayfanın, aulun və s.), digər tərəfdən, qəhrəmanın faciəvi taleyi göz önünə gəlir. Hər iki halda təhkiyə formasından başqa, obraz sistemi və konfliktlə yanaşı, M.Auezov üçün peyzaj mühüm əhəmiyyət kəsb edir. "Kimdir təqsirkar", "Keçmişin kölgəsində" və s. hekayələrdə yazıçı təbiət hadisələrini qarşılaşdırmaqla keçmiş insan münasibətlərində yer almış zahiri dünyanı qəddar dünya qaydaları ilə üz-üzə qoyub harmoniyanın pozulduğunu göstərir. Maraqlı burasıdır ki, belə olduğu halda, müəllif peyzaj uyğunsuzluğu ilə həyatdakı disharmoniyanı göstərməklə nəzərəçarpacaq səmərə yaradır. Ritmik baxımdan təkrarlanan və çoxmənalılıq əldə edən peyzajın mənası, mahiyyət kəsb edən bədii detal M.Auezovun 20-ci illərdə yazdığı hekayələrin aparıcı epik təhkiyə manerası kimi maraq doğurur. Buradan belə bir nəticə hasil olur ki, M.Auezovun 20-ci illərdə yazdığı hekayələrinin poetikasının mühüm elementi təhkiyənin epik formasıdır.
MAuezov poetikasının digər mühüm bir elementi olaraq həm də peyzaj ön plana çıxır. Peyzaj erkən hekayələrdə də poli- funksional və çoxmənalıdır. Onun funksiyası süjetdən kompozisiyaya qədər bütün qatları əhatə edir. Axı Auezovun hekayələrində təbiət və insan olduqca mühüm vahidlikdə, harmoniyada çıxış edir və adətən, təbiət heç nədən asılı olmayaraq, qəhrəmanların taleyinə və psixologiyasına təsir edir. Müəllifin belə bir bədii yanaşması ona görə özünü doğruldur ki, o, daim hədsiz-hüdudsuz stixiya ilə mübarizələrə həsr olunan köçəri aul həyatının hər bir halda təbiətin hakimliyindən və insanlara köməyindən asılı oldu-ğunu göstərmək istəyir. Bu da köçəri həyatının və taleyinin təbiətdən asılılığının onunla eyni axında getməsi ilə bağlı olduğunu göstərir. Belə olduğu hallarda M.Auezovun hekayələrində təbiət sanki başlıca fateh rolunda çıxış edir. Bu da ona gətirib çıxarır ki, yazıçı öz fikir və hisslərini nəinki xarakterlər qalereyası və xalq həyatının mənzərələrinin köməyi ilə, həm də əsərin obrazlı sisteminə daxil olan peyzaj ünsürləri ilə oxucuya təqdim edir. Peyzajın belə görümlü təsvirinə biz "Yasa bürünmüş gözəl" hekayəsində daha tez-tez rast gəlirik:
"...Bülbül oxuya-oxuya sanki boğazını arıtlayırdı. Yenə oxudu, dimdiklərini şaqqıldatdı, sonra kiçik qırmanc kimi daha da şiddətləndirdi. Qaragöz belə yerlərdə bülbülü nə qədər eşitmişdi. İndi isə o, soyuq döymüş üzünü yuxarı tutub, gözlərini qıyıb, bundan həzz alaraq dayanmışdı. Bülbül elə bir nəğmə oxuyurdu ki, o nəğmələr əvvəllər eşidilməmişdi... Bülbül elə bir sıldırım qayanın nəğməsini oxuyurdu ki, bu qaya boz bir yüksəklik kimi çəmənlikdən yuxarıda dayanmışdı. Bülbül onun gözəlliyi, onun yandırıb-yaxan gözlərindən duru ola bilməyən bir şey haqqında, bir insan haqqında oxuyurdu ki, onun adı Qaragöz idi".
M.Auezovun digər hekayələrində olduğu kimi, bu əsərdə də peyzaj qəhrəman və personajların psixoloji təhlili üçün mühüm vasitələrdən biridir. Burada o, oxucuda emosional əhvali-ruhiyyə yaratmaq baxımından və Qaragözün qəlbindəki hiss və duyğuları yaratmaq aləti kimi mühüm rol oynayır. Burada peyzaj oxucunu təhkiyə mövzusuna uyğun, onunla səsləşən bir vəziyyətə kökləyir. Odur ki "Yasa bürünmüş gözəl"də peyzaj süjetin İnkişaf impulsu kimi çıxış edir. Eyni zamanda nə bu, nə də Auezovun digər hekayələrində əsərin bədii strukturunda peyzajın yerinə ye-tirdiyi funksiya heç də bununla məhdudlaşmır. Məsələn, "Alim vətəndaş" hekayəsində peyzaj kompozisiya baxımından ciddi şəkildə fərqlənməklə elə bir emosional başlanğıc yaradır ki, bu, yazılı ədəbiyyatda şifahi xalq yaradıcılığının "səsli söz" və "musiqili müşayiət" kimi elementlərini əvəz edir. Elə buna görə də peyzajın çoxmənalılığını müəyyənləşdirmək və əsərin arxitektonikasında tutduğu yerin qiymətini vermək də çətinləşir. Bu hekayələrdə peyzaj oxucunu müəyyən qavrayışa kökləyir. Eyni zamanda peyzaj ətraf aləmi təcəssüm etdirib, onun qəddar qanunlarını İnkişaf etdirməklə simvol səviyyəsinə yüksəlir. Elə də olur ki, peyzaj bəzi məqamlarda dünya qayda-qanunlarının antipodu kimi çıxış etməklə harmoniya və ideallıq yaratdığı kimi, həm də həyatın eybəcərliyini göstərir. MAuezovun erkən hekayələrində peyzajın çoxmənalı funksiyası kompleks halında çıxış edir. Burada yalnız ədibin iki - "Barımta" və "Qisas alma" hekayələrində müəllif ən başlıca diqqəti sosial konfliktin özünə həsr edir.

Nizami Tağısoy
filologiya üzrə elmlər doktoru, professor