Azərbaycan Prezidentindən ləyaqət dərsi Siyasət

Azərbaycan Prezidentindən ləyaqət dərsi

İlham Əliyev: "Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi"

"Bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik. Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini də görürük və bu, bizi çox narahat edir". Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin: "Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir".
"Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır".
Dövlət başçısı, əslində, bu barədə artıq önəmli addımların atıldığını qeyd edib: "Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk".
"Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də əlbəttə ki, bizim üçün ən önəmli yerdədir.
Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət, o cümlədən mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək, ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik", deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib kİ, MDB məkanında vəziyyət o qədər də ürəkaçan deyil: "Bir çox ölkələr böhranla bacara bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan demək olar ki, çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Onu da qeyd etməliyəm ki, Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir".
"Belə bir mənzərə yaranıb. Yunanıstan böhranı hələ ki, davam edir. Hələ ki, heç bir nəticə əldə edilməyib. Əlbəttə, biz bilirik ki, vaxtilə Yunanıstanda müəyyən səhvlər buraxılmışdır və həddindən artıq borclanma getmişdir. Bunun da səbəbi yəqin ondan ibarətdir ki, siyasətçilər öz işlərinə o qədər də məsuliyyətlə yanaşmırdılar. Mən həmişə demişəm və bu gün də deyirəm, Azərbaycanda xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır, hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər.
Ona görə Yunanıstanla bağlı vəziyyət əlbəttə ki, bu səbəblərdən qaynaqlanır. Eyni zamanda, biz görürük ki, Avropanın bəzi ölkələri, xüsusilə özləri üçün xüsusi yer əldə etmək istəyən ölkələr Yunanıstanı, sadəcə olaraq, alçaldırlar. Xalqı, dövləti alçaldırlar. Bax, budur, bugünkü reallıqlar", deyə dövlət başçısı bildirib.


"Bu format bizə lazım deyil"

Azərbaycan Prezidenti deyib ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq".

"Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. BizAvropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik", deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa Şurasına üzv olub ki, ilk növbədə Qarabağ problemi həll edilsin: "Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi".


"Turistlərin sayını artırmağa çalışmalıyıq"

Avropa Oyunlarından söz açan Prezident İlham Əliyev bildirib ki, bu hadisədən sonra Azərbaycana turistlərin axını daha da sürətlə gedəcək. Bura gələn qonaqlar Bakıya aşiq olublar. Bakının gözəlliyi, rahatlığı, təhlükəsizliyi daim qonaqların diqqət mərkəzində idi. Əlbəttə, biz turistlərin sayını artırmağa çalışmalıyıq".
Dövlət başçısı deyib ki, Avropa Oyunları bunun üçün gözəl imkan, təqdimat olub: "Ancaq başqa məsələlər də öz həllini tapmalıdır ki, Azərbaycana daha çox turist cəlb edə bilək. İlk növbədə viza məsələsini qeyd etmək istəyirəm. Mən dəfələrlə bu məsələ ilə bağlı göstərişlər vermişəm, müəyyən addımlar atılıb. Amma hələ tam şəkildə bu məsələ öz yoluna düşməyib. Viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında möhkəm sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda viza rejimi elə olmalıdır ki, Azərbaycana turist, qonaq kimi gəlmək istəyənin qarşısında maneəyə çevrilməsin. Ona görə də vizaların elektron verilməsi, xaricdə səfirliklərə baş vurulmaması öz həllini tapmalıdır. Azərbaycana gəlmək istəyən hər bir insan elektron viza almalıdır. Səfirliyə getməyə ehtiyac olmamalıdır, evində kompüter qarşısında oturaraq elektron qaydada bileti, vizanı almalı, turizm şirkətlərinin xətti ilə Azərbaycana gəlməlidir, vəssalam! Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, digər qurumlara göstərişlər verilib, amma nəticə yoxdur. Əgər kimsə mənə desə ki, nəticə var, yoxdur! Çünki mən bura gələn qonaqlardan soruşuram, ağzıdolu danışırlar ki, nə gözəl ölkədir, amma deyirlər ki, bir problem var ki, gəlmək çətindir, gərək 1 ay, 2 ay qabaq planlaşdıraq. Müasir dünyada insanlar tez hərəkət edirlər, iki, üç gün ərzində hər hansı ölkəyə gəlmək istəyən oteli sifariş edir, müraciət edərək bilet, viza alır, gəlir. Gərək bu məsələni mütləq həll edək"

"Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir..."


Dövlət başçısı aviabiletlərin bahalığı ilə bağlı ictimaiyyəti narahat edən məsələlərə də diqqət çəkib: "AZAL yüksək xidmət göstərir, mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Axı başqa ölkələrə nisbətən kerosin ucuz qiymətə verilir, niyə aviabiletlər bahadır?"
Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: "Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. O halda başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?"
Prezident Maliyyə və Sənaye və İqtisadiyyat nazirliklərinə bu məsələ ilə məşğul olub, digər ölkələrlə müqayisə aparmağı tapşırıb: "Burada tənzimləmə mexanizmi olmalıdır, hər şey şəffaf olmalı və qiymətlər qaldırılmamalıdır ".
Dövlət başçısı beş ulduzu olmayan hotellərin qiymətinin baha olduğunu deyib: "Bölgələrdə, rayon yerlərində elə qiymət istəyirlər ki, insan ora getmək istəmir. Buna bəlkə də sadə yanaşırlar ki, bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var. Amma hər kəs gedə bilmir. Azərbaycanda beş ulduzlu otellərin sayı kifayət qədər çoxdur, mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, prestijdir. Əgər dünyanın beş ulduzlu aparıcı brendləri Bakıdadırsa, Bakı buna layiqdir. Onlar da layiqdirlər ki, Bakıdadırlar. Ancaq üç ulduzlu otellər azdır, iki ulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq! Azərbaycanda o qədər gözəl yerlər var ki, heç yerə istirahətə getmək də lazım deyil. Dağ, meşə, çaylar, göllər, dəniz, xizək kurortu, hər şey var".
Prezident deyib ki, ölkə turizmin inkişafı üçün üç məsələyə - viza, aviabiletlərin və otellərin qiymətləri məsələsinə, o cümlədən üç ulduzlu, iki ulduzlu otellərin tikintisi məsələsi diqqət mərkəzində olmalıdır: " Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı tövsiyələr versin, eyni zamanda sahibkarlar da bunu eşitsinlər ".


Prezident İlham Əliyev sahibkarları məsuliyyətli olmağa çağırıb: "Sahibkarlar məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, hansısa sahibkar sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm".
Prezident deyib ki, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər: " Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıb. Kapital qoyuluşu azalıb".

"Rayonlarda haqq qoyurlar, pay istəyirlər"

Prezident xatırladıb ki, son bir neçə ildə ilk dəfədir, xarici sərmayə daxili sərmayəni üstələyib: "Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir".
Dövlət başçısı Vergilər Nazirliyinin fəaliyyətinə də toxunub: "Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq".
Prezident qeyd edib ki, ölkə sahibkarlıq hesabına inkişaf edəcək: " Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın"
Dövlət başçısı dərmanların bahalığı ilə bağlı məsələyə də diqqət çəkib: "Uzun illər dərman pereparatları ilə bağlı burada da çox xaotik vəziyyət müşahidə olunurdu. Bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı".
Prezident bildirib ki, məsələ dərindən təhlil edilərkən ədalətsizliklər olduğu ortaya çıxıb: "Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib".
Dövlət başçısı bildirib ki, İqtisadiyyat və Sənaye, həmçinin Səhiyyə nazirlikləri bu məsələ ilə ciddi məşğul olduqlarını deyiblər: "Burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır".
Ölkə başçısı vurğulayıb ki, dərmanlar müxtəlif ölkələrdə istehsal olunur: "İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır".
Prezident bildirib ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır: "Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq".


"Bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil"


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş in olmadığını deyən Prezident İlham Əliyev Ermənistanda kriminal diktatura rejimi öz xalqını əzdiyini, xalqın hesabına varlandığını deyib.
Dövlət başçısı bildirib ki, Ermənistan sadəcə, danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır".
Prezident bildirib ki, Ermənistan dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir: " Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir".
Ölkə başçısı bildirib ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir: " Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük".

XC