“Bu, maraqlı məqamdır” Siyasət

“Bu, maraqlı məqamdır”

Rasim Musabəyov: "İlham Əliyevin Avropa Birliyi haqda tənqidi fikirləri Tuskun səfər proqramının dəyişməsinə səbəb olub"

Arzu Nağıyev: "Yəni Azərbaycan öz torpaqlarını azad etməyə hazırdır"

"Avropa Şurasının sədri Donald Tuskun Cənubi Qafqaza səfəri maraqlı detalla başladı. Əvvəlcə yalnız İrəvan və Tiflisə gələcəyi deyilən Tusk sonradan proqrama dəyişiklik etdi və Bakıya da səfər etdi. Bu, maraqlı məqamdır". Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Onun fikrincə, Prezident İlham Əliyevin Avropa Birliyi haqda tənqidi fikirləri Tuskun səfər proqramının dəyişməsinə səbəb olub: "Tusk Gürcüstanı "Şərq tərəfdaşlığı" proqramının lideri adlandırdı, lakin bu, ölkənin pozulan ərazi bütövlüyü məsələsinə toxunmadı. O, İrəvanda Serj Sərkisyanın Dağlıq Qarabağla bağlı gülünc iddialarını dinləməyə də məcbur oldu və münaqişənin həllində Minsk qrupunun səylərini dəstəklədiyini açıqladı. Lakin Avropa Birliyinin münaqişəyə köməyindən söz etmədi. Tusk ən məzmunlu danışıqları Bakıda keçirdi. Bildirdi ki, Azərbaycan Avropa Birliyinin əhəmiyyətli partnyorudur".
Politoloq qeyd edib ki, Tuskun regiona səfəri Ukrayna münaqişəsi fonunda Cənubi Qafqazın özünü unudulmuş hiss etməməsi məqsədi daşıyır.
Lakin Brüssel anlamır ki, region dövlətləri Avropa Birliyinin köməyi üçün uzun müddət gözləməyəcək. Çünki geosiyasət boşluqlara dözmür və əgər Avropa Birliyi uzaqlaşırsa, onun yerini başqa faktorlar tutacaq", - deyə R. Musabəyov vurğulayıb.
Politoloq Arzu Nağıyev isə deyib ki, Donald Tuskun Azərbaycana səfəri müsbət bir hal kimi qiymətləndirilməlidir: "Yəni bu gün Azərbaycan beynəlxalq qurumlarla, eyni zamanda Avropa İttifaqı ilə soyuq münasibətdə olmamalıdır. Bu münasibət birbaşa regional iqtisadi layihələrin də həyata keçirilməsinə mənfi təsir edir. Əlbəttə ki, bu ilk növbədə elə Avropanı narahat edir. Bu proseslərə də təsir edən əsas amil isə Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidən 20 illik stasus-kvonun saxlanmasıdır.
Rusiyaya Avropa tərəfindən də tətbiq edilən iqtisadi və siyasi sanksiyalar onu münaqişənin həlli yolunda müsbət rol oynamağa təhrik edir və Rusiya da bundan nəticə çıxarmalıdır. Həmsədrlərdən biri məhz Fransanı, daha doğrusu, Avropanı təmsil edir və öz mövqeyini ortaya qoymalıdır. ABŞ-a gəldikdə, böyük aktivlik hiss olunur və təşəbbüsün ələ alınması istiqamətində addımlar atdığı nəzərə çarpır".
A.Nağıyevin fikrincə, bütün bunları nəzərə alsaq, Donald Tuskun verdiyi Qarabağ mesajı başadüşüləndir: "Yəni Azərbaycan öz torpaqlarını azad etməyə hazırdır, istər sülh, istərsə də hərbi yolla. Mane ola biləcək qüvvələr də məlumdur. Ən yaxşı variant isə münaqişənin həllinin Madrid prinsipləri, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində başa çatdırılmasıdır. ATƏT və digər qurumlar məhz bu istiqamətdə öz səylərini artırmalı və konkret addımlar atmalıdırlar".

Əli