“Maliyyə hesabatı verməyən partiyalarla bağlı tədbir görüləcək” Siyasət

“Maliyyə hesabatı verməyən partiyalarla bağlı tədbir görüləcək”

"Siyasi partiyalar bu ildən maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyalarına təqdim edirlər. Yəni, bu, ilk təcrübədir. Yenilik olduğu üçün hər hansı narahatlığın yaranmasını müşahidə etmirəm".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, maliyyə hesabatının təqdim edilməsi üçün bu ilin sonuna qədər vaxt var: "Ola bilər, bəzi partiyaların hansısa problemləri var. Biz bunu araşdırırıq. Əlbəttə ki, bu ilin sonunda qanunvericiliyin tələblərinə uyğun olaraq çox ciddi şəkildə tədbirlər görüləcək. Bununla bağlı məlumatlar veriləcək".
Qeyd edək ki, rəsmi dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını MSK-ya təqdim edib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyənlər Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyasıdır.