“Abbas Abbasov Rusiyada olduğu müddətdə Azərbaycana qarşı fəaliyyətlərdə olub” Siyasət

“Abbas Abbasov Rusiyada olduğu müddətdə Azərbaycana qarşı fəaliyyətlərdə olub”

Qabil Hüseynli: "Onun işləri haqqında disapor təşkilatların Azərbaycan hakimiyyətinə çoxsaylı məktubları, müraciətləri də təsdiq edir"

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti "Azərros"dan istefa verdiyi haqda xəbərlər yayıldı. Məlumata görə, bu gün "Azərros" Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. İclasda A. Abbasov təşkilatdan və Ağsaqqallar Şurasının üzvlüyündən istefa verdiyini açıqlayıb. Təşkilatın Ağsaqqallar şurası da Abbas Abbasovun ərizəsinə yox deməyib və qapılarının gedənə də, gələnə də açıq olduğunu göstəriblər. Bir müddət əvvəl Rusiyadakı diasporlarımızdan Abbasov haqqında gələn həyəcanlı xəbərlər isə eks baş nazir müavininin Azərbaycan hakimiyyəti və ölkəmiz barədə "qara-qura işlər"lə məşul olduğunu deyirdi. Özü də Ulyanovskdakı diaspora nümayəndəmiz, oranın rəhbəri Azərbaycan mediasında bu haqda da yazılar dərc etdirmişdi. Bəs bu söz – söhbətlərin və cənab Abbas Abbasovun bundan sonraki fəaliyyəti və taleyi necə olacaq? Ölkənin hüquq – mühafizə orqanları köklü araşdırmalardan sonra onu Rusiyadan Azərbaycana gətirdə bilərmi?
Məsələni şərh edən politoloq Qabil Hüseynli faktları təsdiqləyərək bildirib ki, Abbas Abbasov Rusiyada olduğu müddətdə Azərbaycana qarşı fəaliyyətlərdə olub: "Onun işləri haqqında disapor təşkilatların Azərbaycan hakimiyyətinə çoxsaylı məktubları, müraciətləri də təsdiq edir. Üstəlik Azərbaycan diasporunun Ulyanovsk şəhərindəki liderinin həm biznes strukturlarına, həm də özünə fiziki təsir göstərməklə AMON həmləsi olub. Həmin şəxs yenidən Azərbaycan mətbuat orqanlarına və ölkənin siyasi rəhbərliyinə müraciə edərək bu fəaliyyətlərdə Abbas Abbasovu günahlandırır. Çünki o, əvvəl də Abbas Abbasovun Azərbaycan disporu arasında Azərbaycan hakimiyyətinə qarşı anti-təbliğat və təxribatçı işləri haqqında da rəhbərliyə məlumatlar ötürmüşdü. İndi də Azərbaycan tərəfi bununla əlaqədar olaraq hərəkətə gəlib. Yəni ki, Diasporlarla İş üzrə Dövlət Komitəsinin Rusiya hakimiyyət orqanlarına müraciəti nəticəsində Abbasovun bundan sonrakı bu cür fəaliyyətlərinə və "Rusiyada istənilən qapını aça bilər" hissinə son qoyuldu. Rusiya tərəfindən baş nazirin keçmiş müavininə ciddi surətdə təpinildi". Qabil Hüseynlinin sözlərinə görə eks hökumət üzvünün Azərbaycana qarşı daha məkrli planları da varmış: "Abbas Abbasovun əsas məqsədi 2,5 milyonluq Azərbaycan diaspor təşkilatlarını ələ keçirib Azərbaycana təzyiq etmək idi. Rusiyanın qarşısında da deyəcəkdi ki, baxın, mənim əlimdə bu cür potensial var.Ümumiyyətlə Abbas Abbasov Moskvada yaşadığı illərdə Azərbaycan siyasi hakimiyyətinə qarşı müxtəlif antitəbliğat işləri ilə məşğul olub. Bu da ölkə hakimiyyətinin diqqətindən yayınmayıb". Siyasi ekspert Abbas Abbasovun bundan sonraki fəaliyyət sxemi haqqında proqnozlarını bizimlə bölüşdü: "Bundan sonra Azərbaycan rəhbərliyi onu geriyə də istəyə bilər. Çünki o, Azərbaycan vətəndaşıdır. Yaxud da Rusiya ilə belə bir razılaşma da ola bilər; Abbas Abbasov Rusiyada bir guşədə sakit oturacaq və siyasi fəaliyyətlə məşğul olmayacaq. Sırf biznes fəaliyyəti ilə məşğul olub Azərbaycana ziyan vuran hərəkətlərdən qaçacaq. Baxaq görək Abbas Abbasov hansı yolu seçir?! Yəni ahıl yaşlarında başını aşağı salıb sakit dayanacaqmı yoxsa Azərbaycana qarşı fəaliyyətini yenə davam etdirəcəkmi? Bundan sonra Abbasov üçün ən sərfəli variant başını aşağı salıb öz biznes fəaliyyəti ilə məşğul olmasıdır. Dağıstanın şefi Abdullatipovla dostluğu əsasında biznes fəaliyyətlərini inkişaf etdirməlidir. Başqa variant keçmiş baş nazirin birinci müavininin iflasına gətirib çıxara bilər".