“Avropa Parlamentinin gülünc qətnaməsinin əsil səbəbi...” Siyasət

“Avropa Parlamentinin gülünc qətnaməsinin əsil səbəbi...”

Elçin Bayramlı: "Azərbaycanın qlobal planlara alət olmaması və öz ərazilərini işğaldan azad etmək istiqamətində fəaliyyətini gücləndirməsidir"


"Qərbin ikili standrtlar üzrə siyasət yürütməsi artıq çoxdan bütün dünyaya məlumdur. Soyuq müharibə dövründə ABŞ başda olmaqla Qərb dövlətləri dünyada demokratiyadan dəm vurudular. Lakin elə ki əsas məqsədlərinə çatdılar- SSRİ dağıldı- bundan sonra təkqütblü dünya formalaşmağa başladı və demokratiya pərdəsinin arxasındakı əsil niyyət məlum oldu. İndi Qərbə yeni düşmən lazım idi- onu axtarmaq üçün vaxt sərf etməyə ehtiyac belə olmadı". Bu fikirləri ekspert Elçin Bayramlı səsləndirib. Onun sözlərinə görə, SSRİ-dən sonra onların əsas düşmənləri islam dünyası idi: "Rusiya zəifləmiş, Çin isə hələ güclənməmişdi. Fürsətdən istifadə edən Qərb koalisiyası islam coğrafiyasına açıq hücumlara keçdi. Bundan qabaq Yuqoslaviyanı, Çexoslavakiyanı... parçalamağa macal tapmışdılar. İndi hədəfdə Qərbi Asiya, Afrika və keçmiş SSRİ respublikaları idi.
Tezliklə, NATO öz üzərinə götürdüyü bütün öhdəlikləri birətərəfli qaydada pozaraq Şərqə doğru genişlənməyə başladı. Şərqi Avropa ölkələrində nüvə və raket bazaları yerləşdirildi, Cənub-Qərbi Asiyaya (Əfqanıstan, İraq və s) müdaxiələlər artdı. Bundan sonra, növbə Liviyaya, Misirə, Tunisə, Suriyaya... çatdı. Qərbə tabe olmaq istəməyən, öz sərvələtini transmilli şirkətlərin talamasına razı olmayan dövlətlərə qarşı açıq hərbi təcavüzə başlandı və çoxu məhv edildi. Lakin Rusiyanın yenidən güclənərək öz əvvəlki qlobal mövqelərini qaytarmaq cəhdləri Qərb dairələrini çox narahat etdi.
Bundan sonra yenidən Şərqi Avropaya və keçmiş SSRİ zonasına qayıdıldı- Gürcüstanda Rusiyaya qarşı mübarizə, bir az sonra isə Ukraynada vətəndaş müharibəsi törədildi. Orta Asiyada baş tutmayan cəhdlər oldu. Artıq post-sovet məkanında rəngli inqilablar nəzəriyyələrinə start vermişdilər. Bu da istənilən effekti vermədi. Çünki yanaşma ikili standartlardan edilirdi. Misal üçün, keçmiş Sovet məkanındakı münaqişələrə yanaşmada biz bunu daha aydın görürük".
O, bildirib ki, Qərbin müdaxilə etdiyi ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altında düşməsi, qaçqınlar problemi və s. ilə üz-üzə qalıblar: "Bütün bunlarda Qərbin məqsədi müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili qarşıdurmalara sövq etmək, yerüstü və yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır.
Bu qlobal təxribatlardan və təcavüzlərdən bezən və buna sərt etiraz edən ölkələrin sayı sürətlə artır. Buraya konkret əsassız hərbi təcavüz edilən, Qərbin yaratdığı terror təşkilatları tərəfindən vətəndaş müharibələrinə məzurz qoyulan ölkələri də əlavə etmək lazımdır. Harda müharibə, qırğın varsa bunların ora müdaxilə etmək, o ölkələri öz nəzarətlərinə keçirmək, transmilli şirkətlər vasitəsilə sərvətlərini talamaq üçün imkanları çoxalır. Lakin bu qlobal mafiyaya tabe olmayan ölkələr öz güclərini birləşdirsə bunun qarşısını ala bilərlər. Artıq bu istiqamətdə addımlar atılır.
Dünyanın əksər regionlarında anti-Qərb əhval-ruhiyyəsi güclənir. Getdikcə daha çox ölkə Qərbin təsirində olan beynəlxalq təşkilatlardan narazılığını bildirir. Həm də bu təkcə siyasi faktorlarla bağlı deyil, həm də iqtisadi təxribatlardan qaynaqlanır. Misal üçün, BVF, DB BMK kimi beynəlxalq maliyyə təşkilatlarının, ÜTT kimi yalnız iri dövlətlərin və transmilli şirkətlərin mənafeyini qoruyan qurumların apardığı siyasət ölkələri müflis edir, qlobal birjalarda aparılan maxinasiyalardan 3-cü dünya ölkələri zərər çəkir, neftin qiymətinin süni surətdə salınması neft ixrac edən ölkələrə zərər vurur, ölkələrin uzun illər ərzində dar gün və gələcək nəsillər üçün əziyyətlə yığdığı ehtiyat maliyyə vəsaitləri necə olursa qəfildən yox çıxır və s. Yalnız öz maraqlarını güdmək və 3-cü dünya ölkələrinə istismar olunmaq üçün baza kimi baxmaq siyasətinin axırı belə olur. Qərb artıq başa düşməlidir ki, bu siyasətin sonu çatıb".
O, əlavə edib ki, konkret olaraq, Qərb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar mövqeyi nümayiş etdirir: "Postsovet ölkələrində yaranmış digər ərazi münaqişələrindən fərqli olaraq, Qərb Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret və təsirli addımlar atmaqdan çəkinir, yalnız deklorativ bəyanatlar verməklə kifayətlənir. Gürcüstanın ərazi bütövlüyü ilə bağlı istər ABŞ, istərsə də Avropa İttifaqı və onların təsirində olan beynəlxalq strukturlar birmənalı olaraq ərazi bütövlüyü prinsipini dəstəkləyib. Açıq və ya gizli şəkildə Gürcüstana hərbi, iqtisadi, maliyyə, humanitar yardım göstərilib. Dnestryanı münaqişə ilə də bağlı olaraq Moldova da Qərbdən hərtərəfli dəstək almaqda davam edir.
Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq olunub. Ukrayna regionlardakı bütün seperatçı rejimlərin rəhbərlərinin adları "qara siyahı"ya daxil edilib, onların Qərb ölkələrinə səfərləri qadağan olunub.
Lakin son 25 il ərzində eyni problemlə üzləşmiş Azərbaycan belə dəstəklərdən məhrumdur- BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmur, Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir, Dağlıq Qarabağdakı qondarma separatçı rejim Qərb tərəfindən açıq maliyyə dəstəyi alır, Qərb ölkələri tərəfindən bu problemin tədricən unutdurulması və Qarabağdakı rejimin tədricən legitimləşdirilməsi siyasəti yürüdülür, ABŞ və Avropa paytaxtlarında qondarma rejimin müxtəlif nümayəndəlikləri açılır, rejimin rəhbərləri Qərb paytaxtlarına sərbəst şəkildə səfər edir, rəsmi şəxslərlərlə görüşürlər, terrorçu rejimin hərbi vəziyyətini gücləndirmək üçün maliyyə marafonları təşkil edilir.
Anlaşılmazdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan hərbi qüvvələrinin mövcudluğu, orada Ermənistanın siyasi rəhbərliyinin iştirakı ilə hərbi manevrlər keçirilməsi Qərb paytaxtlarında sükutla qarşılanır.
ATƏT öz faktaraşdırıcı missiyasının açıqladığı hesabatlara belə etinasız yanaşır, işğalçı və işğala məruz qalan tərəflərə eyni münasibət bəslənilir, bütün məsələlərin həllini münaqişədə olan dövlətlərin üzərinə atmağa çalışaraq kompromis axtarır, özləri heç bir təzyiq göstərmirlər, işğalçı dövlətdən beynəlxalq təşkilatların qərar və qətnamələrinə riayət olunmasını tələb etmirlər".
E.Bayramlının fikrincə, bu qlobal qarşıdurmada tərəf tutmaq üçün ölkəmizə də təsir etməyə çalışırlar: "Maraqlısı budur ki, Qərb dövlətləri və onların tam nəzaərtində olan beynəlxalq təşkilatlar bəzi neytral ölkələri, o cümlədən Azərbaycanı da öz məqsədlərinə alət etməyə çalışırlar.
Lakin dövlətimiz belə avantüralara getmir və bütün dövlətlərlə bərabərhüquqlu və ikitərəfli münasibətlərə üstünlük verir. Bizim işğalçı Ermənistan istisna olmaqla heç bir dövlətlə problemimiz yoxdur. Dövlətimizin yürütdüyü optimal xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu kifayət qədər yüksəldib. Şübhə etmirəm ki, tezliklə bu özünü əsas problemimizin həllində açıq şəkildə göstərəcək.
Azərbaycan son hədəfi müstəmləkəçilik, xalqları istismar etmək olan qurumlar və dövlətlərlə əməkdaşlığın perspektivini görmür. Qərb özünü dünyanın demokratiya və hüquq mərkəzi olduğunu iddia edirsə, bunu əməldə sübut etməli idi. Çox təəssüf ki, belə bir numunəyə hələ də rast gəlinməyib.
Avropa Parlementinin gülünc qətnaməsinin əsil səbəbi budur- Azərbaycan öz işğal olunmuş torpaqlarını azad etmək üçün bütün imkanlarını işə salıb. Üstəlik yaranmış əlverişli geosiyasi situasiyadan məharətlə istifadə edən dövlət rəhbərlərimiz probelmin həllində əsas rolu ola biləcək Rusiyanı da öz tərəfimizə çəkməyi bacarıblar. Proseslərin gedişi göstərir ki, Moskva bu problemin həll olunmasına girişib. Bu, ilk növbədə Kremlin qlobal maraqlarına daha çox uyğundur. Qərbi narahat edən əsas səbəb də budur- özlərinin həll etməyə cəhd belə etmək istəməduikləri münaqişə Rusiyanın vasitəsilə həll ediləcək, Qərb bu regionda oyundankənar vəziyyətdə qalacaq və ölkələrə təsir imkanlarını itirərəcək. Məlum qətnamənin və ölkəmizə təzyiqlərin əsas səbəbi burda gizlənib".