Aytən Mustafayeva AŞPA baş katibini tənqid edib Siyasət

Aytən Mustafayeva AŞPA baş katibini tənqid edib

"O, AŞPA-da öz statusuna uyğun siyasət aparmır"

"Əminlikdə deyə bilərəm ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi özbaşına deyil. O, AŞPA-da öz statusuna uyğun siyasət aparmır. İnanmıram ki, növbəti rəhbər də eynilə köhnə baş katib kimi olacaq". Bunu millət vəkili Aytən Mustafayeva deyib.
Millət vəkilinin sözlərinə görə, 20 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal olunub və münaqişə hələ də davam edir: "Biz görürük ki, beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir addım atmırlar. Bu artıq onların böhranının göstəricisidir. Hətta bu yaxınlarda keçirilən BMT-nin növbəti sessiyasında Rusiya və ABŞ prezidentlərinin müzakirə etdiyi mövzulardan biri də BMT Təhlükəsizlik Şurasının işinin daha da təkmilləşdirilməsi idi. Bu o deməkdir ki, onlara sərf edəndə bir düyməyə, sərf etməyəndə isə digər düyməyə basırlar. Bizim problemlər kontekstində həmişə ikili standartlar işləyir. Beləcə Azərbaycanın maraqları nəzərə alınmır. Bu, bütün beynəlxalq təşkilatlara şamil olunur. Mən inanmıram ki, AŞPA hansısa konstruktiv işlər görsün. Təbii ki, onun yeni rəhbəri də bu siyasətsizliyin, arqumentsiz, düşünülməmiş təzyiqlərin qurbanı olacaq".
Qeyd edək ki, AŞPA-nın payız sessiyasının ikinci iş günündə qurumun baş katibi vəzifəsinə seçkilər keçirilib. AŞPA baş katibi postuna seçkilər iki namizəd, Assambleyanın hazırkı baş katibi Voytsex Savitski və serbiyalı xanım Svetislava Bulajiç arasında keçirilib. Voytsex Savitski 140 səs toplayaraq yenidən AŞPA-nın baş katibi vəzifəsinə seçilib. Xanım Svetislava Bulajiçə isə 108 deputat səs verib.
AŞPA-nın Baş katibi Voytsex Savitski daha 5 il müddətinə bu vəzifəsini icra edəcək. Onun hazırkı baş katiblik mandatı gələn ilin fevral ayında bitməli idi.