“Arif Hacılının istefasını tələb edəcəyik” Siyasət

“Arif Hacılının istefasını tələb edəcəyik”

Müsavatın VIII qurultayında başqanlığa namizədliyini irəli sürən üç şəxsdən sonuncusu da partiyadan qovula bilər. Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib ki, Divanın növbəti toplantısında Tural Abbaslının məsələsi müzakirə ediləcək. Qeyd edək ki, T.Abbaslı qurultaydan sonra partiyanın yeni rəhbərliyini dəstəkləməyib və "Ağ Blok" təsis edib. Hazırda ətrafında bir neçə müsavatçı gənclə seçkilərə hazırlaşır, namizədliyi qeydə alınıb. Sonuncu qurultayda namizədliyini irəli sürən Qubad İbadoğlu və Səxavət Əlisoy partiyadan çıxarılıb. Hazırda Müsavatda başqanlığa iddiasını ortaya qoyan yeganə müxalif fikirli şəxs Tural Abbaslıdır. Görünən budur ki, Abbaslı Divanın növbəti toplantısında partiyadan qovula bilər. Ancaq T.Abbaslı bundan narahat deyil. Onun sözlərinə görə, əslində, indiyə qədər də Divanda onun və digər müsavatçı gənclərin məsələsi müzakirəyə çıxarılıb: "Bundan əvvəl də "Ağ Blok"da təmsil olunan 6 müsavatçının məsələsi müzakirə edilib. Hər dəfə də mənfi konteksdə müzakirə edilib. İddia ediblər ki, üzvlərimiz partiyanın qərarlarına tabe olmur, partiyanın irəli sürdüyü namizədlərin dairələrindən öz namizədliklərini irəli sürürlər. Biri təklif edib gəncləri partiyadan qovaq, digər deyib töhmət verək və s. İndiyə qədər müzakirələr belə formada olub. İddia edirlər ki, biz nizamnamənin bəndlərini pozuruq. Əslində isə bütün bunlar bəhanədir".
Tural Abbaslı xatırladıb ki, "Ağ Blok"da təmsil olunan müsavatçıların heç biri indiyə qədər Arif Hacılı qruplaşmasında təmsil olunmayıb: "Bu və ya digər formada bəhanə axtarırlar ki, bizi "cəzalandırsınlar". Əsas arqumentləri də, odur ki, niyə partiya xətti ilə namizəd olmamısınız. Əslində isə bizi partiya xətti ilə namizəd göstərməyiblər. Halbuki, bizim hansı dairədən namizəd olacağımız haqda informasiya illərdir ki, Müsavat rəhbərliyinə məlumdur. Müsavatın ilkin siyahısına baxsanız görərsiniz ki, adımız bu siyahıda var. Sonradan qrup maraqlarına görə, adımızı çıxardılar. Hətta bizə şərt qoydular ki, deputat olmaq üçün partiya rəhbərliyinə müraciət etməlisiniz. Halbuki, belə şərt digər namizədlərə qoyulmayıb. Müsavatın irəli sürdüyü 60 namizəddən azı 35-nin belə bir ərizəsi yoxdur. Sadəcə qərəz kimi, alternativ fikrə dözümsüz olduqlarından bizə qarşı belə şərt irəli sürdülər. Qurultayda Arif Hacılıya üç şəxs rəqib olub və sonradan onlardan ikisi partiyadan qovulub, yeganə qalan isə mənəm. Bütün bunlar Hacılının qrup maraqlarının təmin edilməsi naminə edilir". Tural Abbaslı Müsavat rəhbərliyinə mesaj da göndərib: "Mən açıq elan edirəm. Əgər, bu parlament seçkilərində Müsavat adına seçilən deputatların sayı İsa Qəmbərin zamanında seçilən deputatların sayından az olacaqsa, biz Arif Hacılıdan istefasını tələb edəcəyik. Əgər başqanlığa gəlmisənsə, seçkilərdə biabırçı duruma düşəcəksənsə, deməli, istefa verməlisən. Daha 5 il müddətinə xalqın və bizim vaxtımızı almağa dəyməz. Bu günə qədər də Arif Hacılının fəaliyyətini mənfi və partiyaya ziyan kimi qiymətləndirirəm. Bizim bu tənqidlərimizə görə də, onların təzyiqləri davam edir". Tural Abbaslı qeyd edib ki, Divandakı müzakirələrlə maraqlanmır, əgər hansısa qərar veriləcəksə, bu, Arif Hacılının qərarı olacaq: "Bu gün Müsavatın siyasi kursu belədir ki, Arif Hacılının siyasi kursunun əleyhinə hətta Rəsulzadə qarşı çıxsaydı, onu dərhal Müsavatdan qovardılar. Rəsulzadəni qovanlar, Müsavatın bərpa təşkilatının üzvlərini partiyadan çıxaranlar məni nədən qovmasınlar? Bu gün Müsavatda ədalət hissi itib, yalnız Arif Hacılının siyasi maraqlar dəyəri var. Hər şeyə də bu prizmadan baxırlar. Əlbəttə, bu konteksdən baxanda məni də, dostlarımı da qovarlar. İndi partiyanın sükanı bunların əlindədir, bütün seçkili orqanlarda təmsilçiliyi ələ alıblar. Təbii ki, biz 16 ilimizi qoyduğumuz partiyadan rahat şəkildə çıxıb gedəsi deyilik. Hər halda biz də zamana uyğun addımlarımızı atacağıq".