NULL Spiker rusiyalı jurnalistlərlə görüşüb

Spiker rusiyalı jurnalistlərlə görüşüb Siyasət

Spiker rusiyalı jurnalistlərlə görüşüb

Oqtay Əsədov: "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadığı üçün Qərbin təzyiqinə məruz qalır"

Parlament seçkiləri ərəfəsində ölkəmizə səfərə gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələrinin bir qrupu Milli Məclisdə olub.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə tanış olublar.
Sonra rusiyalı jurnalistlər Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər. O, qonaqlara ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycana səfər etdiklərinə görə təşəkkür edib. Spiker qeyd edib ki, seçkiləri izləmək üçün Milli Məclis və digər müvafiq qurumlar tərəfindən bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub. "Bu onu göstərir ki, biz Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsində maraqlıyıq və bunun üçün lazım olan bütün işlər görülüb. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik cəmiyyət quruculuğu üçün ötən illər ərzində məqsədyönlü siyasət yeridilib. Azərbaycanda milli azlıqların hüquqları müdafiə olunur, dini etiqad azadlığı var. Bu gün ölkədə 3 minədək qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Məhkəmə-hüquq islahatları öz müsbət nəticəsini verməkdədir".
Oqtay Əsədov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri həyatın bütün sahələrində dinamik inkişaf edir. Onun sözlərinə görə, parlamentlərarası əlaqələrimiz dövlətlərarası münasibətlərin dərinləşməsinə öz töhfəsini verir.
Spiker Azərbaycanda həmişə rus dilinə böyük hörmətlə yanaşıldığını vurğulayıb. O bildirib ki, bu gün Azərbaycanda 335 rusdilli orta məktəb, o cümlədən bütün dövlət ali məktəblərində rusdilli bölmələr var. Bununla yanaşı, Bakıda Slavyan Universiteti, Moskva Dövlət Universitetinin və bu ildən Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Ölkədə rus dilində qəzet və jurnallar nəşr olunur.
Parlament sədri jurnalistlərlə söhbətində deyib ki, Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina etdiyi üçün Qərb ölkələrinin təzyiqlərinə məruz qalır.
"Bizim prezidentimiz müstəqil siyasət yeritmək istəyir və bu, çoxlarının xoşuna gəlmir. Bizə olan təzyiqlərin əsl səbəbi budur", - deyə o, söyləyib.
Oqtay Əsədov ATƏT DTİHB-in Azərbaycanda seçkiləri izləməkdən imtina etməsi məsələsinə də aydınlıq gətirib: "Bizə məktub göndərdilər ki, Azərbaycana 400 müşahidəçi göndərəcəklər. Biz sual verdik ki, niyə 400, sizin metodologiyanıza nə oldu? Bizim 9 milyon əhalimiz var, siz 400 nəfər göndərirsiniz. Ukraynada 45 milyondur, ora da 400 nəfər göndərirsiniz. Türkiyədə 80 milyon insan yaşayır, amma oraya ümumiyyətlə, 18 nəfər göndərmisiniz. Onlar metodologiyanı izah etməyərək müşahidə missiyası göndərməkdən imtina etdiklərini açıqladılar və bunu Azərbaycanın müşahidəçiləri qəbul etməyə hazır olmadığı kimi əsaslandırdılar. Bizdə seçkiləri 22 beynəlxalq təşkilat müşahidə edəcək. Bu, kifayətdir. MDB Parlamentlərarası Assambleyası,MDB, AŞPA var. Onlar iştirak edəcəklər və bu, yetərlidir".
Oqtay Əsədov qarşıdakı parlament seçkilərinin rusiyalı KİV nümayəndələri tərəfindən obyektiv işıqlandırılacağına inamını ifadə edib, jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib.
Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.