BAXCP seçki ilə bağlı mövqeyini açıqladı Siyasət

BAXCP seçki ilə bağlı mövqeyini açıqladı

Partiya Azərbaycan hökumətini parlamentli respublikaya keçid etməyə, ölkədə köklü siyasi-hüquqi islahatlar aparmağa, çoxpartiyalı sistemin inkişafı üçün ardıcıl və konseptual qərarlar qəbul etməyə çağırıb


Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti parlament seçkilərindən sonra ilk iclasını keçirib. İclasda Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərin nəticələri müzakirə olunub və bununla bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir:

"Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da daxil olmaqla 22 siyasi partiya və 1 siyasi partiyalar bloku iştirak edib. Yalnız mövcud hakimiyyətin legitimliyini tanımayan aşırı radikal siyasi partiyaların bir hissəsi seçkiləri boykot etdilərini bildiriblər.
BAXCP seçkilərə 77 namizədlə qatılıb. Onlardan yalnız 25-i qeydə alınıb. Seçki prosesində 3 nəfər namizədliyini geri götürüb. Digər deputatlığa namizədlər isə mübarizəni sonadək davam etdiriblər.
BAXCP-nin seçkilərdə iştirak edən namizədlərinin və prosesi izləyən müşahidəçilərinin yekun rəyi Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında yer alan fikirlərlə əsasən üst-üstə düşür. Hesab edirik ki, seçkilərin daha ədalətli və şəffaf keçirilməsi üçün ilk növbədə seçki qanunvericiliyi təkmilləşdirilməlidir.
Beləki mövcud Seçki Məcəlləsində yer alan bir sıra məhdudiyyətlər seçkilərin daha dinamik və rəqabətlilik əsasında keçirilməsinə imkan vermir. Mövcud qanunvericiliyə görə, siyasi partiyaların yalnız 60-dan artıq seçki dairəsində deputatlığa namizədləri qeydə alındıqda ödənişsiz efir vaxtından istifadə edə bilərlər. Namizədlərin qeydə alınması prosedurunun mürəkkəbliyi BAXCP-nin və digər müxalifət partiyalarının seçkilərdə lazımi sayda namizədlə iştirak etmək imkanlarını məhdudlaşdırıb. Seçkilərə lazımi sayda namizədlə qatılmaq imkanı olmayan siyasi partiyalar isə son nəticədə mövcud Seçki Məcəlləsinin tələblərinə əsasən ödənişsiz efir vaxtından istifadə edə bilməyiblər. Hakim partiya isə seçki debatlarının alternativsiz olacağını əsas gətirərək ödənişsiz efir vaxtından imtina edib.
Namizədlərin təbliğat-təşviqat kampaniyası üçün ödənişli efir vaxtı yalnız İctimai Televiziya tərəfindən təqdim olunub. Digər telekanallar isə bu prosesdə ümumiyyətlə iştirak etməyiblər.
İctimai Televiziyanın təqdim etdiyi qiymətlər yüksək olduğu üçün siyasi partiyaların və deputatlığa namizədlərin ödənişli efir vaxtından istifadə etmək imkanı olmayıb. Bu isə öz növbəsində ölkədə daha rəqabətli seçki atmosferinin yaranmasına imkan verməyib.
Müşahidələrimizə görə, seçki prosesi ərzində, o cümlədən səsvermə günü müxtəlif səpkili qanun pozuntuları baş verib. Həmin pozuntular hazırda Mərkəzi Seçki Komissiyası və müvafiq seçki komissiyaları tərəfindən araşdırılır. Artıq 2 seçki məntəqəsində nəticələr ləğv olunub.
Hesab edirik ki, ayrı-ayrı seçki məntəqələrində baş verən qanun pozuntuları seçkilərin yekun nəticəsinə təsir göstərəcək həddə deyil, seçkilərin nəticələri xalqın iradısini əks etdirir.
Seçkilərin elan olunmuş ilkin nəticələrinə əsasən, hakim Yeni Azərbaycan Partiyası parlamentdə 71 deputatla təmsil olunacaq. Bitərəf namizədlər 42, 11 siyasi partiyanın təmsilçiləri isə 12 yer qazanıb. Beləliklə, Azərbaycan müxalifəti növbəti dəfə parlamentdə fraksiya yaratmaq imkanı qazana bilməyib.
Təəssüf ki, ATƏT-in seçki öncəsi vəziyyəti qiymətləndirəcək müşahidə missiyası çoxsaylı siyasi partiyaların da xahişini nəzərə almadan, Azərbaycan hökumətinin müşahidəçilərin sayının 380 nəfərdən 131 nəfərə endirmək tələbinə görə seçkiləri müşahidə etməkdən imtina etdi. Amma Avropa Şurası Parlament Assambleyasının qərarına əsasən, AŞ PA-dan 32 parlamentari, ümumilikdə isə 530 xarici müşahidəçi Azərbaycanda keçirilən parlament seçkilərini izlədi. Müşahidəçilər seçkilərin Seçki Məcələsinə uyğun keçirildiyini və xalqın iradəsini əks etdirdiyini bildirdilər. Bununla yanaşı, AŞ PA-nın müşahidə missiyası qeyd etdi ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyətə görə narahatlıqlar qalmaqda davam edir və ölkədə demokratik islahatlar davam etdirilməlidir. Seçkilərdən sonra ABŞ və Avropa Komissiyası yeni seçilmiş Azərbaycan parlamenti ilə əməkdaşlığı davam etdirəcəklərini bəyan etdilər. Biz Avropa Parlamentinin Azərbaycandakı seçkilərə müşahidəçi göndərməkdən imtina qərarına etiraz edən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (ACER) prezidenti cənab Jan Zahradilin, onun təmsil etdiyi Vətəndaş Demokratik Partiyasının (Civic Democratic Party), Azərbaycanla bağlı qətnamənin əleyhinə səs verən 274 Avropa Parlamenti üzvünün və AŞ PA-nın qiymətləndirməsini daha doğru və Azərbaycanın demokratik inkişafına töhfə verəcək mövqe kimi qiymətləndirir, təcridetmə siyasətinin yanlış olduğunu düşünürük.
Hesab edirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən siyasi motivlərlə həbs olunduqları bildirilən şəxslər azadlığa buraxılmalı, seçki qanunvericiliyi təkmilləşdirilməli, çoxpartiyalı sistemin inkişafı üçün proporsional seçki sisteminin tətbiqinə başlanılmalı, ölkədə ciddi siyasi-huquqi islahatlar aparılmalıdır.
BAXCP ölkədə qanunun aliliyinin təmin olunması istiqamətində Azərbaycan Respublikası Prezidentinin son qərarlarını dəstəkləyir və bəyan edir ki, yalnız müstəqil məhkəmə hakimiyyəti qanunun aliliyinə tam zəmanət verə bilər.
Təəssüf ki, hökumətin siyasi islahatları gecikdirməsi milli demokratik, dünyəvi siyasi qüvvələrin alternativ siyasi güc mərkəzləri kimi formalaşmasına mane olur, nəticədə xaricdən idarə olunan və dindən öz siyasi məqsədləri üçün istifadə edən ekstimist dairələrin önə çıxmaq cəhdlərinə zəmin yaradır. Bunun təzahürləri isə son zamanlar özünü daha qabarıq şəkildə büruzə verməkdədir.
BAXCP bir daha Azərbaycan hökumətini parlamentli respublikaya keçid etməyə, ölkədə köklü siyasi-hüquqi islahatlar aparmağa, çoxpartiyalı sistemin inkişafı üçün ardıcıl və konseptual qərarlar qəbul etməyə çağırır.