Əliməmməd Nuriyev belə düşünür Siyasət

Əliməmməd Nuriyev belə düşünür

"Avropa Məhkəməsinin bəzi qərarlarının qeyd-şərtsiz icrası milli suverenliyə təhdidlərə gətirib çıxara bilər"


İnsan Hüquqları ilə əlaqədar Avropa Konvensiyasına qoşulmaq eyni zamanda Avropa Məhkəməsinin yurisdiksiyasını da tanımaqdır. Bunu "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O qeyd edib ki, belə olan halda Avropa Məhkəməsinin çıxardığı qərarlar Azərbaycanda icraya yönəlməlidir.
Hüquqşünas bildirib ki, icraya yönəldilmə məsələsində müəyyən proseslər var: "2002-ci ilin aprel ayından Avropa Məhkəməsinin qərarları, yurisdiksiyası Azərbaycanda tətbiq edilir. Bu illər ərzində Avropa Məhkəməsində Azərbaycanla əlaqəli bir sıra qərarlar qəbul edilib.
Əlbəttə ki, qəbul edilən qərarların böyük əksəriyyətindən imtina edilib. Bu da var. Çünki Azərbaycana qarşı olan qərarlar qəbul edilib. Söhbət Azərbaycan vətəndaşının öz ölkəsinə qarşı olan qərarından gedir.
Bu qərarlarla bağlı mübahisə doğuran məqamlar var. Çünki bəzi qərarlar çox tez bir zamanda qəbul edilib və icra olunması istənilib. Axı necə olur ki, məcburi köçkünlər və sairlə bağlı qərarlar belə asanlıqla icraata qəbul edilmir?
Məsələn, Kəlbəcərdən olan azərbaycanlılar Ermənistan tərəfindən işğal altında saxlanılan öz dədə-baba yurdlarına gedərək valideynlərinin məzarını ziyarət ediblər, amma qondarma rejim tərəfindən kəşfiyyatçı adı altında saxlanılıb, həbs olunublar, onlar üzərində qondarma məhkəmə qurulub və sair.
Bununla əlaqədar Azərbaycan rəsmi şəkildə Avropa Məhkəməsinə müraciət edib. Lakin Avropa Məhkəməsi bu müraciətə çevik reaksiya verməyib, onu daha tez baxılan işlər sırasına salmayıb. Amma elə həssas, ciddi, araşdırılması zəruri olan məsələlər var ki, Avropa Məhkəməsi onları dərhal icraata yönəldib. Təbii ki, belə fərqli yanaşma müəyyən suallar yaradır"
Ə.Nuriyev deyib ki, bəzi ölkələr Avropa Məhkəməsinin çıxardığı qərarların onların ərazisində tətbiqi ilə bağlı qanun qəbul edirlər. Hüquqşünasın sözlərinə görə, həmin qanunda göstərilir ki, əgər Avropa Məhkəməsinin qərarları ilə onların yerli qanunları və Konstitusiyası arasında ziddiyyət varsa, beynəlxalq məhkəmənin qərarları tətbiq olunmur. Fond rəhbəri vurğulayıb ki, Rusiya bu yaxınlarda belə bir qanun layihəsi qəbul edib: "Avropa Məhkəməsinin bəzi qərarlarının qeyd-şərtsiz icrası bir sıra ölkələrin milli suverenliyinə müəyyən təhdidlərə də gətirib çıxara bilər, əlavə problemlərə yol açar, xaos, qarşıdurma yaradar. Məsələn, Azərbaycanda radikal dini qruplaşmalar var idi və onların hazırda həbsdə olan bəzi üzvlərinin adları siyasi məhbus siyahısına salınıb. Əsl gerçəklikdə isə onlar siyasi məhbus deyillər. Onlar radikal, ölkənin konstitusion quruluşuna qarşı olan, dövləti, hökuməti zor gücü ilə devirmək istəyən, bu istiqamətdə ictimaiyyətə çağırışlar edən qruplardır.
Belə adamlar ümumbəşəri dəyərlərə qarşı fəaliyyət göstərirlər. Əgər onların zorakılıqları, radikal niyyətləri baş tutsaydı, çoxsaylı insanların əksər hüquqları təhlükə qarşısında qalacaqdı. Hazırda Azərbaycanda həbsdə olan belə adamlar arasında terrorçu, sələfi, Suriyada döyüşən muzdlular və sair var. Heç bir halda onları siyasi məhbus hesab etmək olmaz".