“Bütün dünyada dövlətə, dövlətçiliyə qarşı çıxanlar ən sərt şəkildə cəzalandırılır” Siyasət

“Bütün dünyada dövlətə, dövlətçiliyə qarşı çıxanlar ən sərt şəkildə cəzalandırılır”

Əkrəm Həsənov: "Məhz bunlardan biri də təkfirçi meyilliyi olan şiə alimi ən-Nimrdir"

Son günlər İran və Səudiyyə Ərəbistanı arasında davam edən qarşıdurma dünya miqyasında maraqla izlənməkdədir. Din xadimi edam etdikdən sonra iki ölkə arasında gərginlik pik həddinə çatıb. Hər iki tərəf məsələdə özünü haqlı hesab edərək, İslam dini adından çıxış edir. Maraqlıdır, bəs haqlı olan kimdir? Milli Elmlər Akademiyasının böyük elmi işçisi, fəlsəfə doktoru, ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Səudiyyə Ərəbistanında edam hökmü həmin ölkənin tarixən hüquq cəzalarından biridir: "Belə ki, İslam dini təşəkkül tapıb, yayılandan üzü bu yana ərəb ölkələrində İslam hüquq sistemi tətbiq olunur. Edam cəzası da həmin ölkənin hüquqi cəza sistemlərindən biridir. Ağır cinayətlərə səbəb olan, insanları hakimiyyətə, dövlət çevrilişinə səsləyən, terrorizmi yayan, insanları kütləvi şəkildə terrorizmə səsləyən şəxslərin günahı sübut olunduqda edam cəzası tətbiq olunur. Bu həmin ölkənin qədim tarixi cəza sistemindən biridir. Məhz 47 nəfərin günahı sübut olunduqdan sonra da həmin şəxslər edam cəzasına məruz qaldılar. Təkfirçilik, dövlətə qarşı işlənən böyük günahlara, cinayətlərə görə edam olunan 47 nəfərdən dördü şiə, digərləri isə sünnidirlər. Bəzi məzhəb təəssübkeşləri bu məsələni məzhəblə əlaqələndirirlər ki, bu, kökündən yanlış düşüncədir. Belə olsaydı, digər sünnilər edam edilməz, edam edilənlər ancaq şiələr olardılar. Bütün bunlar ölkənin öz hüquq sisteminə həvalə edilməlidir".
İlahiyyatçının sözlərinə görə, ümumiyyətlə, terror fikrinin daşıyıcıları və dəstəkləyənlərinin hamısını belə acı sonluq gözləyir: "Bu səbəblə müsəlmanlar həmişə yaşadıqları ölkələrin içərisində idarəçilərə tabeçilik göstərməlidirlər. Allah-Təala Qurani-Kərimin "Nisa" surəsinin 59-cu ayəsində yaşadığın ölkənin rəhbərlərinə, idarəçilərinə tabeçilik göstərməyi, onlara qarşı gəlməməyi əmr edir: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır. Bütün dünyada dövlətə, dövlətçiliyə qarşı çıxanlar ən sərt şəkildə cəzalandırılır. Məhz bunlardan biri də təkfirçi meyilliyi olan şiə alimi ən-Nimrdir. Xüsusi ilə edam edilənlər içərisində diqqəti daha çox cəlb edən məşhur şiə alimi ayətulla Nimr Baqir ən-Nimrdir. Onun edamı dünyada bəzi şiələrin etirazına səbəb olmuşdur. Bu səbəblə bir çox ölkələrdə ona qarşı şiələr nümayişlər etmişlər".
Əkrəm Həsənov məsələni Azərbaycanda yaşanan Nardaran hadisələrinə bənzətdi: "Bu məsələni bizim ölkədə baş verən Nardaran hadisəsi ilə də eyniləşdirmək olar. Bildiyimiz kimi, Nardaranda dövlətə, dövlətçiliyə qarşı insanları səsləyən Tale Bağırzadə həbs olunandan sonra İranın bəzi şəhərlərində etiraz aksiyası keçirilmişdi. Halbuki həmin insanlar fərqində deyillər ki, belə fikirlər ölkə üçün, ölkədə yaşayan müsəlmanlar üçün təhlükəli hesab edilir. Məhz ən-Nimrin də cəzaya məruz qalmasını bir çox şiələr məsələnin mahiyyətinə varmadan yanlış düşünür və yanlış yorumlamağa çalışırlar. Halbuki, artıq məhkəmə tərəfindən onun böyük cinayətləri də sübut olunub. Belə ki, ən-Nimr 2011-ci ildə Bəhreyndə baş verən dövlətə qarşı üsyanlarda Qatif kəndində baş qaldıran dövlətə qarşı üsyanın təşkilatçılarından biri idi. Bundan sonra həmin şiə alimi 2012-ci ildə "etirazlara təşviq etmək, fitnə çıxarmaq, təhlükəsizlik orqanlarına dirənmək, silahlı hücum etməyə çalışmaq" kimi ittihamlarla həbs edilmişdi. Məhz həmin ərəfələrdə əməliyyat zamanı qaçmağa çalışarkən yaralı olaraq saxlanmış, 2013-cü ildə də mühakimə edilməyə başlanmışdır. Rəsmi dünya birliyi, böyük ölkələr, hətta bütün müsəlman ölkələrinin rəhbərləri bu məsələyə öz münasibətlərini bildirə bilərlər. Adi insanların, səlahiyyəti olmayan şəxslərin bu məsələni müzakirəyə çıxarıb, məzhəblərarası münaqişəyə gərtirmələri kökündən yanlışdır. Edam edilənlərin hamısı "Əl-Qaidə" və İŞİD kimi örgütlərə mənsub olduqları iddia edilən şəxslər idi. Onlar ərəb ölkələrində terror yuvaları qurur, gəncləri bu istiqamətə cəlb edirdilər. Edam edilənlərin hamısının cinayətləri sübuta yetirilmişdir. Belə ki, uzun müddət Səudiyyə Ərəbistanının hakim rejimi ilə mübarizə aparan bir şəxs olub. Krallıq üçün çox ciddi bir təhdid hesab edilirdi. Çünki sözü dinlənilirdi. Əlbəttə, bu edam hökmü birmənalı qarşılanmadı. Bildiyimiz kimi, bütün bir şiə məzhəbi bu edamdan təsirləndi. Məhz buna görə də bu edamın mənfi tərəfləri qaçılmazdır. Körfəz bölgəsində İran və Səudiyyə Ərəbistanı arasındakı münaqişə daha da qabaracaq. Xüsusi ilə bəzi mənbələrdə bildirilir ki, bölgədə şiə-sünni ayrı-seçkiliyi və mübahisələri dərinləşəcək. Ancaq buna baxmayaraq, bu hadisəyə görə dünyada sünni-şiə qarşıdurması baş verməyəcək. Çünki etirazçılar məsələnin mahiyyətini bildikdən sonra narazı qalmaqla kifayətlənəcəklər. Məsələyə təqlidsiz və məzhəbsiz baxmamaq mümkün görünmür. Belə ki, bildiyimiz kimi, hal-hazırda şiələrin bölgədəki himayədarı İran, sünnilərin isə himayədarı və terrora qarşı İslam koalisiyasını quran Səudiyyə Ərəbistanı, Bəhreyn və Yəməndir. Onlar da Suriyada qarşı-qarşıyadılar. Bölgədə etnik bölünmənin yanında məzhəb bölünmələrinin də yaşanacağı qaçınılmazdır".