“Azərbaycan. Tolerantlıq məkanı” Siyasət

“Azərbaycan. Tolerantlıq məkanı”

Moskvada ölkəmizlə bağlı sərginin açılışı olub
Leyla Əliyev: "Tolerantlıq bizim xalq üçün hər hansı bir inkişaf deyil, bu normadır, həyat tərzidir"

Rusiya paytaxında "Azərbaycan. Tolerantlıq məkanı" sərgisinin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində keçirilən sərgi Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev, Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və ÜAK-ın əməkdaşları iştirak ediblər.
Sərgidə dünya şöhrətli fotojurnalist Reza Deqatinin 26 foto əsəri - əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edən fotoşəkillər nümayiş etdirilib. Fotolarda Azərbaycanın timsalında müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşamasının mümkünlüyü əks olunub.
Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin direktoru Aleksandr Boroda qeyd edib ki, tarixən Azərbaycan hər zaman bütün millətlər üçün qonaqpərvər ev olmuşdur: "Yəhudi icması Azərbaycandakı bütün xalqlarla birlikdə sülh şəraitində yaşayıb və yaşayır. Digər dövlətlərin nümayəndələrinin bu sərgiyə gələrək belə isti atmosferin öz ölkələrində necə yaradılmasını fikirləşmələri vacibdir. Rusiyanın bir çox regionlarından nümayəndələr də bu sərgidən nəsə götürə bilərlər. "Azərbaycan-tolerantlıq məkanı" sərgisi pəncərəyə düşən işıqdır, hara kı, baxmaq və ora istiqamətlənmək lazımdır".
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevə isə çıxışında Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinə qonaqpərvərliyə görə təşəkkürünü bildirib: "Azərbaycanda hər zaman müxtəlif milliyətə, adət-ənənəyə və mədəniyyətə malik insanlar yaşayıblar. Onların hər biri öz töhvəsini verib və izlərini qoyublar. Bu gün bizim ölkədə müsəlmanlar, yəhudilər və xristianlar sülh şəraitində yaşayırlar. Bu bizim xalq üçün hər hansı bir inkişaf deyil, bu normadır, həyat tərzidir. Biz heç vaxt başqa cür yaşamamışıq. Bu gün bizim ölkədə sinaqoqları, pravoslav və katolok kilsələrini və məscidləri görmək mümkündür".