“Bu, sadəcə gözdən pərdə asmağa hesablanıb” Siyasət

“Bu, sadəcə gözdən pərdə asmağa hesablanıb”

Akif Nağı: "Onlar sadəcə sübut etmək istəyirlər ki, "müstəqil" qurum yaradıblar"

"Ermənistan prezidenti Serj Sarkisyan və işğalçı ölkənin müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağa mütəmadi səfər etmələri gözdən pərdə asmağa hesablanıb". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. QAT sədrinin sözlərinə görə, onlar sadəcə sübut etmək istəyirlər ki, "müstəqil" qurum yaradıblar: "Əslində isə bütün bunlar yalandır. Bu, birbaşa Ermənistan tərəfindən idarə olunur. Onlar təbliğat üçün məhz o əraziyə səfər edirlər. Digər tərəfdən isə orada hərbi birləşmələr var. Azərbaycan qoşunları ilə erməni hərbiçiləri təmas xəttində üzbəüz dayanıblar. Bu şəxslər məcburdurlar ki, hərbinin, oradakı qoşunların, texnika və silahların vəziyyətini yoxlamaq üçün oranı daima nəzarətdə saxlasınlar. Həmin insanların da əsas məqsədləri bundan ibarətdir. Azərbaycan bu məsələni kəskin şəkildə beynəlxalq təşkilatların qarşısında qoymalıdır. Hətta tələb etməlidir ki, Ermənistan rəhbərliyi hansı ad altında ora səfər edir, görüşlər keçirir. Hesab edirəm ki, bunun izahatını verməlidirlər".