Vüqar Bayramov: Kart məlumatlarınızı paylaşmayın Cəmiyyət

Vüqar Bayramov: Kart məlumatlarınızı paylaşmayın

“Bank kartlarından vəsaitin oğurlanmasının qarşısının alınması istiqamətində Mərkəzi Bank tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı işlər həyata keçirilir”.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov diqqətə çatdırıb.

O qeyd edib ki, bu məsələdə əsas məqamlardan biri bank kartı məlumatlarının kart sahibi tərəfindən, yoxsa üçüncü şəxslər vasitəsilə paylaşılması məsələsinin düzgün qiymətləndirilməsidir:
“Müşahidələr göstərir ki, əksər hallarda dələduzlar bank kartı sahiblərini aldadaraq onların vəsaitlərini mənimsəyirlər. Onlar bank adından zəng edir, müxtəlif üsullardan istifadə etməklə vətəndaşları aldadır və kart məlumatlarını əldə edirlər. Buna görə də bu istiqamətdə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, Mərkəzi Bankın son
qərarına əsasən, telefon vasitəsilə məlumatların təqdim edilməsi məhdudlaşdırılır:
“Yalnız vətəndaşın istəyi əsasında, xüsusi sistemdə qeydiyyatdan keçərək razılıq verdiyi halda telefon və digər vasitələrlə məlumat təqdim oluna bilər. Əks halda belə məlumatlar verilməyəcək”.

Vüqar Bayramov vətəndaşları telefon zəngləri, elektron poçt və müxtəlif keçidlər (linklər) vasitəsilə göndərilən məlumatlara qarşı diqqətli olmağa çağırıb:
“Telefon, e-mail və ya müxtəlif linklər vasitəsilə göndərilən məlumatlar saxta ola bilər və məqsəd kart məlumatlarını ələ keçirməkdir. Buna görə də ən vacib məsələ kart sahiblərinin bu kimi hallarda diqqətli davranmasıdır. Eyni zamanda təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsi və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi də vacibdir”.

Günel Elxan