"Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır" Dünya

"Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır"

Varşava hesab edir ki, Ukraynada müharibə uzandıqca, Polşaya da təsirləri davam edəcək və təhlükə olaraq bunu, özlərinə qarşı görürlər. Polşanın son bəyanatları da məhz bu səbəbdən qaynaqlanır və bu bəyanatlar, Rusiya mütləq hücum edəcək, anlamına gəlməməlidir. Əlbəttə ki Rusiyadan gələ biləcək hərbi və hibrid təhlükələrin artması ehtimalı yüksəkdir. Bu səbəbdən Polşa hökuməti və ordusu müharibəyə hazırlıq səviyyəsini artırmağa hazırlaşır. Bu baxımdan da Polşa müdafiə naziri Vladislav Kosiniak bildirib ki, ölkə hərbi təhlükə yaranacağı təqdirdə dövlət qurumları və ordunun daha sürətli fəaliyyət göstərməsi üçün yeni hazırlıq mexanizmləri üzərində işləyir.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"O detallarıın açıqlanmasının milli təhlükəsizlik baxımından doğru olmadığını bildirib. Söhbət əsasən səfərbərlik, dövlət idarəçiliyinin fövqəladə rejimə keçidi, logistika və kritik infrastrukturun müdafiəsindən gedir. Əslində isə Rusiyanın Polşaya və Baltikyanı ölkələrə hücum etmək planının olması ilə bağlı ehtimallar və onlar ətrafında müzakirələr son illərin ən çox qabardılan mövzuları arasında yer alır" - o, qeyd edib.

Politoloq deyib ki, Rusiya bu ölkələrə qarşı zaman-zaman hibrid təxribatlar həyata keçirib. Kiberhücumlar, enerji və nəqliyyat infrastrukturuna diversiyalar, pilotsuz uçuş aparatları vasitəsilə insidentlər və sərhəd təxribatları həyata keçirib:

"NATO və Polşa rəsmiləri hesab edirlər ki, Moskva gələcəkdə Alyansın nəbzini yoxlamaq məqsədilə cəhdlər edə bilər. Buna görə də Polşa və Baltikyanı ölkələrin hökumətləri müdafiə hazırlıqlarını sürətləndirmək qərarı qəbul ediblər. Rusiya isə bu iddiaları rədd edir və NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu artırmaq üçün təhlükəni şişirtdiyini deyir. Əslində isə yaxın gələcəkdə Rusiyanın NATO ölkəsi olan Polşaya genişmiqyaslı hərbi hücum etmək planının olması ehtimalı çox aşağıdır. Çünki Alyansın 5-ci maddəsinə əsasən Rusiya bütün NATO ilə müharibə etmək məcburiyyətində qala bilər. Amma, kiberhücumlar, insidentlər,digər hibrid əməliyyatlar və ümumiyyətlə təxribat xarakterli aktların həyata keçirilməsi real görünür. Bu baxımdan da Polşa müdafiə nazirliyinin bəyanatı anlaşılandır və "biz ən pis ssenariyə hazır olmalıyıq" mesajını verir".

Cavid