“Həmsədrlər Qarabağ probleminin həllini inhisara alıblar” Siyasət

“Həmsədrlər Qarabağ probleminin həllini inhisara alıblar”

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün missiyanı üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ ki heç bir nəticə verməyib.
Bunun əsas səbəblərindən biri də təşkilatın həmsədrlik institutunda təmsil olunan dünya güclərinin - ABŞ, Rusiya və Fransanın Qarabağ probleminin çözümünü öz monopoliyasına almasıdır.
Belə tendensiyanın status-kvonun saxlanılmasına xidmət etməsi dəfələrlə Azərbaycan rəhbərliyi tərəfindən də tənqid edilib.
Bununla belə, ATƏT-in Minsk qrupunda həmsədr ölkələrdən başqa 8 üzv dövlət də var. ATƏT-in saytında bildirilir ki, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, eləcə də Azərbaycan və Ermənistan Minsk qrupunun üzvləridir.
Bəs üzv dövlətlər həmsədrlərə təsir edərək, Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı dönüş yarada bilərmi?
"Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətinə görə, üzvlər sözü bir yerə qoysalar və Minsk qrupunun toplanmasını tələb etsələr, həmsədrlər buna riayət etmək məcburiyyətində qalar: "Üzv dövlətlər həmsədrlərdən Qarabağ probleminin həlli istiqamətində atılan addımlara dair hesabat tələb edə bilərlər. Rəsmi Bakının özü də bunu tələb edir. Türkiyə, Almaniya və digərləri vahid mövqedən çıxış edib sözü bir yerə qoysalar, Minsk konfransı çağırıb, həmsədr institutunun dəyişdirilməsi tələbi ilə də çıxış edə bilərlər".
Elxan Şahinoğlu Minsk konfransının çağırılmasının səbəbini də izah edib. O deyib ki, həmsədr ölkələr Qarabağ probleminin həllini inhisara alıblar: "Onlar başqa dövlətlərin prosesdə iştirakını istəmirlər. Ona görə də, bu, ümumi işin ziyanına işləyir".
Politoloq həmsədrlik postunun formatının dəyişilməsinin əslində elə də ciddi nəticə verəcəyinə inanmadığını bildirib: "Formatın genişləndirilməsinin də əleyhinəyəm. Çünki, bürokratik işlərin həcmi daha da artacaq. Əslində Amerika, Rusiya, Fransanın həmsədr olması normaldır, çünki hər üçünün Cənubi Qafqazda maraqları var. Üstəgəl, Azərbaycanla Ermənistanın bu üç dövlətlə normal münasibətləri var.
Həmsədrlikdən getsələr belə, bu üçlük yenə də başqalarına imkan verməyəcək. Çünki Cənubi Qafqazda böyük dövlətlərin maraqları var. Əlbəttə ki, biz Türkiyənin də, Almaniyanın da həmsədr olmasını istəyərdik. Amma bu məsələ problematikdir. Gərək onların özlərinin də istəyi olsun.
Əsas məsələ isə budur ki, həmsədrlər öz maraqlarını Ermənistana qarşı yönəldib işğal altındakı torpaqların boşaldılmasına nail olmalıdırlar".