“Macarıstan Azərbaycana zəruri məsləhətlər verə bilər” Siyasət

“Macarıstan Azərbaycana zəruri məsləhətlər verə bilər”

Martın 6-da Macarıstanın baş naziri Viktor Orban böyük nümayəndə heyəti ilə Azərbaycanda səfərdə oldu. Əvvəlcə Orban Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdü. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdi. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından danışıldı.
Viktor Orban Azərbaycanı Macarıstanın strateji tərəfdaşı adlandırdı. İlham Əliyev isə öz növbəsində Avropa İttifaqı çərçivəsində öz ölkəsinin maraqlarını qoruduğuna görə Macarıstanın baş nazirini təşəkkür etdi.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Macarıstan prezidentinin Azərbaycan səfərini şərh edib. Politoloq bildirib ki, Viktor Orban müstəqil fiqurdur, Avropa İttifaqının ziddinə qanunlar qəbul edir, miqrantları ölkəsində görmək istəmədiyini açıq etiraf edir: "Unutmayaq ki, Ramil Səfərov məhz Viktor Urbanın baş nazirliyi dövründə Azərbaycana ekstradisiya edildi. Halbuki, Urban bu qərara görə müxtəlif təzyiqlərlə üzləşəcəyini əvvəlcədən bilirdi. Ancaq risqi göz önünə alaraq ədalətli qərar verdi. Bakıdakı danışıqların atmosferindən görünürdü ki, rəsmi Bakı Şərqi Avropa ölkələri içərisində Macarıstanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Danışıqlar o qədər səmimi atmosferdə keçdi ki, hətta hər iki ölkənin nazirləri aralarında futbol yarışı da keçirildi. Aydındır ki, nazirlər arasında şəxsi münasibətlərin qurulması məqsədilə bu futbol yarışı da proqrama əvvəlcədən salınıb. Viktor Orban hər il dövlət başçıları səviyyəsində görüşməyi təklif etdi. Bu iki ölkə arasındakı siyasi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından vacib şərtdir. Başqa Avropa ölkəsi lideri Bakıda oxşar təklif səsləndirməyib".
Politoloq qeyd edib ki, Macarıstan baş nazirinin Bakıya səfərinin konkret nəticələri var: "Birincisi, Viktor Orbanı Bakıda müşayiət edən Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto dedi ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələri genişləndirmək məqsədilə Macarıstanın "Eximbank"ı biznes əlaqələrinin inkşafı üçün 200 milyon dollar həcmində kredit xətti açılıb. Bu kredit xətti iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyət göstərən şirkətlərə təqdim olunacaq.
İkincisi, Piter Siyartonun sözlərinə görə, İran üzərindən sanksiyaların ardan qaldırılmasından sonra bu ölkədə biznes mühiti daha əlverişlidir. Ona görə də Macarıstan və Azərbaycan şirkətlərinin İranda birgə fəaliyyət imkanları müzakirə edildi. Bu cür əməkdaşlıq formulu hər 3 ölkənin xeyrinədir. Azərbaycan gələcəkdə başqa Avropa ölkələrinin də İranda fəaliyyətində körpü rolunu oynaya bilər.
Üçüncüsü, Macarıstanın "WizzAir" avişirkəti yenidən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşlar həyata keçirəcək. Şirkət bu uçuşlardan ildə 3 milyon avro gəlir əldə etməyi planlaşdırır. Həftədə 2 dəfə uçuş yerinə yetirəcək Macarıstan şirkəti ildə 30 min sərnişin daşıyacaq. Beləliklə, AZAL aviaşirkətinin Azərbaycandakı inhisarına son qoyulur. Bundan sonra Macarıstanın "Wizzair" aviaşirkəti ilə yanaşı Türkiyənin "Pegasus" şirkəti də Azərbaycanda fəaliyyət göstərəcək. Hər iki şirkət Azərbaycan vətəndaşlarına ucuz qiymətlər təklif edirlər. "Wizzair" şirkətinin baş direktoru Yojef Varadi Bakıda keçirdiyi brifinqdə dedi ki, AZAL "Wizzair" kimi il ərzində qiymətləri stabil saxlaya bilməyəcək. Əslində bu "Wizzair" şirkətinin baş direktorunun AZAL rəhbəri Cahangir Əsgərova mesajıdır. Çünki, vaxtilə "Wizzair" şirkətini Azərbaycandan məhz Cahangir Əsgərov çıxartmışdı. İndi isə Azərbaycan prezidenti özü "Wizzair" şirkətinə Azərbaycanda fəaliyyət göstərməyə imkan yaradır.
Dördüncüsü, iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə Azərbaycan Macarıstanla birgə dərman istehsal etmək istəyir. Məsələ burasındadır ki, hazırda Azərbaycana Macarıstanda istehsal olunan 135 adda dərman idxal edilir. Demək, bunu elə Azərbaycanda da istehsal etmək olar.
Beşincisi, iki ölkə arasında kənd təssərrüfatı sahəsində əməkdaşlıq imkanları genişdir. Azərbaycan öz kənd təssərrüfatı məhsullarını Avropa bazarına çıxartmaq istəyir. Həm keyfiyyətli məhsulların yetişdirilməsi, həm də onların Avropa bazarına çatdırılmasında Macarıstan Azərbaycana zəruri məsləhətlər verə bilər".