“Azərbaycan prezidenti tərəfindən çox mərd addım atıldı” Siyasət

“Azərbaycan prezidenti tərəfindən çox mərd addım atıldı”

Qüdrət Həsənquliyev: "Dövlət başçısının Türkiyəyə səfəri çox yüksək şəkildə qiymətləndirilməlidir"

"Qanun aliliyini təmin etmədiyimiz təqdirdə heç bir halda ölkəyə ciddi investisiya qoyuluşuna nail ola bilməyəcəyik"


"Son vaxtlar dünyada baş verən proseslər, neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanda da müəyyən çətinliklər yaranıb. Hökumət bu çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən addım atır və bu təqdirəlayiqdir". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Qüdrət Həsənquliyev deyib ki, aparılan islahatlar kompleks xarakter daşımayacaqsa, gözlədiyimiz nəticələri ala bilməyəcəyik. Onun sözlərinə görə, hazırda Azərbaycanda ən problemli sahələrdən biri qanun aliliyi, ədliyyə və məhkəmə sistemləri ilə bağlı məsələrdir: "Hörmətli ədliyyə naziri Fikrət müəllim də bu iclasda iştirak edir. Mən vaxtilə də bu məsələni Milli Məclisdə qaldıran zaman o ətraflı cavab vermişdi. Ancaq yenə də mən bu məsələnin üzərinə qayıtmaq istəyirəm. Azərbaycana investisiya yatırılması üçün insanlar tam əmin olmalıdır ki, onların qoyduğu investisiya və mülkiyyətləri dövlət tərəfindən ciddi şəkildə qanunla qorunur. Amma biz nəyi müşahidə edirik? Çox zaman görürük ki, bir sıra hallarda qəbul olunan məhkəmə qərarlarına möhür vurulmamış məhkəmə icraçıları onu icra etməyə başlayırlar. Misal üçün, mən "Gündəm xəbər" qəzetinin oxucusu olmasam da, ancaq bu qəzetin baş redaktoru ilə bağlı Ali Məhkəmədə qərar qüvvəyə minən kimi icra olunmağa başlayıb. Onun barəsində qərar qəbul olunub ki, guya o vergi borclarını ödəmir. Hətta, mən həmin vergi borcunun necə hesablanmasının nə qədər ədalətli olub-olmaması məsələsini bir kənara qoyuram. Bu adam artıq həmin borcu ödəməyə başlasa da, ancaq bir-iki günə onun məhkəmə onun işinə baxacaq. Prokurorluq da 4 il iş istəyir. Mən bu barədə məlumatları mətbuatdan oxudum. Yəqin ki, baş redaktoru tutacaqlar. Ola bilsin ki, orada yazılan hər hansı yazı hansısa məmurun xoşuna gəlməyib. Amma misal üçün biz hər zaman BMT Təhlüksəzilik Şurasını ittiham edirik ki, bir sıra hallarda bu qurum qəbul etdiyi qətnamənin mürəkkəbi qurumamış onu icra edir, ancaq Azərbaycanla bağlı 4 qətnamənin icrası ilə bağlı 20 ildən çoxdur ki, heç bir addım atılmır".
Azərbaycanda məhkəmələrin fəaliyyətinə də toxunan Qüdrət Həsənquliyev qeyd edib ki, bir kasıbın, yetimin barəsində məhkəmə qətnaməsi qüvvəyə minən kimi deyilir ki, sən bunu icra etmədiyinə görə səni həbsə atacağıq: "Ancaq başqa bir halda isə heç bir tədbir görülmür. Mənim bu gün söylədiklərim yalnız bir-iki nümunədir. Bu cür nümunələr həddindən artıq çoxdur. Mən bunu ona görə söyləyirəm ki, xalqı hökumətdən və prezidentdən narazı salan ən ciddi sahələrdən biri də budur. Mən vaxtilə də ayrı-ayrı məhkəmə qərarlarının icrası ilə bağlı müraciətlər etmişəm. Ancaq çox təəssüf ki, belə problemlər hələ də qalmaqdadır. Biz qanun aliliyini təmin etmədiyimiz təqdirdə heç bir halda ölkəyə ciddi investisiya qoyuluşuna nail ola bilməyəcəyik.
Misal üçün, banklarla bağlı biz çox gözəl qərarlar qəbul etdik ki, 3 il müddətində bütün əmanətlər sığortalanacaq. Amma Azərbaycanda hamı bilir ki, filan bank müflis olub, ancaq onun müflis olması barədə müvafiq qanuni addımlar atılmır ki, əmanətçilər heç olmasa gedib Əmanətlərin Sığortalanması Fondundan öz pullarını götürə bilsinlər. İndi biz bu təminatı insanlara verə bilməsək, o zaman nə qədər qanunlar qəbul olunsa da insanlar buna əməl etməyəcəklər. Məhkəmələr bu məsələyə ədalətli yanaşmalıdır. Mən onun üçün bu məsələləri qaldırıram ki, bu sahədə mütləq islahatlar aparılsın".
Millət vəkili vurğulayıb ki, bəzi bizim vicdansız sahibkarlar imkanları ola-ola banklara olan pulları ödəmirlər: "Təsəvvür edin ki, necə mənfi tendensiya yaranıb. Vəkil həmin sahibkarlara məsləhət verir ki, gəlin siz banklara qarşı iddia ərizəsi qaldırın, ən aşağısı 3-4 il biz bu məsələni məhkəmə proseslərində uzada bilərik və həmin müddətdə sizəq arşı heç bir cərimə hesablanmayacaq. Yəni, faktiki olaraq həmin müddətdə pul ödəməyəcəksiniz. Fikrət müəllim (Ədliyyə naziri Fikrət Məmmədov - red), bu sahədə də qanunvericiliyi təkmilləşdirmək lazıdmır.
Bəzən rayon məhkəməsindən şikayət verilir, ancaq apellasiya məhkəməsi isə aidiyyatı üzrə 99 faiz qərar qəbul etmir. Geri qaytararaq deyir ki, səhv baxmısınız, gedib yenidən baxın. Apellasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verilir, Ali Məhkəmə də eyni addımı atır. Əgər burada birinci instansiya məhkəməsinin qərarı ədalətli deyilsə, heç olmasa Ali Məhkəmə ədalətli qərar verməlidir. Beləliklə insanlar illərlə məhkəmə qapılarında qalır. Ona görə də qanunvericiliyi təkmilləşdirmək lazımdır. Məhkəmə qərarları da qəbul olunanda kimliyindəna sılı olmayaraq icra olunmalıdır".
Qüdrət Həsənquliyev bütövlükdə hökumətin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib: "Ümumilikdə düşünürəm ki, Azərbaycanda həqiqətən çox ciddi işlər görülür. Xüsusilə də son vaxtlar Azərbaycan ilə İran arasında nəqliyyat dəhlizin yaradılması ilə bağlı görülən işləri qeyd etmək olar. Ümid edirik ki, bu il Bakı-Tiflis-Qars dəmiryolu layihəsi tam başa çatdırılacaq.
Yeri gəlmişkən qeyd edim ki, martın 13-də Ankarada törədilən terror aktı zamanı həyatlarını itirənləri biz bu gün səhər burada yad etdik. Bilirsiniz ki, artıq Ərdoğanın Azərbaycana səfəri ərəfəsində ikinci dəfədir ki, oxşar terror aktları törədilir. Ancaq Azərbaycan prezidenti tərəfindən çox mərd və kişiyanə addım atıldı. Bunu ancaq qardaşlar ata bilərdi. Artıq Ərdoğan Bakıya gəlmədi, bizim prezidentimiz Türkiyəyə səfər etdi. Bu da çox yüksək şəkildə qiymətləndirilməlidir.
Vaxtilə Ərdoğan hakimiyyətə gələndə Türkiyə korrupsiya içərisində çapalayırdı. Ancaq bu gün bizim Türkiyədən öyrənəcəyimiz çox şeylər var. Təhlükəsizliyin təmin olunması istiqamətində də Türkiyənin bizdən öyrənəcəyi çox şeylər var. Bu sahədə Azərbaycanın təcrübəsini öyrənə bilər. Ümid edirəm ki, bu cür qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində hökumətimiz də üzərinə düşən işləri görür. Bütövlükdə, hökumətimizin fəaliyyətini qənaətbəxş sayıram".