Təsadüfən açılan atəş... Siyasət

Təsadüfən açılan atəş...

Üzeyir Cəfərov: "Necə olur ki, əsgərin əlində "təsadüf" nəticəsində açılan istənilən atəş faciə ilə müşaiyət olunur"
Akif Hağı: "Orduya ictimai nəzərət yoxdur"

Azərbaycan-Ermənistan cəbhə xəttində yerləşən Füzuli rayonunda mina partlaması nəticəsində üç hərbi qulluqçu həyatını itirib, altı nəfər yaralanıb. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında hadisənin bazar ertəsi axşam saatlarında baş verdiyi bildirilib.
Hadisə nəticəsində yaralananlara ixtisaslı yardım göstərilməsi üçün MN Silahlı Qüvvələrinin baş cərrahı və baş reanematoloqu rayonun Əhmədbəyli kəndində yerləşən hərbi hospitala ezam olunub.
Müdafiə naziri Zakir Həsənov hadisəni yerində araşdırmaq üçün bir qrup zabit heyəti ilə Fizuliyə gedib.
Vəziyyəti ağır qiymətləndirilən iki hərbçi hərbi-sanitar helikopterlə Bakıya gətirilib və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Hadisə ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır, cinayət işi açılıb.
Onu da bildirək ki, ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunub.
Müdafiə Hazirliyinin rəhbərliyi dəyişsə də qeyri döyüşq itkiləri yenə də var və bu, narahatedici məqamdır.
Ümumiyyətlə orduda baş verən itkilərin səbəbi nədir?
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, son günlər orduda baş verən itkilərin səbəbləri müxtəlifdir: "Onların içərisində "silah əsgərin əlində açıldı" versiyası şəxsən mənə çox qəribə və bir qədər də müəmmalı gəlir. Necə olur ki, əsgərin əlində "təsadüf"nəticəsində açılan istənilən atəş faciə ilə müşaiyət olunur? Necə olur ki, bu qədər məsuliyyətsizliyə yol verilir? Bu il artıq necənci hadisədir ki, guya ehtiyatsızlıqdan baş verir? Bir də, silahla davrana bilməyən əsgərə silahı necə etibar edirlər? 25 ilə yaxın peşəkar hərbçi kimi həm həyat, həm də hərbi təcrübəm mənə deməyə əsas verir ki bu sadəcə Müdafiə Nazirliyinin özünü sığortalamaq üçün dövriyəyə buraxdığı, əslində isə elə onların ziyanına işləyən məlumatlardır. İstərdim ki, belə hadisələrin gələcəkdə baş verməməsi üçün lazım olan bütün zəruri addımlar atılsın. Hərbi xidmətə övlad yola salan hər bir valideyin əmin olsun ki, bir və ya il yarımdan sonra onun oğlu sağ-salamat evinə qayıdacaq. Belə olmazsa, gələcəkdə biz bunun acı nəticələrini görməyə məcbur olacağıq".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının qənaətinə görə, yeni nazir orduda nizamnamə münasibətlərini qaydaya salmaq üçün böyük səy göstərsə də, hələlik vacib olan tədbirləri oəyata keçirə bilmir: "Əskər ölümləri ilə bağlı cəmiyyətdə çox söhbətlər gedir. Müdafiə naziri dəyişdi, ancaq yenə də ölüm və intihar oalları qalmaqdadı. Cəbhə bölgəsində itgilərin olması təbiidir. Ermənilər gizlətsələr də Ermənistan ordusunda da ciddi itkilər var. Amma bu o demək deyil ki, bu hal Azərbaycan ordusunda da təkrarlanmalıdır. Hesab edirəm ki, çox ciddi işlər aparılmalıdır".
Orduya kənardan nəzarət olunmasının çətin olduğunu deyən QAT sədri bildirib ki, ordunun daxilində dayayanıb işləmək lazımdır: "Görünür ki, nizam-intizam zəifdir. Təhlükəsizlik qaydalarına və nizamnamə tələblərinə riayət etmirlər. Bu cür hadisələrin baş verməsi məhz bu səbəblərdən irəli gəlir. Bizim orduya ictimai nəzərət yoxdur. İctimai nəzarət cəmiyyətdə nüfuzu olan şəxslərdən, deputatlardan və Qarabağ döyüşlərində iştirak etmiş hərbçilərdən ibarət olmalıdır. Onların orduda işləməsi üçün şərait yaradılmalıdır. Bu iki istiqamətdə iş aparılarsa ciddi nəticəyə nail olmaq olar".
Onu da bildirək ki, dəfələrlə gündəmə gələn məsələlərdən biri müqaviləli ordu sistemindən də ölkədə istifadə olunmasıdır. Xatırladaq ki, NATO-da, elə Rusiyanın özündə müqaviləli ordudan geniş istifadə olunur. Azərbaycanda müqaviləli ordu sisteminə keçidin sürətləndirilməsi məqbul sayılır.
Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan hərbisinin müqaviləli ordu sisteminə keçidini sürətləndirmək lazımdır: "Hesab edirəm ki, müqaviləli ordu sisteminə keçid asan bir məsələdir. Sadəcə olaraq, prosesin həyata keçirilməsinə bir istək olmalıdır. O istəyin olduğu təqdirdə qısa bir müddətdə Azərbaycan ordusunu müqaviləli sistemə keçirmək olar. Belə bir addımın atılması ordunun keyfiyyət göstəricilərinin daha da yüksəlməsinə imkan verəcək. Peşəkar ordu sisteminə keçid orduda bəzən rastlaşdığımız neqativ halların qarşısını almaq baxımından da əhəmiyyətlidir. Ordu faktiki olaraq peşəkarlardan formalaşdıqda onun səviyyəsi maddi və mənəvi baxımdan da xeyli dərəcədə artacaq. Ona görə də, prosesi qanunvericilik aktlarının qəbulu ilə tezləşdirmək lazımdır. Bunun baş verməsi üçün güc strukturlarının daha ciddi maraq göstərmələri də vacibdir. Amma bu sahədə çalışan bəzi şəxslər sözügedən istiqamətdə nədənsə təşəbbüslə çıxış etmirlər. Əslində, bu istiqamətdə təşəbbüs ilk öncə onların özlərindən gəlməlidir. İstəsək də, istəməsək də, nə vaxtsa Azərbaycan ordusunu müqaviləli sistemə keçirməli olacağıq. Çünki 3 min çağırışçını həqiqi hərbi xidmətə çağırmaqdansa, bu işi min nəfər peşəkara həvalə etməklə, keyfiyyət və kəmiyyət baxımından xeyli dərəcədə irəliləyə bilərik".
Ekspert Azad İsazadə də qeyd edib ki, peşəkar ordu sisteminə keçidin sürətləndirilməsi vacibdir: "Bilirik ki, müqaviləli ordu daha yüksək döyüş qabiliyyətli ordu sayılır. Çünki burada olanlar 1 il, il yarım deyil, daha çox müddətə xidmət edirlər. Hansı ki, peşəkarların həyat təcrübəsi digərlərinə nisbətən daha çox olur. Peşəkarlar döyüş zamanı da daha yaxşı uğurlara imza ata bilirlər. Müqaviləli orduya keçidi sürətləndirməklə bu sahədə mövcud olan bir sıra problemlərin də qısa zamanda həllinə nail olacağıq. Müqaviləli ordu sistemində Silahlı Qüvvələr daha yaxşı inkişaf tempinə çatacaq. Müqaviləli ordu sistemi qoşunların sayının azalması, amma bunun müqabilində keyfiyyətin yüksəlməsinə gətirib çıxaracaq. İkinci bir tərəfdən, ordumuzun döyüş qabiliyyəti qalxacaq. Bu fonda arxa cəbhədə çağırışçılar arasında hərbi hazırlıq da keçirilməlidir. Peşəkar orduya keçidi sürətləndirmək üçün struktur dəyişiklikləri baş verməlidir. Praktiki olaraq hazırda Azərbaycan ordusunun 90 faizi çağırışçılardan ibarət olduğundan bütün qanun və sənədlər də bunun üzərində qurulub. Deməli, müqaviləli orduya keçid zamanı ilk növbədə qanun və sənədləşdirmə prosesi dəyişdirilməlidir. Müqavilə ilə hərbi qulluğa götürməyin bəzi vəzifələri var. Amma bu vəzifə siyahısı genişlənməlidir. Əmək haqqı, maliyyə kimi məsələlər həll olunmalıdır. Həmçinin, müqavilə əsasında qulluq edənlərin sosial təminatı, yaşayış məsələsi də həllini tapmalıdır. Eyni zamanda 5-10 il ərzində müqavilə ilə qulluq edən insana və onun ailəsinə daha yaxşı yaşayış şəraiti yaradılmalıdır".

Əli