“Ölkəmiz Əfqanıstan kampaniyasında beş parametr üzrə iştirak edir” Siyasət

“Ölkəmiz Əfqanıstan kampaniyasında beş parametr üzrə iştirak edir”

Mübariz Əhmədoğlu: "Ermənistan isə cəmi bir parametr üzrə işləyir"

"Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti Azərbaycan Prezidentinin ABŞ-dakı görüşləri üçün şərait yaradan vasitə kimi xarakterizə oluna bilər. Azərbaycan prezidenti çoxdandır ki ABŞ-a səfər etmirdi. Bu səfər çərçivəsində mövcud olan problemlərin demək olar ki, hamısının həlli istiqamətində uğur əldə olundu". Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, sözügedən səfər ABŞ-ın Azərbaycana olan marağını ortaya qoydu: "ABŞ Azərbaycan Prezidentinin beynəlxalq nüvə sammitinə dəvət olunduğu andan ölkəmizə qarşı tamam fərqli siyasət yürütməyə başladı. ABŞ Azərbaycana nümayəndə heyətini göndərdi, ölkəmizin daxili işlərinə qarışmadı, Dağlıq Qarabağ məsələsi ilə bağlı daha aydın mövqe ortaya qoymağa başladı. Hətta ABŞ-ın Azərbaycandakı səfiri işğal olunmuş ərazilər terminini işlətdi".
Azərbaycan Prezidenti ABŞ-da mühüm görüşlər keçirdiyini dilə gətirən politoloq söyləyib ki, iki ölkə arasında formalaşan isti münasibətlər uzun müddət davam edəcək: "Azərbaycan Prezidenti ABŞ-da dövlət katibi Con Kerri ilə yanaşı, bir qrup əhəmiyyətli görüşlər keçirdi və görüşlər zamanı Azərbaycanın rolu müzakirə olundu. ABŞ rəsmiləri Azərbaycanın rolunu dərk etdikcə, Dağlıq Qarabağ məsələsində ölkəmizə dəstək verməyə başladılar. Ən nəhayət ölkə başçısı ABŞ-ın vitse-prezdenti Co Baydenlə görüşdü. Sirr deyil ki, Co Baydenin dünya, eləcə də Amerika siyasətində apardığı rol əvvəlki vitse-prezidentlərdən daha fərqlidir Dünyanın ayrı-ayrı istiqamətlərində bir çox məsələlər məhz onun kurasiyasındadır. Co Bayden Azərbaycan Prezidenti ilə görüşdə bildirdi ki, ABŞ ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyini qətiyyətlə dəstəkləyir. Bu zamana qədər ABŞ-Azərbaycan arasında soyuq münasibətlər çox olub. Lakin ədalət naminə demək lazımdır ki, Azərbaycan heç zaman ABŞ-la münasibətləri soyutmağa cəhd etməyib. ABŞ müəyyən qüvvələrin, eləcə də erməni lobbisinin təsiri altında zaman-zaman ölkəmizlə münasibətlərini soyudub.
Lakin bu səfər Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə olduğunu göstərir. Baş verənlər deməyə əsas verir ki, ABŞ-Azərbaycan münasibətləri normal, hətta mən deyərdim isti axına qədəm qoydu. Bu formalaşan yeni münasibətlər sistemi uzun müddət davam edəcək".
Azərbaycanın antiterror əməliyyatlarında hər zaman ABŞ-ın yanında olduğunu dilə gətirən M. Əhmədoğlu söyləyib ki, ölkəmiz Əfqanıstan kampaniyasında beş parametr üzrə iştirak edir: "Ermənistan isə cəmi bir parametr üzrə işləyir. Lakin erməni lobbisi onların bir parametr üzrə iştirakını bizimkindən daha üstün təqdim edirdi. Artıq ABŞ-da başa düşdülər ki, ermənilər yalan danışır və onların bir dövlət olaraq mövcudluğunun əsas funksiyası Azərbaycana və Türkiyəyə qarşı mübarizə aparmaq, bu ölkələri ləkələməkdən ibarətdir. Ermənistan dövlətçiliyini möhkəmləndirən, xalqının vəziyyətini yaxşılaşdıran və sosial-iqtisadi uğurlar əldə edən ölkə deyil. Onun həyatı məqsədi Azərbaycanı və Türkiyəni pisləməkdən ibarətdir. Bu baxımdan Prezident İlham Əliyevin səfəri amerikalıların gözünü açdı. Düşünürəm ki, bundan sonra Əfqanıstan kampaniyasında oynadığımız rol ABŞ-da düzgün qiymətləndiriləcək. Hazırda Azərbaycan bu kampaniyadan da üstün işlə məşğuldur. Avropanın enerji təhlükəsizliyinin ən vacib rıçaklarından biri Azərbaycanın əlindədir. Lakin ölkəmiz bundan heç zaman siyasi məqsədlər üçün istifadə etməyib".
"Azərbaycan Prezidentinin ABŞ-a səfərinin praktiki əhəmiyyətindən biri Havay ştatının qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaqla bağlı qəbul etdiyi qətnamədən imtina etməsidir. Artıq mətbuatda onların Azərbaycandan üzr istədikləri ilə bağlı yazılar yazılıb. Bildirilib ki, qətnamə prosedur qaydalarından keçmədən qəbul olunub. Əgər sənəd belə qəbul olunubsa, bu o deməkdir ki onlar qətnaməni ləğv edəcəklər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin bu səfəri bütün parametrlər üzrə tarixi səfərdir və bundan sonra erməni lobbisinin ABŞ-da fəaliyyəti üçün çox ciddi maneə yarandı"- deyə, politoloq əlavə edib.