“Dağlıq Qarabağın gələcək taleyində...” Siyasət

“Dağlıq Qarabağın gələcək taleyində...”

Səfir Vilayət Quliyev:" 3-4 günlük, şərti olaraq müharibə adlandırılacaq bu əməliyyatların çox böyük rolu olacaq"

"Dağlıq Qarabağ məsələsi kifayət qədər mürəkkəb məsələdir, amma əlbəttə, Azərbaycan ordusunun son qətiyyətli addımları həm keçmiş xarici işlər naziri, həm səfir, həm də bir vətəndaş kimi mənim də ürəyimdəndir. Biz uzun illər onları səbrlə, təkidlə sülhə, danışıqlar yolu ilə işğal etdikləri əraziləri azad etməyə, beynəlxalq birliyin iradəsinə hörmət etməyə çağırmışıq".
Bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib. O bildirib ki, Azərbaycanın sülhpərvər mövqeyi ermənilərdə tamamilə əks effekt yaradıb, onlar özlərini cəzasızlıq mühitində hiss ediblər və bunun da nəticəsində son aylar intensiv şəkildə atəşkəsi pozublar, dinc əhaliyə qarşı aktlar həyata keçiriblər: "İşğal edilməmiş ərazilərimiz mütəmadi atəşə məruz qalırdı. Nəticədə dinc sakinlər öldürülür, evlər dağıdılırdı. Azərbaycan tərəfi bununla bağlı addımlar atmalı idi və Azərbaycan ordusu ciddi addımlar atdı, özünün nəyə qadir olduğunu göstərdi. 20 ildən artıq müddətə dünyanın guya az qala ən güclü istehkam xətlərindən sayılan xətti bir neçə günün içində dağıdıldı və strateji yüksəkliklər azad olundu, hesab edirəm ki, bu, bizim xalqımızda ölkə rəhbərliyinə və orduya inamı artırdı. Həm də insanların ürəyindəki vətənpərvərlik, millət sevgisi ortaya çıxdı".
V. Quliyevin sözlərinə görə, Dağlıq Qarabağın gələcək taleyində 3-4 günlük, şərti olaraq müharibə adlandırılacaq bu əməliyyatların çox böyük rolu olacaq.