“Ermənilər özlərini aldatmamalıdırlar” Siyasət

“Ermənilər özlərini aldatmamalıdırlar”

XİH: "Ermənistan rəsmiləri öz mənafeləri naminə "bu günlük yola vermək siyasəti"ni yürüdür"
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib ki, Azərbaycanın ictimai diplomatiya sahəsində ciddi problemləri var.
Onun fikrincə, Azərbaycanın xaricdə tanıdılması, təbliği istiqamətində gənclər ictimai diplomatiyanın aparılmasında fəal olmalıdırlar: "İctimai diplomatiyanın fəal şəkildə həyata keçirilməsi üçün gənclər öz sözünü deməlidirlər. Onlar internetin, virtual məkanın yaratdığı fürsətlərdən istifadə etməlidirlər".
E.Abdullayev qeyd edib ki, Azərbaycan 90-cı illərin əvvəllərində müstəqillik qazananda dünyada o qədər də tanınmırdı. Hətta Azərbaycanı Afrika ölkələri ilə səhv salırdılar. Ancaq 1993-cü ildən sonra aparılan siyasət nəticəsində, xüsusilə xarici siyasətdə çox böyük uğurlara nail olunub: "Bu gün artıq dünyada Azərbaycanla hesablaşırlar. Azərbaycana hörmət olunur. Bölgədə Azərbaycanın icazəsi olmadan heç bir layihə həyata keçirilmir. Biz - hər birimiz Azərbaycanın daha da güclənməsi, onun dünyada tanıdılması üçün həm daxildə, həm də xaricdə azərbaycanlılar arasında birliyə nail olmalıyıq".
Dağlıq Qarabağ məsələsindən də danışan Elman Abdullayevin sözlərinə görə, ermənilər özlərini aldatmamalı və bilməlidirlər ki, Dağlıq Qarabağın Azərbaycansız gələcəyi yoxdur.
Onun sözlərinə görə, bu gün Ermənistanın Azərbaycanla danışıqlarda konkretsizlik nümayiş etdirməsi Dağlıq Qarabağ probleminin həllində problem yaradır: "Bu gün problem Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası deyil. Problem Ermənistanın danışıqlarda lazım olan istiqamətdən qaçmasıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının gec-tez baş verəcəyini Ermənistan rəhbərliyi özü də yaxşı bilir. Onlar bilirlər ki, bu, bir gün mütləq olacaq. Sadəcə, Ermənistan rəsmiləri hazırda öz mənafeləri naminə "bu günlük yola vermək siyasəti"ni yürüdür. Bizim də məqsədimiz odur ki, beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraq ki, Ermənistan bu gün konkretlikdən qaçır".
E.Abdullayev qeyd edib ki, Ermənistanın ümumiyyətlə, münaqişənin həlli prosesində çaşqınlığı var. Hətta Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaması da ondan irəli gəlir ki, onu hansı hüdudlar çərçivəsində tanıyacağını bilmir: "Ermənistanın mövqeləri həm hüquqi, həm siyasi, həm də regiondakı liderliyi baxımından çox əsassız və zəifdir. Elə ona görə də Ermənistan danışıqlar prosesində ləngər vurur. Ermənistanın bu mövqesizliyi onu olduqca çətin vəziyyətə qoyur. Bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də yaxşı dərk edir".