Qəsdən və ya saxta müflisləşmə ilə bağlı cəzalar sərtləşdirilir Siyasət

Qəsdən və ya saxta müflisləşmə ilə bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda qəsdən və saxta müflisləşmə ilə bağlı cəzalar sərtləşdirilir, yeni cəza sanksiyaları tətbiq edilir.
Bununla bağlı Cinayət Məcəlləsinin 211-ci (Qəsdən müflisləşmə) və 212-ci (Saxta müflisləşmə) maddələrinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. 211-ci maddəyə nəzərdə tutulan əlavə və dəyişikliyə əsasən, qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə, 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda isə bu cəza 2 ilədək islah işlərinə cəlb etmədir.
Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda isə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə, 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda isə bu cəza 2 ilədək həbsdir.
Məcəllənin 212-ci maddəsinə nəzərdə tutulan əlavə və dəyişikliyə görə, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinə qədər cərimə, və ya 1 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda isə bu cəza iki min manatdan dörd min manatadək miqdarda cərimədir.
Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda, cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda isə bu cəza iki ilədək həbsdir.
Layihə Milli Məclisin plenar iclasına artıq tövsiyə olunub və növbəti plenar iclasda müzakirəyə çıxarılacaq.