“Ermənistan cürət edə bilməz” Siyasət

“Ermənistan cürət edə bilməz”

Azərbaycan Ermənistanın Dağlıq Qarabağdakı qondarma rejimin tanınması ilə bağlı ortaya atdığı fikri təxribat kimi dəyərləndirir.
Bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.
O, hesab edir ki, Ermənistan belə bir addımı atmağa cürət etməz. YAP rəsmisi bildirib ki, bu addımın atılması Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün özünün məqbul bildiyi bütün hərəkətləri etməsini səbəbləndirmiş olar: "Bütün hallarda bunu təxribat hesab edirəm. Güman edirəm ki, istər beynəlxalq, istərsə də regional güclər Ermənistanı bu addımından yan keçməsinə təsir edə bilib. Bildiyiniz kimi, Rusiyanın xarici işlər naziri belə bir qərarın qəbul olunmasının bütövlükdə problemin həll edilməsi kontekstində çətinliklər yaradacağı ilə bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlığın da təsiri olub. Digər tərəfdən ABŞ-ın, beynəlxalq ictimaiyyətin burada əhəmiyyətli rolu var".
Əli Əhmədov bildirib ki, bundan sonra da ermənilərin təxribatlara əl atacağı gözlənilir: "Azərbaycan haqq işindən əl çəkməyəcək. Münaqişənin nizama salınması üçün danışıqlar prosesinə üstünlüyün verilməsi heç bir halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi niyyətinin alternativi kimi qəbul oluna bilməz. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, torpaqların azad edilməsi niyətinin alternativi yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə predmeti ola bilməz".
Əli Əhmədov, həmçinin qeyd edib ki, Azərbaycan xalqı, ordusu torpaqların işğaldan azad edilməsi iradəsini ortaya qoyub: "Bu, həmişə belə olacaq. Əgər Ermənistan tərəfi yenə də təxribata əl atacaqsa, bunun bir cavabı olacaq".