“Münaqişələrin episentrində Rusiya dayanır” Siyasət

“Münaqişələrin episentrində Rusiya dayanır”

"Bu gün dünyanın bir nömrəli problemi insan amili ilə, yəni humanitar məsələlərlə bağlıdır. Dünyanın bir qütbündə yüksək rifah halında yaşayan insanlar varsa, başqa bir qütbündə su tapmayan və qidası yalnız palçıqdan ibarət olan insanlar var. Bu həm də humanitar yöndə olan bərabərsizlik siyasətinin, inhisarçı və müstəmləkəçilik siyasətinin bilavasitə nəticəsidir. Bu problemlər var olduqca, dünyada münaqişələrin olmaması üçün edilən cəhdlər boşunadır. Bu mənada İstanbulda keçirilən sammitlər kimi toplantıların keçirilməsinə böyük ehtiyac var. Belə bir forumun Türkiyədə keçirilməsinin özü isə çox təqdirəlayiqdir".
Bunu İstanbulda keçirilən Birinci Dünya Humanitar Sammitini şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri bildirib. Natiq Miri qeyd edib ki, bu gün, bəlkə də, dünyaya insanlıq dərsi verən yeganə ölkə Türkiyədir: "Ən azı ortada bir Suriya praktikası var. Suriyada Əsəd zülmündən qaçan 3 milyona yaxın insan bu gün məhz Türkiyəyə sığınıb. Yəni, bu gün Dünya Humanitar Sammitinin Türkiyədə keçirilməsi qətiyyən təsadüfi deyil. Almaniyanın federal kansleri Angela Merkelin də qeyd etdiyi kimi, Türkiyə sözdən çox, əmələ fikir verir". Sammitdə Azərbaycan Prezidentinin iştirak etməsinə münasibət bildirən N.Miri qeyd edib ki, Azərbaycan həm də dünyanın bir parçasıdır. Onun sözlərinə görə, başqa tərəfdən Azərbaycanın özünün müəyyən humanitar problemi var: "Azərbaycanın bir milyona yaxın əhalisi öz doğma yurd-yuvalarından qaçqın düşüb. 24 ildən artıqdır ki, Azərbaycan bu zülmü çəkməkdədir. Buna baxmayaraq 24 ildir ki, bu problem öz həllini tapmır və bütün dünya bununla barışır. Ən böyük zülm və ədalətsizlik budur. Ona görə də Azərbaycan Prezidentinin bu Humanitar Sammitdə iştirakı bilavasitə vacibdir. Çünki bu humanitar faciəni yaşayan bir ölkənin dövlət başçısı kimi məhz həmin forumda deyəcəyi sözləri var. Ayrıca olaraq bilirsiniz ki, Qarabağın müəyyən su ehtiyatlarından insanlar məhrum olmuş durumdadır. Bunun özü də humanitar faciədir. Söhbət Sərsəng su anbarından gedir. Bununla bağlı AŞ PA-nın qətnaməsi var. Azərbaycan öz torpaqları daxilində bu humanitar faciəni yaşayan ölkədir. Ona görə də düşünürəm ki, Azərbaycan Prezidenti sammitdə çox ciddi çıxış edəcək və növbəti dəfə bütün dünyaya bu yöndə müəyyən dərs veriləcək". Rusiya prezidentinin və xarici işlər nazirinin sammitdə iştirakdan imtina etməsinə toxunan siyasi şərhçi qeyd edib ki, Rusiyanın sammitdə iştirak etməməsini "saymamazlıqla yanaşdıq" şəklində anlamaq lazım deyil: "Rusiya rəhbərliyi bilir ki, bu sammitdə ən çox tənqid olunan ölkələrdən biri onların təmsil etdiyi ölkə olacaq. Çünki bu gün dünyanın harasında münaqişə varsa, onun episentrində məhz Rusiya dayanır. Bu, Dağlıq Qarabağda, Ukraynada, Suriyada da belədir. Rusiya anlayır ki, dünya dövlətləri, xüsusilə də, dünya gücləri tərəfindən çox ciddi ittihamla qarşılaşacaqlar. Ona görə də xarici işlər naziri və prezident səviyyəsində iştirak etmirlər. Bundan əlavə, həm də Rusiyanın Türkiyə ilə də problemləri var. Bu baxımdan hakimiyyət kiçik ranqlı məmurlardan ibarət nümayəndə heyəti göndərməklə sadəcə protokol qaydasını yerinə yetirib".